Oktyabrın 7-dən etibarən Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.
Seminar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabit iştirak edir.
Seminar əsasən müharibə təcrübəsi olan ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsaslarına, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər. Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları, xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa riayət etməsi nümunəvi xarakter daşıyır. 44 günlük müharibədə mülki insanlara dəymiş zərər nisbəti 60-cı ildən bəri dünya hərb tarixində bir möcüzədir. Antiterror əməliyyatında isə mülki tələfat ümumiyyətlə olmayıb. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar hüquqa ciddi riayət etməsinin bariz nümunəsidir. Elə bu səbəbdən də 17-ci seminarın məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil.
Seminarda müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov açılış nitqi ilə çıxış edərək Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslərin həlak olmasından danışıb. Nazir müavini çıxışında bildirib ki, Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib, itkin düşən dörd min azərbaycanlı haqqında məlumat verilmir. Bölgədə basdırılan minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra 379 nəfər mina qurbanı olub.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, Beynəlxalq Humanitar Hüquq və hədəfəalma, Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Seminar oktyabrın 12-dək davam edəcək.