Xoşməramlı yalan...

post-img

Sumqayıtda yaşayan məktəb yoldaşım, həkim-yazıçı Hümbət Həsənoğlu həm də maraqlı sosial şəbəkə istifadəçisidir. Bu günlərdə onun “Facebook”da paylaşdığı “Bağım” adlı xatirə yazısının xeyli “layk” qazandığını nəzərə alaraq qəzetimizin oxucularına təqdim edirəm: 

“Bakıda işlədiyim vaxtlarda Almaniya dövlətinin Azərbaycanda həyata keçirdiyi layihə çərçivəsində bir almanla tanış oldum. İlk gəlişi idi onun Azərbaycana. Almaniyada bir müddət yaşadığıma və dili də az-çox bildiyimə görə tez dostlaşdıq. Alman dostlarım qəribçilikdə mənə çox dəstək olmuşdular, bu səbəbdən bura gəlmiş almana diqqət göstərmək istəyim içimdən gəlirdi.

Hər şeydə "alman hesabı" aparan almana diqqət göstərmək elə də asan iş deyildi. Ona hər hansı hədiyyə etmək cəhdini narahatlıqla qarşılayacağını da bilirdim. Fikir verdim ki, dostum bizim meyvələrdən ağızdolusu danışır, onların çox şirin və ləzzətli olduğunu vurğulayır. İşlədiyim qurum “Nizami” metro stansiyasına yaxın idi və metrodan bir az aralı böyük meyvə dükanı vardı. Hər gün işə getməmiş yaxşı mövsümi meyvələrdən seçib al­man dostumu qonaq etməyə başladım. 

İlk dəfə meyvəni gətirəndə o, çıxarıb pul vermək istədi. Dedim: “Helmut, bunlar mənim öz bağımın məhsullarıdır. Bizdə öz bağının məhsullarına görə pul almırlar, adətimiz belədir”. Razılaşdı.

İndi təsəvvür edin, mən mövsümə uyğun meyvələr alıb gətirirəm, özü də necə meyvələr: gilas, ərik, şafta­lıdan tutmuş, alma, armud, nara qədər. Proqram bir ilə hesablandığından mən alman dostuma bərəkətli torpa­ğımızın bütün meyvələrini daddıra bildim. Hər dəfə də meyvə çeşidini görən alman deyirdi ki, onun ən böyük arzusu mənim bağımı görməkdir. Bir belə meyvənin ye­tişdiyi bağa heyranlığını hər dəfə dilə gətirirdi. Mən də Sumqayıtdan gəldiyimi və bağımın da uzaqda olduğunu bəhanə gətirir, amma hər dəfə də söz verirdim ki, onu mütləq bağıma aparacağam.

Bir payız günü səhər həmin dükanın qabağında növbəti dəfə meyvə seçərkən məni kimsə arxadan bərk qucaqladı. Dönüb gördüm ki, alman dostum Helmutdur. O məni təkrar-təkrar qucaqlayaraq dedi: “Mən sənin ba­ğını, nəhayət ki, gördüm!” 

Bunu deyərkən o, ürəkdən güldü.

Sonradan mən Almaniyada onun evində qonaq olanda, öz ailə üzvlərinə mənim Azərbaycandakı bağım haqqında sevinclə və böyük məmnunluqla danışırdı”.

P.S. Göründüyü kimi, sosial şəbəkələrdə dostlarımı­zın, bax, belə maraqlı paylaşımları olur.

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Maraqlı