Qazaxların 70 faizdən çoxu ölkədə AES tikintisini dəstəkləyir

post-img

Qazaxıstan vətəndaşlarının 71 faizindən çoxu, ilkin məlumatlara görə, referendumda ölkədə atom elektrik stansiyasının (AES) tikintisini dəstəkləyib. Bu barədə bazar ertəsi, oktyabrın 7-də respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

“Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfər və ya 71,12 faiz təşkil edib”, - deyə komissiyanın saytında bildirilir.

Səsvermədə ümumilikdə 7 milyon 820 min 204 nəfər - referendumda iştirak etmək hüququ olan vətəndaşların sayının 63,66 faizi iştirak edib.

Eyni zamanda, MDB ölkələrindən olan müşahidəçilər missiyası səsvermə zamanı heç bir qanun pozuntusu aşkar etməyib. Missiyanın üzvü, Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarovanın sözlərinə görə, referendum Qazaxıstan qanunvericiliyinə uyğun olaraq keçirilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya