Azərbaycanın Zəfərinə heç kəs kölgə sala bilməyəcək

post-img

Onu da bildirməliyəm ki, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki, birincisi, bu, sizə kömək etməyəcək, ikincisi, ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya ya­rada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

 

 

Son günlər yenə də Ermənistandan cəfəng və tamamilə qəbuledilməz bəyanatlar gəlməkdədir. Məsələn, işğalçı ölkənin baş naziri Nikol Paşinyan hökumətin toplantısında deyib ki, biz Azərbaycanla imzalanacaq sülh müqaviləsinin layihəsi üzrə apardığımız müzakirələrin növbəti mərhələsini də başa çatdırdıq. Guya, İrəvan bu müqavilənin imzalanmasına tam hazırdır. 

Ancaq göz qabağında olan məsələdir ki, Ermənistan rəhbərliyi belə bir müqavilənin imzalanmasına hazır deyil. Onlar, sadəcə olaraq, sözkəsənlik məqsədilə müqavilə layihəsi hazırlayıblar və həmin sənədin imzalanmasını əngəlləmək üçün uğurlu saydıqları bir fitnəkarlıqdan istifadə edirlər. Belə ki, həmin layihəni Azərbaycanla yana­şı, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinə də göndərdiklərini bəyan edirlər. Bu isə birmənalı ola­raq, müsbət nəticənin qarşısına kö­tük diyirlətməkdir. 

Əvvəla, onların hazırladıqla­rı müqavilə layihəsinin obyektiv və ədalətli olacağına zərrə qədər də ümid yoxdur. Hərgah həmin sənəddə obyektivliyə əsaslanan əlamətlər olsa belə, Minsk qru­punu da ortaya atdıqlarına görə Azərbaycan həmin müqaviləyə qətiyyən müsbət rəy verməyəcək. Çünki məhz Minsk qrupunun ri­yakarlığı, ikiüzlüyü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi otuz il talan olunub, milli, tarixi və təbii sərvətlərimiz qarət edilib, işğal altındakı bütün ərazilərdə yaşa­yış məntəqələrimiz viranəyə çev­rilib. Həmin Minsk qrupu xortlayıb dikəlsə belə, rəsmi Bakı ona necə inana, etimad göstərə bilər? Bu, əsla mümkün deyil. Məhz həmin həqiqəti yaxşı bildiklərinə görə, “Biz sülhə razıyıq. Ancaq Minsk qrupu­nun iştirakı ilə” – deyərək, dünya­nın gözünə kül üfürməyə çalışırlar. 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu il yanvarın 10-da yer­li televiziya kanallarına müsahibə verərkən demişdir ki, erməni tərəfi sülh prosesini pozur. Dövlət baş­çımızın fikrincə, sülhə nail olmaq məsələsinə hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Yəni, xaricdəki diaspor təmsilçilərinin göstərişi və ya başqa paytaxtlardan gələn əmr və tapşırıq­lar ölkə rəhbərliyinin qətiyyətini poz­mamalıdır: “Hər ölkənin, hər bir lide­rin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir. Ölkə rəhbərliyi bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir. Bəs bu gündəlik haradadır? Müharibədən sonra iki il ərzində nə gördük? Ermənistan görməli olduğu işlərin heç birini görməyib”. 

Hamının gözü qarşısındadır. Nikol Paşinyan 2020-ci ilin no­yabrından bəri, sadəcə olaraq, xarici dövlətlərin başçıları ilə hər bir görüşdə xəbərçilik etməklə məşğuldur. Azərbaycan Preziden­tinin fikrincə, sülh müqaviləsi əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Ermənistan isə məsələni aylarla uzatmağa çalışıb və indi də heç kəsin qəbul etməyəcəyi absurd bir təkliflə çıxış edirlər. 

Ekspertlərin fikrincə, Ermənistan rəhbərliyi Praqada qeydə alın­mış, sonra Soçidə təsdiq edilmiş məsələləri əsas götürməlidir. Çünki SSRİ-nin çökməsindən sonra ya­ranmış dövlətlərin ərazi bütövlü­yü və suverenliyi məhz Alma-Ata Bəyannaməsində göstərilmişdir və Ermənistan da həmin sənədi imza­layıb. Həmin sənəd açıq-aydın onu göstərir ki, bütün tərəflər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi ta­nıyırlar. 

Əslində, Azərbaycan rəhbər-liyində də, Cənubi Qafqazda sülhün bərpa olunmasına maraq göstərən siyasi dairələrdə də belə bir inam var idi ki, 2022-ci ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Ancaq fakt göz qabağındadır. Ermənistan özünü haradansa, kimdənsə xəbər gözləyirmiş kimi aparır.Ola bilsin ki, hansısa geosiyasi dəyişiklikləri, yaxud kiminsə ona vəd etdi­yi nələrisə gözləyir. Ekspertlərin fikrincə, İrəvana kimsə, nəyisə vəd edib. Kim nə vəd edirsə-etsin, Ermənistan nə etmək istəyirsə-istəsin. Azərbaycanın öz məqsəd və məramları var və nəyin bahasına olursa-olsun, Prezident İlham Əliyev bütün layihələrini sonadək icra edir. 

Dövlət başçımız Ermənistan rəhbərliyinin şıltaqlıqlarına cavab olaraq demişdir: “Sülh istəmirlər,– heç lazım da deyil. Delimitasiya­nı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyi­miz yerdən keçəcək. Lakin mən ar­tıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir”. 

Yəni, Ermənistan rəhbərliyi han­sısa himayədarının məsləhəti ilə sülh müqaviləsini və ya sərhədlərin deli­mitasiya məsələsini düyünə salırsa, bu vəziyyətdə ən çox uduzan İrəvan olacaq. Çünki bu məsələlər bizdən çox onları maraqlandırmalıdır. Ar­tıq hamıya aydındır ki, Azərbaycan uzun müddət belə yaşaya bilər, sülh müqaviləsi olmasa belə. Heç lazım da deyil. Amma sonra nə olacaq? Dövlət başçımız xəbərdarlıq edir ki, sonrasına baxarıq. 

Fikrimizcə, Ermənistanın bu məsələlərin həllini aydan-aya, ildən-ilə uzatmasının əsas məqsədi Azərbaycanın şanlı Qələbəsinin üstünə kölgə salmaqdır. Demək istəyirlər ki, Qələbə varsa, sülh müqaviləsi də imzalanmalıdır. Sülh müqaviləsi yoxdursa, Qələbə də yoxdur. Bununla da vaxt qazanaraq revanş iddiasına düşmək istəyirlər. Bu yekəxanalıq isə Ermənistana baha başa gələcək. 

Ali Baş Komandanımız İlham Əliyev ötən il – bilavasitə Silah­lı Qüvvələr Günü Kəlbəcərdəki hərbçilərimizlə görüşərkən, Ermənistan rəhbərliyinə açıq və konkret ismarıc göndərmişdi: “Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında du­ruş gətirə bilməzlər... Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.

 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət