“Qaranlıq enerji” müəmması

post-img

“Qaranlıq enerji”nin kainatın genişlənməsinin hərəkətverici qüvvəsi olması fikri ilk dəfə 1990-cı illərin sonunda irəli sürülmüşdü. Lakin alimlər bu fikri təsdiqləyən mənbə göstərə bilməmişdilər. 

Bu yaxınlarda nəşr olunan iki məqalə qara dəliklərin kosmo­sun genişlənməsinə səbəb olan “qaranlıq enerji” mənbəyi ola biləcəyini iddia edir, lakin bir çox astronomlar bununla razılaş­mırlar.

Mütəxəssislərin fikrincə, “qaranlıq enerji”ni qaranlıq maddə ilə qarışdırmaq olmaz. Belə ki, bu, kainatımızın genişlənməsinə səbəb olan görünməz qüvvəyə verilən addır. Digər tərəfdən, qa­ranlıq maddənin qalaktikaların içərisində kütlə kimi hərəkət etdiyi düşünülür. Hər iki qüvvə görünməzdir və hələlik naməlumdur. Ancaq bu, tezliklə dəyişə bilər.

Sözügedən məqalələr “The Astrophysical Journal” və “The Astrophysical Journal” Letters” jurnallarında dərc olunub. Alimlər hesab edirlər ki, kainat genişləndikcə qara dəliklər böyüyərsə, “qaranlıq enerji” mənbəyi öz təsdiqini tapacaq.

Qara dəliklərin böyüməsi ilə kainatın davam edən genişlənməsi arasındakı əlaqə –“qaranlıq enerji”nin yarandığı zaman harada saxlandığı ilə bağlıdır. Qeyd edək ki, əvvəllər bir çox alimlər “qaranlıq enerji”nin kosmosda yayıldığına və kainatı­mızın böyüməsinə təkan verdiyini düşünürdü. Bununla belə, yeni elmi məqalələr iddia edir ki, qara dəliklərin özlərində də “qaranlıq enerji” ola bilər.

Bəs qara dəliklər qaranlıq enerjini necə yaradır? Bu, alimlərin məqalələrində cavab verməyə çalışdıqları əsas sualdır. Yeni araşdırmalara görə, bir ulduz çöküb yox olduğu zaman “qaranlıq enerji” yaranır. Beləliklə, “qaranlıq enerji” mənbəyini qidalandıran və kainatın daha da genişlənməsinə töhfə verən bu çöküşlərdir.

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər