Erməni cəlladların meşədə “insan ovu”

post-img

Xocalı müsibətindən günlər, aylar illər ötür... O ağrıları, acıları unutmaqmı olar? Düşünmək istəyirik ki, insanlar, millətlər bu qədər qəddar ola bilməzlər. Təəssüf ki, xalqımıza qarşı ermənilərin zaman-zaman törətdikləri soyqırımı aktları bunun əksini deyir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə – cəmi 31 il əvvəl bədnam qonşularımızın həyata keçirdiyi Xocalı soyqırımı isə qəddarlığına görə misli görünməmiş vəhşilik idi...

Həmin gecəni Xocalı sakini Zənurə Səlimova da təlaş, həyə­can və nisgillə xatırlayır. 20 yaşlı gənc qadın o vaxt hamilə olub. Həmin gecə əvvəlkilərə bənzəmir­di, – deyir: – Ağır silahlardan atəş açılırdı. Gecə dəhşətli bir alov saçırdı. Yoldaşım Fərhad və qay­nım Faiq kənddə qurulmuş postda növbə çəkirdilər. Gecə təxminən, 11-12-də yoldaşım evə gələrək er­mənilərin şəhəri dörd bir tərəfdən mühasirəyə alıb hücuma keçdiklə­rini dedi.

Evi qaçaraq tərk etdiyimiz üçün o qədər də qalın geyinməmişdik. Evdə qaynımın yoldaşı, iki azyaşlı övladı ilə birlikdə yeriyə bilməyən, ağır xəstə olan qaynanam da var idi. Yoldaşım və qaynım onu növ­bə ilə bellərində aparırdılar. Bal­dızım da 6 azyaşlı uşağı ilə bizə qoşuldu. Güllələrdən yayınmaq üçün tez-tez daldalanmalı olur­duq. Xocalıda beşmərtəbə deyilən yerin zirzəmisinə gələndə burada bir qrup insanın yığışdığını gördük – onların arasında çoxlu körpə uşaq, xəstə və qocalar var idi... İnsanlar təlaş və həyəcan içində qışqırırdılar. 

Ermənilər evləri yandırmağa başlamışdılar. Artıq xəbərlər gəl­məyə başladı ki, kimi ələ keçirir­lərsə, diri-diri yandırırlar. Murad Məhərrəmov adlı bir cavan oğlan var idi ki, xəbərləri o gətirirdi. Bizə dedi ki, Kətik meşəsinə qaçın, ara sakitləşər kəndə qayıdarıq. Bəlkə də o bilirdi ki, kənddən həmişəlik çıxırıq. İnsanların evə qayıdıb isti paltar və digər əşyalar götürmələri çox təhlükəli idi”. 

Beləliklə, meşəyə sarı qaç­mağa başlayıblar. Qarqar çayının bəzi yerlərində buzu qırıb keç­məyin çox çətin olduğunu deyir: “Su kiminin dizinə, kiminin də qurşağına çıxırdı. Şaxta insanları taqətdən salırdı. İnsanların çoxu həyəcandan ayaqyalın qaçmışdı. Baldızım Nailənin ayağında corab belə yox idi. Çaydan çıxanda dik bir yer var, qalxmaq çətin idi. Müəl­liməm Afilə xanım 3 azyaşlı uşağı və əri ilə gedirdi. Əri birdən-birə yerə yıxıldı, ürəyi dayandı. 

Kənd sakini Əntiqə nənə həmin gecə şəhid olan qızının körpəsini belinə sarımışdı. Uşaq durmadan ağlayırdı. Arxadan onu ağlamaması üçün dümsükləyən­də, nənəsi doluxsunaraq “Ay bala, gecədən yedizdirilən uşaqdır. Ac­dır, dəyməyin”, – deyirdi. Uşağın atasını yandıraraq, işgəncə ilə qətlə yetirmişdilər. 

Həmin dik yeri çox çətinliklə keçdik. Qaraqaya deyilən yerə çatanda Milli qəhrəman Əlif Hacı­yev bizi qarşıladı, qışqırırdı ki, tez keçək. Həmin yerdə çox böyük faciə ilə rastlaşdıq. Bizimlə ge­dən 30-40 nəfərdən cəmisi 10-15 nəfər sağ çıxa bildi. Telman adın­da bir kişini qarnından vurmuşdu­lar. Bağırsağı yerə tökülürdü. Qa­rın üstündə qandan çıxan buxar burula-burula yuxarı qalxırdı. Son­ra bildik ki, yoldaşı İradə belində və qucağındakı körpələri ilə qətlə yetirilib. Orada vurulan insanların, həmçinin körpə uşaqların qışqırtı­sı, iniltisi qulaqlarımdadır”. 

Həmin gecə Zənurənin qay­nanası şəhid olur. Dayısını isə girov götürüb amansızlıqla öldü­rürlər: “Kişilərin çoxu ermənilərlə döyüşmək üçün kənddə qalmışdı. Silah-sursat qurtardığı üçün üz tutublar meşəyə. Dayım Hüseyn Əzizov meşədə ocaq qalandığını görüb ora gedib. Demə, ermənilə­rin imiş. Onu tanıyıblar. O vaxtlar dayım Əsgəranda ermənilərlə işlə­yirdi. Deyiblər ki, səni və Mehma­nı gözləyirdik. Dayımın 4 qızıl dişi olub. Kəlbətini veriblər öz əlinə ki, dişlərini çıxarsın. Sonra “KamAZ” markalı maşına bağlayıb sürüyüb­lər. Avtomatın qundağı ilə nə təhər vurmuşdularsa, göz alın nahiyə­sində idi. Bunları onunla birgə gi­rov düşən Kamal adlı kənd sakini danışıb. Dayımın meyiti tanınmaz halda parça-parça idi. Anam onu əlinin üstündəki tatudan tanıdı. Bibimi də həmin gecə öldürdülər, amma meyitini 25 gündən sonra verdilər. Altı uşağı yetim qaldı. 

Əmim Təvəkkül Ələkbərovu da işgəncə ilə öldürmüşdülər. Azyaş­lı oğlu da həmin gecə şəhid oldu. Xalamın 24 yaşlı qızı Rəsmiyyə və 17 yaşlı oğlu Emin itkin düşdü. Yaxın qohumlarım, qonşularım­dan çox sayda şəhid olanlar və itkin düşənlər var”. 

Zənurə xanım deyir ki, Ağ­dama gəldikdən sonra hər gün meşəyə gedib, sağ qalanlardan xəbər tutmaq, ölülərin meyitləri­ni götürmək istəyiblər. Körpələrin gözlərinin siqaretlə dağlandığını görüblər. İnsanların başlarının dərisi soyulub, gözləri çıxarılıb. Meyitlər tanınmaz halda olub. Vaxtından qabaq dünyaya gələn körpəsini itirib. 

“Ermənilərin qəddar olduğunu bilirdik. Amma Xocalı müsibətində onların insanlıq adına ləkə oldu­ğunu başa düşdük”, – deyə əlavə edir. 

 

Leyla QURBANOVA





Qan yaddaşı