“Xalq qəzeti”nin kitab rəfi

post-img

Akademik Gövhər Baxşəliyevanın “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı ingilis və fars dillərində işıq üzü görüb.

Müəllif şairin milli kimliyi ilə bağlı təhriflərə və tarixi mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazdığı və 2021-ci ildə rus dilində nəşr etdirdiyi eyniadlı kita­bını geniş ictimaiyyətə çatdırmaq məqsədilə bu dəfə ingilis və fars dillərinə tərcümədə nəşr etdirib. 

Kitabda Nizaminin öz əsərlərindən konkret faktlar əsasında şairin Azərbaycan tür­kü kimi etnik mənsubiyyəti sü­buta yetirilib və bu məsələnin müxtəlif aspektləri geniş araşdı­rılıb. Həmçinin XII əsrdə Gəncə əhalisinin etnik tərkibi, Nizami­nin harada və hansı ailədə do­ğulub boya-başa çatması, onun Azərbaycanla bağlılığı, türkə aid hər şeyə məhəbbət və rəğbəti, türk sözlərini tez-tez işlətməsi şairin et­nik türk olmasına heç bir şübhə yeri qoymur.

***

AMEA Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin elmi işçisi Aytən Hüseynova-Qəhrəmanlının “Müstəqillik illərində beynəlmiləl terminlərin izahlı lüğəti” nəşr olunub.

Kitabda iqtisadiyyat, informa­siya telekommunikasiya, nano və biotexnologiya, diplomatiya, səhiyyə, incəsənət, turizm, idman və s. sahələrə aid 1700-ə yaxın termin və terminoloji birləşmələrin izahı verilib. Kitabın redaktorları filologiya elmləri doktorları, pro­fessorlar Nadir Məmmədli və Sa­yalı Sadıqova, rəyçilər filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyevadır.

Lüğət linqvistika mütəxəs-sisləri, tələbələr, doktorantlar və geniş oxu­cu kütləsi üçün nəzərdə tutulub. 

***

Tarix elmləri doktoru Nərgiz Əliyevanın “Omonimlər lüğəti”ndə Qafqaz və Azərbaycan” adlı kitabı işıq üzü görüb. Orta əsrlər ərəb coğ­rafiyaşünası Yaqut əl-Həməvinin “Formasına görə müştərək, yerinə görə fərqlənən adlar kita­bı” əsasında hazırlanmış nəşrin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlıdır. Ki­tabda Orta əsrlər Azərbaycanında və Qafqazda müxtəlif ərazilərdə verilən eyniadlı toponimlərin fərqli cəhətləri göstərilib və dəqiqləşdirilib. Həmçinin nəşrdə görkəmli şəxsiyyətlərin eyniadlı yerlərdən hansına mənsub olma­sına aid məlumatlar təqdim edilib. 

 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”





Mədəniyyət