Transxəzər: Yeni əsrdə yeni nəqliyyat marşrutu

post-img

Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Son illər bir sıra beynəlxalq enerji və nəqliyyat-logistika layihələrinin əsas təşəbbüskarı və iştirakçısı olan Azərbaycan Respublikası regional məsələlərin müakirəsində də xüsusi fəallığı ilə seçilir. Bu da regionun sülh və əməkdaşlıq məkanına çevrilən ölkəmizin beynəlxalq nüfuzunu getdikcə artırır.


Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan son illər ümumi inkişaf və tərəqqiyə xidmət edən beynəlxalq səviyyəli nəqliyyat layihələrini də dəstəkləyir, onların reallığa çevrilməsində yaxından iştirak edir. Bu baxımdan, yeni əsrin əsas nəqliyyat marşrutlarından sayılan Orta Dəhliz kimi irimiqyaslı layihə xüsusi qeyd edilməlidir. 


Məlumat üçün bildiririk ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu olan Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də  Avropa ölkələrinə və əks istiqamətə yük- daşımalarını  həyata keçirir. Bu dəhliz üzrə hərəkətdə olan blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Belə bir zaman məsafəsi isə dəhlizin əsas üstünlüklərindən biridir. 


Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dirçəldilən Böyük İpək yolunun fəaliyyətinə əlavə güc qatan bu dəhlizin əhəmiyyət xeyli artıb. Elə hazırda davam edən Rusiya–Ukrayna müharibəsi səbəbindən Asiyadan Avropa İttifaqı ölkələrinə məhsulların tədarükündə yaşanan problemlər adıçəkilən marşruta marağı getdikcə gücləndirir. 


Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz okeanla əlaqəsi olmayan ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından da olduqca vacibdir. Məlum olduğu kimi, hazırda 6 ölkə Orta Dəhliz üçün vahid strategiya hazırlayır. Həmin siyahıya Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistan daxildir. Orta Dəhlizdə fəal iştirak edən dövlətlər üçün bu infrastrukturla bağlı əsas vəzifə ölkələrin dəhliz bağlantılarının inteqrasiyasıdır. Burada əsas məqsəd sənədləşmələrin elektron formada aparılmasına nail olmaqla yükdaşımalarda səmərəliliyi artırmaqdır.


Heç şübhəsiz, layihə yekunlaşandan sonra dəhlizin tranzit potensialı  xeyli güclənəcək. Təkcə onu qeyd etmək kifayətdir ki, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bunun isə ölkəmiz üçün iqtisadi səmərəsi son dərəcə yüksək olacaq. Əgər beynəlxalq yüklərin 10 faizi Azərbaycan üzərindən daşınsa, ölkəmizin büdcəsi ildə bundan 3-3,5 milyard dollar vəsait qazanmaq imkanı əldə edəcək. 


Orta Dəhliz layihəsinin mühüm komponentləri sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibə zamanı Azərbaycanın geniş bir coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşulduğunu bildirərək deyib: “Biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək, son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.” 


Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hava məkanı ilə daşınmaların artırılması istiqamətində də çox fəal iş aparır. Son illər işğaldan azad olunmuş Füzuli və Cəbrayıl şəhərlərində beynəlxalq hava limanlarının istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bundan əlavə, yaxın illərdə Laçında daha bir hava limanı istifadəyə veriləcək. Beləliklə, ölkəmizdə beynəlxalq hava limanlarının sayı 9-a çatdırılacaq. Bu isə Azərbaycanın hava nəqliyyatı ilə yükdaşımanın həcminin kəskin şəkildə artmasına səbəb olacaq. 


Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdə hava limanları, dəmir yolları və avtomobil magistrallarının salınması ölkəmizin Orta Dəhlizə inteqrasiyasını sürətləndirməklə yanaşı, tranzit imkanlarını da xeyli artırır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qoyduğu konkret mövqe də Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Qara dəniz–Avropa nəqliyyat dəhlizinin əsasını təşkil etmək məqsədi daşıyır.


Azərbaycan dəmir yolları ilə yüklərin sürətlə və təhlükəsiz şəklidə çatdırılması üçün də bütün zəruri tədbirləri görür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz təkcə öz ərazisində deyil, regionda da dəmir yolu infrastrukturuna investisiya yatırır. Məlum olduğu kimi, 2017-ci ildə istifadəyə verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edir. 
Orta Dəhlizin mühüm komponentlərindən biri kimi xüsusi əhəmiyyət daşıyan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun polad qolları təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə, Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Hazırda yolun Bakıdan qərb istiqamətinə yönələn hissəsinə genişləndirmə məqsədilə  əlavə sərmayə yönəldilir.


Bundan əlavə, ölkəmizin ərazisində mövcud avtomagistralların dünya standartlarına uyğun yenidən qurulması da ölkəmizin tranzit ölkə kimi əhəmiyyətini xeyli dərəcədə artırır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb.


Bütövlükdə isə, Avropa İttifaqı ölkələrinin enerjiyə olan tələbatının ödənilməsinə mühüm töhfələr verən Azərbaycan yaxın illərdə “yaşıl keçid” proqramının da əsas iştirakçılarından birinə çevriləcək. Bu da ölkəmizin ixrac və tranzit potensialının xeyli güclənməsinə səbəb olacaq.

 

V.BAYRAMOV,
M.YAQUBZADƏ, 

“Xalq qəzeti”

Siyasət