Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən stendə baxıb, kitab sərgisi ilə tanış olublar. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının yaranma səbəbləri haqqında ətraflı məlumat verib. Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Qeyd edilib ki, Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırıb. H.Quliyev vurğulayıb ki, indiyədək dünyanın 17 dövləti və Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı faciəsini tanıyıb və bu istiqamətdə iş davam edir.
“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov xalqımıza dərin hüznlə başsağlığı verib, tədbirin belə yüksək səviyyədə təşkil edildiyinə görə, Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.
Soydaşımız, professor Almaz Məcidova isə bildirib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Sonra Xocalı faciəsi qurbanların ruhuna dua oxunub, ehsan verilib.
Qulu KAZIMOV
Daşkənd

