Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 401 Bakı şəhəri, 3 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qayda­ları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, mad­də 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, mad­də 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271; 2022, № 4, maddələr 402, 403, № 12, maddə 1533; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 285 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“sifarişçi – elektrik şəbəkəsinə qoşul­ması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşə­cəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslər;”;

1.1.2. on altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

“qoşulma aktı – tikinti obyektinin elektrik şəbəkəsinə fiziki qoşulmasını təsdiq edən sənəd.”.

1.2. 1.3-cü bəndin üçüncü abzası ləğv edilsin.

1.3. 1.6-cı bənd aşağıdakı redaksiya­da verilsin:

“1.6. Dövlət elektroenergetika müəs­sisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, isteh­lakçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təs­diq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na uyğun olaraq həyata keçirilir.”.

1.4. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələrinin ərazi­sində tikinti obyektlərinin şəbəkəyə qo­şulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroener­getika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şə­bəkəyə qoşulma müqaviləsi ilə müəyyən edilir və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun hə­yata keçirilir.”.

1.5. 2-ci hissə və 3.1-ci bənd ləğv edilsin.

1.6. 3.2-ci bəndin birinci cümləsində “bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən” söz­ləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.

1.7. 3.2-1.2-ci yarımbənddən “Enerji Məsələlərini Tənzimləmə Agentliyi və” sözləri çıxarılsın.

1.8. 5.1-ci bənddə “elektrik enerjisi­nin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiy­yəti sərhədi və tərəflərin istismar mə­suliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə)” sözləri “qoşulma aktında qeyd olunur” sözləri ilə əvəz edilsin.

1.9. 9.13-cü bənddə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin.

1.10. Bu Qaydalara 1 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerji­sinin alqı-satqısının birtipli Müqaviləsi”nin 7-ci hissəsində, 2 nömrəli əlavə - “Ener­jitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 6-cı hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchi­zatı müəssisəsi ilə büdcədən maliyyələş­dirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısı­nın birtipli Müqaviləsi”nin 6-cı hissəsin­də və 5 nömrəli əlavə – “Müstəqil enerji istehsalçısı ilə dövlət elektro-energetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında elektrik enerjisinin alqı-satqısı­nın birtipli Müqaviləsi”nin 4-cü hissəsin­də “bu müqaviləyə əlavə olunmuş aktla” sözləri “qoşulma aktı ilə” sözləri ilə əvəz edilsin.

1.11. Bu Qaydalara 8 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istis­mar məsuliyyəti haqqında (elektrik ener­jisinin alqı-satqı müqaviləsinə əlavə) Akt” ləğv edilsin.

2. Bu Qərar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergeti­ka haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsində nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları