Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı, yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm də digər xarici ölkələrə məxsusdur.
Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmalarına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən "Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi İnstitute, "Teghout" və digər şirkətlər, o cümlədən, Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin İctimaiyyətlə Əlaqələr Departamentinin BQXK-nın Laçın yolu boyu həyata keçirdiyi əməliyyatlara dair məlumat yayıb. Açıqlamada bildirilib ki, BQXK keçən ilin dekabr ayından etibarən Qarabağda yaşayan, tibbi müdaxiləyə ehtiyacı olan 99 erməni xəstəni təxliyə edib, xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırıb.
Qeyd edilib ki, BQXK bu dövr ərzində Laçın yolunda aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq neytral humanitar vasitəçi kimi əməliyyatlar həyata keçirir: “Biz bütün logistik məsələləri onlarla müzakirə edir, nəqliyyat vasitələrimizdə kimi və nəyi daşıdığımız barədə onlara məlumat verir, əməliyyatın həyata keçirilməsini razılaşdırırıq. BQXK bu neytral mövqeyə əməl etməsəydi və ona sadiq qalmasaydı, bu əməliyyatları həyata keçirmək mümkün olmazdı. Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir". Bu açqlama bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün Laçın yolunda heç bir məhdudiyyət yoxdur.
Xarici media aksiya həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda davam edir. Bildirilir ki, sülhməramlılara məxsus nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etmələri aksiyanın məramını bir daha açıq-aşkar göstərir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər. Ekoetirazçılar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirirlər ki, tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, Laçın–Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Həmişə olduğu kimi, ekoaksiyanın 70-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən maneəsiz hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşıdır. Gün ərzində 80-ə yaxın avtomobil aksiya ərazisindən sərbəst keçib.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

