Hazırda Ermənistan cəmiyyətindəki ab-hava onu göstərir ki, ölkə heç bir halda Azərbaycan ilə sülh müqaviləsi bağlamağa hazır deyil. Müqavilənin Ermənistanın Qarabağ üzərindəki hüquqlarını tamamilə itirəcəyini bəyan edən isterik durum yaradanlar həddən artıq çoxdur və onların ictimai rəyi kifayət qədər manipulyasiya etdikləri və dövlət siyasətinə təsir göstərdikləri aşkardır.
Ancaq baş nazir Nikol Paşinyanın komandasının özü də hadisə və proseslərə pozitiv münasibət göstərmirlər. Yəni, erməni hakimiyyəti ən azı müxalifət qədər problemlidir və bunlar özünü yanaşmalarda göstərir. Yanaşmaların isə psixoz mahiyyətini bir neçə misalla əsaslandıracağıq.
Mövzu Azərbaycan və Ermənistan liderlərinin Münxendə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken ilə görüşü əsnasında aktualdır. Çünki erməni psixozu istənilən səviyyəli görüşlərdə əldə edilmiş pozitiv nəticələri bir andaca heçə çevirmək “potensialındadır”.
Birbaşa mövzuya keçməzdən öncə bildirək ki, hazırda Ermənistanda həm hakimiyyət, həm də iqtidar aşağı-yuxarı eyni “düşüncənin” sahibidir. Söhbət sülh gündəliyindən gedirsə, tərəflərdən birincisi nələrisə əsaslandırmaqla, manipulyasiya edir, ikincisi isə sadəcə inkar yolu tutur. Hər iki qütb özü üçün saxta reallıq qurub onun ətrafında gəzişməklə, sanki, varlıq sürdürürmüş kimi davranmaq yolu tutur. Əlbəttə, paşinyançıların işi daha çətindir. Onların hədəfi Azərbaycandırsa, müxalifətin hədəfi həm Azərbaycandır, həm də Paşinyan iqtidarı.
Mövzumuza gəldikdə, deyək ki, Ermənistan müxalifəti üçün hər şey asandır. Məsələn, bu ərəfədə onlar Ermənistanın Türkiyəyə humanitar yardım göstərməsini və hər iki ölkə sərhədinin humanitar yüklər, daha doğrusu Türkiyədəki zəlzələdən zərər görmüş insanlara yardım üçün açılmasını dəyərləndirərkən baş naziri hədəfə alırlar. Bildirirlər ki, Paşinyan humanitar Türkiyə-Ermənistan sərhədini, Ani körpüsündən keçid seqmentini Zəngəzur dəhlizi, daha dəqiq desək, Naxçıvana yol üçün presedentə çevirmək məqsədi ilə qabardır. Beləcə o, Azərbaycanın istəklərini yerinə yetirməkdə qınanır. Faktiki olaraq, müxalifət Azərbaycanla Türkiyəni eyni ampulada görür. Bu, həm də o deməkdir ki, iqtidardan da eyni yanaşma gözlənilir. Yəni, həm Azərbaycana, həm də Türkiyəyə qarşı barışmazlıq.
Diqqət yetiriləsi digər məqam isə dediyimiz kimi, Ermənistan cəmiyyətində bir qayda olaraq, Azərbaycana münasibətdə barışmaz mövqe tutanların səslərinin daha gur gəlməsidir. Belələri iqtidarı ölkənin milli maraq və mənafelərini satmaqda günahlandırırlar. Gəldikləri qənaət budur ki, Bakı ilə sülh müqaviləsi bağlamaq satqınlıqdır. Olmazsa, olmaz demək. Prinsipcə, Paşinyan hakimiyyəti də bu sayaq baxışları rəhbər tutub düşünür ki, sülh danışıqlarını uzatmaq lazımdır və uzadır. Maraqlıdır ki, erməni cəmiyyətinin hazırkı narazı qütbü Paşinyanın sülh danışıqları imitasiyasına da fərqli görkəm verir.
Məsələn, erməni cəmiyyətində belə bir fikir də var ki, Nikol Paşinyanın sülh müqaviləsindən boyun qaçırmaqla, imitasiya yolu tutması ölkəni Azərbaycan ilə yeni müharibəyə çəkmək istəyidir. Onlar bildirirlər ki, müharibə olarsa, Azərbaycan bu dəfə erməni ordusunu daha pis əzəcək və artıq hərbi əməliyyatlar Ermənistan ərazisində gedəcək, beləliklə ölkə varlığını dayandıracaq. Ən əsası isə bu işğal Rusiyanı bölgədən tamamilə uzaqlaşdıracaqdır.
Əlbəttə, Ermənistan cəmiyyətində çoxsaylı absurd ideyalar var. Münxen konfransı, Azərbaycan və Ermənistan liderlərinin görüşü əsnasında bu sayaq baxışlar daha çox gündəmdədir. Həm də ona görə ki, bir qayda olaraq Münxen konfransı kimi beynəlxalq tribunalarda Prezident İlham Əliyevin səriştəsi nəticəsində Azərbaycanın mövqeyi daha da güclənir. Buna qarşılıq ortaya qoyulan ancaq kortəbii barışmazlıqdır. Nəticə etibarilə dünyada sülh gündəliyi ilə bağlı yaranmış nikbinlik tonu sıradan çıxır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

