Bu gün Rusiyanın Ukrayananın şərqində həyata keçirdiyi xüsusi hərbi əməliyyatın bir ili tamam olur. Rusiya ordusu məhz bir il əvvəl – 24 fevral 2022-ci ildə Donbasda əhalinin təhlükəsizliyini qorumaq, Ukraynanın demilitarizasiyası, denasifikasiyasını həyata keçirmək üçün Ukraynaya qoşun yeridib. Ötən müddət ərzində Rusiya ordusu Donbasın xeyli hissəsinə, ondan əvvəl isə Krıma nəzarəti ələ keçirib. Hazırda da Ukrayna ərazisində bir neçə istiqamətdə döyüşlər davam edir.
Ukrayna tərəfinin yaydığı son məlumatlara görə, müharibənin 365-ci günü ərzində Rusiya 145 850 hərbçini itirib. Bununla yanaşı, böyük həcmdə hərbi texnika itkisinə də məruz qalıb. Belə ki, Rusiyanın 3350 ədəd tankı, 6593 ədəd zirehli döyüş maşını, 2352 ədəd artilleriya sistemi, 471 ədəd reaktiv yaylım atəş sistemi, 244 hava hücumundan müdafiə sistemi, 299 ədəd hərbi təyyarəsi, 287 ədəd helikopteri, 5215 ədəd avtomobil texnikası, 2 029 ədəd PUA-sı, 873 qanadlı raketi, 18 gəmi və qayığı, 228 xüsusi avadanlığı Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat verib.
ABŞ Prezidenti Co Baydenin bu günlərdə Polşaya səfəri zamanı elan etdiyi kimi, hazırda Rusiyaya qarşı 50 ölkə özünün hərbi potensialını birləşdirib və Ukraynaya kömək edir. Məqsəd isə Rusiyanı məğlub etdirməkdir. Bir müddət əvvəl Almaniya Kansleri Olaf Şolts da bildirmişdi ki, Rusiya məğlub olmayınca müharibə bitməyəcək. Ona görə də Qərb ölkələri Ukraynaya ən müasir hərbi ləvazimatlar verməkdədir. Eyni zamanda, Qərb ölkələri Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq ediblər.
Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya 700-ə yaxın tank və mindən çox zirehli maşın verəcək. “Biz müttəfiqlərimizlə birlikdə 700-ə yaxın tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox qabaqcıl MLRS vəd etmişik”, - deyə Bayden qeyd edib.
ABŞ Prezidenti, eyni zamanda, bəyan edib ki, Qərb ölkələri Rusiyaya hücum etməyi planlaşdırmır, onun üzərində nəzarət etməyə, yaxud onu məhv etməyə çalışmır: “Bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarət yaratmağa, yaxud onu məhv etməyə çalışmır. Qərb Rusiyaya hücum etməyi planlaşdırmayıb. Rusiyanın milyonlarla vətəndaşı, sadəcə, qonşuları ilə sülh şəraitində yaşamaq istəyir”.
Bununla belə, Qərbdə hesab edirlər ki, Rusiya sülhə gəlmək niyyətindən uzaqdır. NATO-nun Baş katibi Yens Stoltenberq bir neçə dəfə deyib ki, Moskva Ukrayna üzərinə genişmiqyaslı hücum planlaşdırır. “Onun qoşunlarının genişmiqyaslı işğalı artıq ikinci ildir ki, davam edir. Rusiya prezidenti yeni müharibə planlaşdırır. Ukrayna ordusunun Qərb tərəfdaşlarının köməyinə daha çox ehtiyacı var”, - deyə Stoltenberq bildirib.
Rusiya Prezidenti Vladimir Pitin isə ölkəsini döyüş meydanında məğlub etməyin mümkün olmadığını bəyan edib. RF-nin dövlət başçısı dünən ölkədə qeyd edilən Vətən Müdafiəçiləri Günü münasibətilə təbrikində də bildirib ki, Rusiya özünün ordusunu və donanmasını ən müasir silahla təchiz edərək möhkəmləndirir, eyni zamanda, ölkənin nüvə potensialının artırılması üçün lazımi addımları atır.
Ukraynadakı xüsusi əməliyyata toxunan Putin deyib: “Xüsusi hərbi əməliyyatda iştirak edən hərbçiləri, könüllüləri, səfərbər olunmuş vətəndaşları, müxtəlif peşə mütəxəssislərini ürəkdən təbrik edirəm. Hazırda bizim döyüşçülər Ukraynada kök salmış neonasistlərə qarşı qəhrəmancasına vuruşur, tarixi ərazilərimizdəki insanlarımızı müdafiə edirlər. Qəhrəmancasına, rəşadətlə döyüşürlər”.
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov isə “Forbes” jurnalına müsahibəsində deyib ki, yazın ortalarından başlayaraq, hərbi əməliyyatlarda “dönüş nöqtəsi” olacaq, həlledici döyüşlər baş verəcək.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, Rusiya ilə Ukrayna arasında sülh yaradılması istiqamətində səmimiyyətlə cəhdlər göstərmiş yeganə ölkə Türkiyə olub. Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Moskvada və Kiyevə gedib. Putin və Zelenski ilə danışıqlar aparıb. Eyni zamanda, Türkiyədə hər iki ölkə nümayəndələrinin görüşü keçirilib. Təəssüf ki, bu yöndə bütün danışıqlar uğursuzluqla nəticələnib. Amma dünya bazarına Ukrayna aqrar məhsullarının, xüsusən taxılın ixracı məsələsində Türkiyə Prezidentinin BMT baş katibi ilə birgə səyləri yaxşı nəticə verib. Bu gün də bu sahədə problem yoxdur. Rusiya-Ukrayna cəbhəsində sülhün perspektivləri isə hələ ki, çox qaranlıq görünür…
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

