“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.11-ci maddədən “və ona əlavə edilən sənədlər” sözləri çıxarılsın;

1.2. 2.0.16-cı maddədə “əcnəbi və vətəndaşlığı olmayan şəxsə” sözləri “təsisçiyə (təsisçilərə)” sözləri ilə, “və ona” sözləri “, təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə isə həmçinin həmin ərizəyə” sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.0.17-ci və 5.8-ci maddələr əlavə edilsin:

“2.0.17. sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlar – “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş fiziki şəxslər və qurumlardır.”;

“5.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.”;

1.4. 5-1-ci maddə üzrə:

1.4.1. 5-1.1-ci maddənin üçüncü cümləsində “Həmin” sözü “Təsisçi (təsisçilər) həmin” sözləri ilə, “keçməklə elektron ərizə formasını doldurur” sözləri “keçməlidir” sözü ilə əvəz edilsin və həmin maddənin dördüncü cümləsi çıxarılsın;

1.4.2. 5-1.2-ci və 5-1.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmış nizamnamə elektron ərizə formasına əlavə oluna bilər.

5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri, fəaliyyət sahəsi və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir. Bu halda təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.”;

1.4.3. aşağıdakı məzmunda 5-1.3-1-ci maddə əlavə edilsin:

“5-1.3-1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.”;

1.4.4. 5-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5-1.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə daxil edilmiş işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;

1.5. 6.1.3-cü maddənin ikinci cümləsində və 7.1.1-ci maddədə “hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən)” sözləri “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən” sözləri ilə əvəz edilsin;

1.6. 7-2-ci maddə üzrə:

1.6.1. 7-2.1-ci maddədə “əcnəbi və ya vətəndaşlığı olmayan şəxs” sözləri “təsisçi (təsisçilər)” sözləri ilə əvəz edilsin, həmin maddəyə “qeydiyyatının” sözündən sonra “(yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci – beşinci cümlələr əlavə edilsin:

“Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;

1.6.2. 7-2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7-2.2. Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər) fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.”;

1.6.3. 7-2.3-cü maddə ləğv edilsin;

1.6.4. 7-2.4-cü maddənin ikinci cümləsinə “göndərilir” sözündən sonra “və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür” sözləri əlavə edilsin;

1.7. 11.3-cü maddə üzrə:

1.7.1. 11.3.2-1-ci maddədə “Qeyri-hökumət təşkilatlarının” sözləri “hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla)” sözləri ilə əvəz edilsin və həmin maddəyə (birinci halda) “dövlət” sözündən sonra “orqanlarının (qurumlarının)” sözləri əlavə edilsin;

1.7.2. 11.3.3-cü maddədən “firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya” sözləri çıxarılsın;

1.7.3. aşağıdakı məzmunda 11.3.3-1-ci və 11.3.3-2-ci maddələr əlavə edilsin:

“11.3.3-1. kommersiya qurumlarına münasibətdə bu Qanunun 11.3.1–11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə tutulanlardan əlavə olaraq, həmçinin:

11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmış olduqda;

11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə;

11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olan hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olması təəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə;

11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalaşdırıldığı və ya digər formada səlahiyyətləndirildiyi barədə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada bilən adlardan istifadə edildikdə;

11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;

11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə;

11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olan hərflər, rəqəmlər, “nöqtə”, “vergül”, “dırnaq”, “defis” və “nömrə” işarələri istisna olmaqla, digər işarələr və simvollardan istifadə edildikdə;

11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərin təşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardan istifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları istisna olmaqla);

11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və ya qısaldılmış rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla);

11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edildikdə;

11.3.3-1.11. hüquqi şəxsin adında “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər sahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadə edildikdə;

11.3.3-2. hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisinin adı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda;”.

Maddə 2. Keçid müddəa

Bu Qanunun 1.6.1-ci maddəsinin konsul leqallaşdırılması tələb olunan sənədlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2024-cü il

Qanunlar