Məşqçilərə sertifikat verilib

post-img

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub. Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatlarını təqdim ediblər.

Federasiyanın mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, ACF-in vitse-prezidenti Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə Milli Olimpiya Komitəsinə, BCF-in Akademiyasına və “Judo Club 2012”-yə təşəkkür plaketi təqdim olunub.


Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.


Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.


“Murov” liderliyi davam etdirir


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və “Xarıbülbül” komandaları arasında olub. Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, ilk qarşılaşmada qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib – 3:0 (25:22, 25:20, 25:18).


Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub – 3:0.


Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman