Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli, 30 dekabr tarixli 327-VIIQD nömrəli, 330-VIIQD nömrəli, 331-VIIQD nömrəli, 332-VIIQD nömrəli və 338-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 33.8-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“33.8-1. Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.
Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
1.2. 34.8.3-cü maddə üzrə:
1.2.1. birinci cümlədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunur.”;
1.3. aşağıdakı məzmunda 35.2-1-ci, 102.1.33-2-ci, 106.1.28-3-cü və 106.1.28-4-cü maddələr əlavə edilsin:
“35.2-1. Bu Məcəllənin 35.2-ci maddəsinə uyğun olaraq, qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.”;
“102.1.33-2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;”;
“106.1.28-3. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;
106.1.28-4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;”;
1.4. 164.1-ci maddə üzrə:
1.4.1. aşağıdakı məzmunda 164.1.41-5-ci və 164.1.49-2-ci maddələr əlavə edilsin:
“164.1.41-5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı;”;
“164.1.49-2. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;”;
1.4.2. 164.1.63.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.64-cü maddə əlavə edilsin:
“164.1.64. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı.”;
1.5. 169.8-ci maddədə “bu fəslin məqsədləri üçün” sözləri “vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında” sözləri ilə əvəz edilsin;
1.6. 177.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 177.1.4-cü maddə əlavə edilsin:
“177.1.4. bu Məcəllənin 33.8-1-ci maddəsində nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə.”;
1.7. 188.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 188.1.9-cu maddə əlavə edilsin:
“188.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı.”.
Maddə 2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 1, maddə 1, № 4 (I kitab), maddə 318, № 5, maddə 432) aşağıdakı məzmunda 41.2.9-1-ci maddə əlavə edilsin:
“41.2.9-1. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesabları üzərində müşahidə funksiyalarının yerinə yetirilməsi ilə bağlı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);”.
Maddə 3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli və 30 dekabr tarixli 327-VIIQD nömrəli qanunları) 20.0.34-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.35-ci maddə əlavə edilsin:
“20.0.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 (bir) ədəddən (ölkə üzrə ümumilikdə 10 (on) ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı.”.
Maddə 4. Bu Qanunun qüvvəyə minməsi
4.1. Bu Qanunun 1.1-ci, 1.5-ci və 1.6-cı maddələri bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
4.2. Bu Qanunun 1.4.1-ci (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-5-ci maddəsinə münasibətdə), 1.7-ci və 3-cü maddələri bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
4.3. Bu Qanunun 1.4.2-ci maddəsi 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
4.4. Bu Qanunun 1.2-ci, 1.3-cü (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.2-1-ci maddəsinə münasibətdə) və 2-ci maddələri 2026-cı il aprelin 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2026-cı il

