Azərbaycan–Səudiyyə Ərəbistanı: Media əməkdaşlığı müzakirə olunub

post-img

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Krallığın Media nazirinin beynəlxalq əlaqələr üzrə müavini Xalid Əl-Həmdi ilə görüşüblər. Bu barədə məlumat “Xalq qəzeti”nə Mətbuat Şurasından daxil olub. 

Məlumatda bildirilib ki, MŞ sədri Rəşad Məcid görüşdə yüksək səviyyədə keçirilən İkinci Səudiyyə Media Konfransı haqqında fikirlərini bölüşüb. O, dünyada medianın durumu­nu özündə əks etdirən dəyərli fikirlərin səsləndirildiyi belə bir tədbirə dəvətə görə təşəkkürünü bildirib, qeyd edib ki, kon­fransda medianın çağdaş problemlərinin sahənin tanınmış mütəxəssislərinin baxış bucağından təqdimatı böyük maraq­la qarşılanıb. 

Nazir müavini Xalid Əl-Həmdi xoş sözlərə görə təşək­kürünü çatdırıb, Səudiyyə Ərəbistanının və Azərbaycanın mediası arasında əlaqələrin sistemləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət rəsmisi təmsil olunduğu qurumun Azər­baycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi ilə münasibət­lərinə diqqət çəkərək deyib ki, diplomatik missiya Səudiyyə Ərəbistanında, xüsusilə, Azərbaycan-Ermənistan münaqişə­si ilə bağlı qeyri-dəqiq informasiyalar yayılarkən, ciddi opera­tivlik göstərir, yanlışlıqları aradan qaldırır, ictimai rəyin düz­gün məlumatlandırılmasını təmin edir. Nazir müavini Xalid Əl-Həmdi onu da bildirib ki, Azərbaycanda Səudiyyə Ərəbis­tanına maraq böyükdür, həmçinin, Krallığın jurnalistləri də Azərbaycan mediası ilə əlaqələrdə maraqlıdırlar. 

Görüşdə iştirak edən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev da iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, mövcud istiqamətdə­ki xarakterik məqamları diqqətə çatdırıb. 

Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında media təmaslarının inkişafı üçün qarşılıqlı jurnalist səfərlə­rinin təşkili istiqamətində işlərin daha da intensivləşdirilməsi qərara alınıb. 

MŞ sədri R.Məcid Xalid Əl-Həmdiyə, eyni zamanda, ha­zırda ölkənin Media Nazirinin səlahiyyətlərini yerinə yetirən Məcid Əl-Qəsabiyə təşəkkürünü bildirərək, nümayəndə heyəti adından Azərbaycan xalçasının süvenirlərini və AMEA Şərqşünaslıq İnstitutunun Qarabağ, Şuşa və Xocalı ilə bağlı dərc etdiyi kitabçaları nazir müavininə təqdim edib. 

R.AMİN

Son xəbərlər