Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Xocalı soyqırımının beynəlxalq və cinayət-hüquqi aspektdən yanaşmanın təqdim olunması, bu soyqırımı aktını törədənlərin məsuliyyətinə dair beynəlxalq və milli hüquq normalarına həsr olunmuş tədbir keçirildi. Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbiri açaraq Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxundu, bu cür cinayətlərin beynəlxalq təcrubəyə əsasən cəzalandırılması faktlarından danışdı.
Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərov Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırdı. O, soyqırımı cinayətinin mahiyyəti və növləri haqqında, soyqırıma görə cinayət məsuliyyətinin həm beynəlxalq, həm də milli-hüquqi aspektdən əsasları barədə ətraflı məlumat veridi. Natiq bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğuladı.
Fakültənin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova soyqırımı cinayətinin elementlərini və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb etmənin praktiki tərəflərini Xocalı soyqırımı ilə əlaqələndirərək şərh etdi, bu sahədə təklif və tövsiyələrini bildirdi.
Çıxışlardan sonra N.Səfərov fakültə əməkdaşları və tələbələrin suallarını cavablandırıb.
Sonda fakültə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr olunmuş esse müsabiqəsinin qalibi, II kurs tələbəsi Nigar İsgəndərovaya sertifikat təqdim olundu.
Züleyxa ƏLİYEVA,
BDU-nun hüquq fakültəsinin I kurs tələbəsi


