Pensiyaların artımı davamlı olacaq

post-img

Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Bunun davamı olaraq, 2023-cü ildə ölkəmizdə əmək pensiyaları növbəti dəfə artırıldı. Bugünlərdə pensiyaçılar yanvar və  fevral aylarının artımını bir yerdə aldılar. Son vaxtlar sosial şəbəkələrdə pensiyaların yenidən artırılacağı barədə xəbərlər yayıldı. 


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qəzetimizə dövlətin pensiya siyasətindəki yenilikləri barədə danışdı:
– Prezident İlham Əliyevin  əhalinin sosial müdafiəsinin  daha da gücləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar mütəmadi xarakter alıb. 2023- cü ilin əvvəlindən reallaşdırılan son beş ildə dördüncü sosial islahat paketi onu göstərir ki,  Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır. Məlumat üçün bildirim ki, əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edib. Həmin paketlər üçün əlavə olaraq illik  6 milyard manat vəsait ayrılıb. Növbəti islahat paketinə  750 milyon  ayrılıb.  Bu isə 1,9 milyon əhalinin  güzəranını dəyişib. Hər ay 60 milyon olmaqla  il ərzində 728 milyon  manat vəsaitin bu istiqamətdə xərclənməsi nəzərdə tutulub.


Komitə sədri 2023-cü ilin yanvarından pensiyaların 14, 7 faiz artırıldığını, fevralın 1- dən isə minimum pensiyaların 240 manatdan 280 manata çatdırıldığını vurğulayaraq bildirdi:


– Hər bir sosial islahat paketinin prioritetini pensiyaçıların  sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Yeni islahatlara uyğun olaraq pensiyaların orta aylıq məbləği artaraq 2023- cü ilin əvvəlindən  423, yaşa görə isə 456 manata çatıb. Bu rəqəmlər orta aylıq pensiyada 
2022-ci illə müqayisədə 14 faiz, 2018-ci ilə nisbətən isə  2 dəfə artım deməkdir. Göründüyü kimi, ölkəmizdə sosial islahatlar paketinin qəbul edilməsi əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib. Azərbaycan pensiyaların alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci, nominal məbləğinə görə ikinci yerdədir.


M. Quliyev pensiyaların yenidən artırılacağı ilə bağlı yayılan xəbərlərə də aydınq gətirdi:


– Azərbaycanda pensiyaların artımı dedikdə iki hal başa düşülür. Bunlardan biri minimum pensiya məbləğinin, digəri isə pensiyaların məbləğinin indeksləşdirilməklə artırılmasıdır. Birinci halda artım ancaq əmək pensiyasının minimum həddinə şamil olunur. 


Pensiyaların indeksləşdirilərək artırılması hər ilin əvvəlində həyata keçirilir. Bunun da əsas məqsədi pensiya məbləğinin alıcılıq qabiliyyətinin təmin edilməsidir. Ölkə qanunvericiliyinə görə, hər ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır. Bu hal ildə bir dəfə baş verir. Pensiyaların indeksləşdirilərək artırılması hər il yanvarın 1-nə ondan əvvəlki il üzrə Dövlət Statistika Komitəsinin  açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Yəni, əvvəlki il əməkhaqları nə qədər artıbsa, növbəti il bütün növ pensiyalar da o qədər artırılır. 


Məsələn, 2021-ci il orta aylıq əməkhaqqı artımı 3,4 faiz olduğundan həmin il pensiyalar da bu qədər artırıldı. Bununla belə, inflyasiya göstəricisi nəzərə alınaraq  həmin il ərzində pensiyaçılara 3,4 faizlik artımdan əlavə 200 manat maddi yardım edildi. Bu il  isə həmin məbləğ hər ay 16,7 manat olmaqla pensiyalara əlavə edildi. İndeksləşmə də bu məbləğin əlavə ediləndən sonra alınan göstəriciyə tətbiq olundu. Dövlət Statistika Komitəsinin  açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq 2023-cü ilin yanvar ayından bütün növ pensiyalar 14,7 faiz artırıldı.


Deputat əlavə etdi ki, pensiyaların növbəti dəfə artımı “Sosial sığorta haqqında” Qanunda yeni dəyişikliklərdən sonra baş verə bilər?
– Bu dəyişikliklər komitəmizdə müzakirə  edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olundu. Dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək. Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək, öz gəlirlərini artıra biləcək. Bu isə fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. 


Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Nəticədə, bu, pensiya təminatının da gücləndirilməsinə xidmət edəcək.

 


B.ƏLİQİSMƏT, 
“Xalq qəzeti” 



Son xəbərlər