Dünyanın erməni barbarlığı ilə nə vaxt və tarixin hansı mərhələsində üzləşdiyini araşdırmaq böyük vaxt və zaman istəsə də, bu qövmün türklərə və azərbaycanlılara qarşı vəhşiliklərinin son iki əsrin hər dönəmində şahidi olmaq mümkündür. Amma ermənilərin ən dəhşətli vəhşilikləri sırasında ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarına başlayan və 30 ilə yaxın sürən təcavüz və işğalı olmuşdur. 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibədə Azərbaycan Ordusunun zəfərindən sonra işğaldan azad edilmiş torpaqlarımızda şahidi olduqlarımız isə bu vəhşi tayfanın bütün iyrənc xislətini dünyaya tanıtdı.
Dünyaya tanıtdı ona görə deyirəm ki, bizə bu namərd qonşularımızın vəhşi xisləti çoxdan məlum idi. Sadəcə sovet dönəmində onların barbarlığına imperiyanın qırmızı pərdəsi çəkilmişdi ki, xalqımızın başına gətirilən müsibətlər unudulsun. Amma əfi ilan xislətini dəyişmədiyi kimi ermənilər də xislətini dəyişmədi və öz barbarlığını XXI əsrdə daha böyük miqyasda nümayiş etdirdi.
Bu, fevralın 22-də Azərbaycan media nümayəndələrinin böyük bir qrupu ilə Cəbrayıl və Zəngilan rayonlarına səfərimdən gəldiyim təəssüratın qısaca məzmunudur. Səfərdə məqsədimiz isə işğal altında olmuş ərazilərdə ermənilərin törətdikləri ekoloji terrorizmin, flora və faunamıza qarşı törətdikləri fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq idi.
İlk dayanacağımız Cəbrayıl rayonu ərazisində yeni salınmış “Dostluq meşəsi” ərazisi ilə tanışlıq və burada həyata keçirilən layihələrin gerçək mənzərəsini müşahidə etmək idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərindən aldığımız məlumatlardan aydın oldu ki, erməni işğalı dövründə rayonda mövcud 4629 hektar meşə fondu torpağının 2497 hektarı meşə ilə örtülüb. Peyk təsvirlərinə əsasən işğal dövründə 2320 hektar meşə sahəsi erməni vandalları tərəfindən məhv edilib.
Təkcə bu rəqəmi eşidəndə daxilən düşünürsən ki, əgər bu barbar tayfaya torpaq lazım idisə və onlar özlərinə belə arxayın idilərsə, nədən təbiətə, bu torpağın canlı nemətlərinə qarşı bu qədər amansız və vəhşi münasibət göstəriblər? Axı, ağacın ki, milliyyəti yoxdur, deyəsən bunlar da azərbaycanlıdır və ona qarşı soyqırımı keçirəsən.
Düşüncələrimizdən ayrılıb görülən işlərlə bağlı ETSN-nin Meşələrin inkişafı xidmətinin rəis əvəzi Cabbar Qəribovun məlumatına diqqət yetiririk. Nazirliyin nümayəndəsi bildirir ki, artıq xeyli vaxtdır ki, Cəbrayıl rayonu ərazisində ermənilər tərəfindən məhv edilmiş meşə ərazilərinin bərpası işləri həyata keçirilir. Bu tədbirlər əsasən Azərbaycan və Türkiyə respublikalarının müvafiq qurumları tərəfindən aparılır. Birgə fəaliyyətin nəticəsində bu ərazidə “Azərbaycan – Türkiyə Beynəlxalq Meşəçilik Təlimi Mərkəzi, “Ağıllı tingçilik” və “Dostluq meşəsi” yaradılmışdır. “Azərbaycan – Türkiyə Beynəlxalq Meşəçilik Təlimi Mərkəzi” və “Ağıllı tingçilik” kompleksinin və “Dostluq meşəsi”nin yaradılması layihəsinin icrasına uyğun olaraq 73 hektar ərazidə “Dostluq meşəsi” və ona bitişik ərazidə 63 mindən çox yerli və Türkiyədən gətirilmiş ağac cinslərindən istifadə olunmaqla əkin işləri aparılmışdır. Bu işlərin həyata keçirilməsində türkiyəli mütəxəssislərin və meşəçilərinin təcrübəsindən istifadə edilib. Ağac əkilməsi üçün terrassaların düzəldilməsində Türkiyənin bizə hədiyyə etdiyi texnikalardan istifadə edilmişdir. Türkiyəli mütəxəssislər azərbaycanlı həmkarları üçün xüsusi treninqlər keçirmişlər.
Mütəxəssis bildirdi ki, “Dostluq meşəsi” ilə yanaşı 8 hektar ərazidə müasir “Ağıllı tingçilik” sahəsi yaradılır. Burada Türkiyə metodları əsasında tinglər yetişdiriləcək. “Ağıllı tingçilik” ərazisində müasir üsullarla ildə 2 milyon ting yetişdiriləcək ki, bu tinglər də əsasən Zəngəzur və bütün Qarabağ ərazisində meşə bərpa və meşə salma işlərində istifadə ediləcək.
Həmçinin qeyd edildi ki, salınacaq meşələrdə həm yerli, həm də Türkiyədən gətirilmiş ağac cinslərindən geniş istifadə ediləcək. Hazırda “Dostluq meşəsi” ərazisində həm yerli, həm də Türkiyədən gətirilmiş çinar, eldar şamı, göyrüş, qızıl şam, dağdağan, yalançı akasiya, kipr akasiyası, fıstıq şamı və sair ağac növləri əkilib.
Media nümayəndələrinə onu da bildirdilər ki, azad edilmiş ərazilərdə fauna növlərinin reintroduksiyası məqsədiləri üçün Türkiyə və Azərbaycan Respublikalarının dövlət başçılarının iştirakı ilə 33 baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılmışdır. Ceyranların dayanıqlı populyasiyasının yerində öyrənilməsi və formalaşdırılmasına nəzarət olunması məqsədilə həmin ərazilərdə mütəmadi monitorinqlər keçirilir.
Ermənilərin barbarlıqla yandırıb keçdiyi ərazilərə meşə ərazilərinin və faunanın bərpası ilə bağlı işlərlə tanışlıqdan sonra bu işə öz töhfəsini vermək istəyən jurnalistlər də “Dostluq meşəsi” ərazisində ağacəkmə aksiyasında iştirak etdilər.
Media nümayəndələrinin növbəti dayanacağı Zəngilan rayonu ərazisindəki Oxçuçay çayının Azərbaycan ərazisindən başlayan Sayıflı kəndini ziyarət etmək və burada ETSN-nin erməni ekoloji terroruna məruz qalmış ekosistemin bərpası ilə bağlı həyata keçirdiyi işlərlə, nəzərdə tutulan layihələrlə tanış olmaq idi. Deyilən məntəqəyə qədər yolumuz çox uzun idi. Yol boyu hər addımda erməni barbarlığının ağılasığmaz izləri və xarabalıqlara çevirdikləri kəndlərimizin qalıqları idi. Bu bizim gördüklərimiz idi, amma bu torpağın çəkdikləri əzab və məşəqqətləri, yalnız burda qalmış canlılar – dibindən kəsilmiş, ancaq bununla barışmayıb kötükdən pöhrələnən ağaclar, dağılımış evlərin keşiyini çəkən sədaqətli köpəklər və yenidən təkəmseyrək qalan ağaclarda yuva qurmağa başlayan quşlar bilirdilər. Bütün yol boyu bizi müşayiət edən elektrik dirəkləri və onları birləşdirən elektirik xətləri, bir də yeni çəkildiyi tikinti işlərinin fasiləsiz gedişindən görünən avtomobil magistralları, saysız-hesabsız suaxarlar və körpülər idi. Polis və hərbiçilərimizin səbrlə və diqqətlə keşik çəkdikləri yoxlama məntəqələrindən keçib Sayıflının xarabalıqlarına yaxınlaşırıq. Oxçuçayda tikiləcək Su Elektrik Stansiyasının inşaat işlərinin də öz ritmində davam etdiyini böyük diametrli boruların qaynaq edilməsindən və nəhəng maşınların aramsız hərəkətindən aydın görmək olur. Səhərdən içimi dağlayan xarabalıqlardan sonra ötən il istifadəyə verilmiş Ağalı kəndini seyr etmək isə bütün qara düşüncələrimin üstünə sanki paklığa çıxmaq üçün bir qüsul olur. Bundan sonra içimdə bu yerlərin insanlarımızın üzünə güləcəyinə heç bir şübhə qalmır...
Sakitcə, öz həzin musiqisini ifa edirmiş kimi axan Oxçuçayın kənarında avtobuslardan enirik. Hava o qədər xoşdur ki, düşünürsən bu təbiətə həyat gətirmək üçün tələsən yazın gəlişidir. Ətrafdakı möhtəşəm dağlarsa elə bil Oxçuçayın əminamanlığına keşik çəkir. Çayın kənarındakı qurğu diqqətimizi çəkməyə bilmir.
Şayıflıya gəlişimizin də məramının bununla bağlı olduğunu deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Raqub Mirzəyev söhbətə başlar-başlamaz mikrofonlar ona tuşlanır:
– Torpaqlarımız işğaldan azad olan gündən möhtərəm prezidentimiz İlham Əliyevin mühüm tapşırıqları sırasında yer alan bir məsələ də 30 ilə yaxın bir müddətdə ekoloji terrora məruz qalmış, vəhşicəsinə yağmalanmış Qarabağın ekosisteminin tezliklə bərpa olunması üçün layihələrə start vermək olub. Dövlət başçısının biləvasitə nəzarəti ilə həyata keçirilən genişmiqyaslı işləri sadalamaq çox vaxt aparar, həm də bu barədə mətbuatda kifayət qədər məlumatlar var. Görülən və görülməsi davam etdirilən əsas məsələlərdən biri işğaldan azad edilmiş çayların, su mənbələrinin təmizliyinə, keyfiyyətinə, su sərfinə və temperaturuna nəzarət etmək məqsədilə hidroloji stansiyaların quraşdırılmasıdır. Bu məqsədlə 2001-ci ildən başalayaraq 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılmışdır. Bu stansiyalar tam şəkildə 2012-ci ildə fəaliyyətə başlamışdır.
Stansiyaların iş prinsiplərindən söhbət açan Raqub Mirzəyev bildirdi ki, stansiyalar çaylardakı suyun səviyyəsini, temperaturunu ölçür, keyfiyyətini, elektrik keçiriciliyini, çirkləndiricilərin ümumi dərəcəsini, eləcə də radiasiya fonunu ölçür və nəticələr ETSN-nin hidrometereologiya xidmətinin situasiya mərkəzinə ötürülür. Mərkəzdə bu məlumatlar təhlil edilir. Oxçuçay üzərində qurulmuş bu avtomat radioloji və hidroloji stansiya ən müasir qurğulardandır. Stansiyanın üstünlüklərindən biri də məlumatların hər 10 dəqiqədən bir mərkəzi serverə ötürülməsi və təhlil etməyə imkan verməsidir. Çirklənmə qeydə alınarsa dərhal monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür.
Ümumiyyətlə, Şərqi Zəngəzur İqtisadi rayonunda Azərbaycanın transsərhəd çayı olan və ən çox çirklənməyə məruz qalan Oxçuçayda üç məntəqə üzrə – Cahangirbəyli, Tağılı və Bürünlü kəndlərində davamlı monitorinqlər aparılmaqdadır. Monitorinqlər göstərir ki, çayda ağır metalların miqdarı normadan çox artıqdır. Buna səbəb isə Ermənistan tərəfin mütəmadi olaraq dağ-mədən filiz saflaşdırma kombinatlarının tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılmasıdır. Bu bir daha onu göstərir ki, məkrli qonşularımız xislətlərini dəyişmək, sivil dövlət kimi yaşamaq istəyindən hələ də uzaqdılar.
Nazirliyin səlahiyyətli nümayəndələri onu da bildirdilər ki, Zəngilan rayonunda inşa edilən Ağalı “Ağıllı kəndi” ərazisində də avtomat aqrometereoloji stansiya quraşdırılıb və qurğu havanın, torpağın rütubətini və temperaturunu, küləyin sürətini təyin edərək mərkəzi serverə göndərir.
Həmçinin məlumat verildi ki, Yaşıllıqların və meşə zolaqlarının salınması və bərpası Zəngilan rayonunda da həyata keçirilir. Rayonun giriş hissəsində 55 hektar torpaq sahəsində 33 min 300-dən çox müxtəlif cinsli ağac tingləri əkilib. Ümumiyyətlə, həm Cəbrayıl, həm də Zəngilan rayonunun ərazilərində salınan yaşıllıqların suvarılması məqsədilə damcı suvarma şəbəkəsi qurulub.
Media nümayəndələrinin çəkilişləri və ekoloqlara verilən suallar uzun çəkdiyindən geri qayıdarkən artıq hava qaralmışdı. Çəkilən magistral yollarda işlər getdiyindən bizim sərnişini olduğumuz avtobus bəzən daş-kəsəkli yollarla gedir. Bir vaxtlar işğalın vahiməsindən sükuta dalmış və zülmətə bürünmüş bu yollar indi ara-sıra şütüyən avtomobillərin işıqları bir yana, Azərenerjinin bu ərazilərdə quraşdırdığı yarımstansiyalardakı işıqlandırma sistemi bütün ətrafı nura qərq edirdi. Amma içimə ümid nuru ələyən təkcə bu işıqlar deyildi. Məni daha çox sevindirən ara-sıra rast gəldiyimiz xidməti tikililərin pəncərələrindən gələn işıqlar idi. Ən böyük ümid bu pəncərədəki işıqlar idi. Pəncərədə işıq varsa, demək bu yurdda həyat var və həmişə olacaq.
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”
Bakı – Cəbrayıl – Zəngilan – Bakı







