AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI-63

post-img

“Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar  .....üzrə ekoloji dizayn tələbləri”nin təsdiq edilməsi haqqında

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının         1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.                     “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” təsdiq edilsin (əlavə olunur).

2.                     Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirsin.

3.                     Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərlə eyni gündə qüvvəyə minir.

 

 

                                    Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  20  fevral  2023-cü il

 

№  63

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 63 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

 

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn

TƏLƏBLƏRİ

 
1. Ümumi müddəalar
 

1.1. “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” (bundan sonra – Tələblər) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və bazara yerləşdirilən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üçün ekoloji dizayn tələblərini müəyyən edir.

1.2. Bu Tələblər texniki reqlamentlə müəyyən edilmiş enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullara tətbiq edilir.

1.3. Tələblər şəxsi məqsədlər üçün istifadə edilən, sərnişin və yük daşımaları üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə şamil edilmir.

1.4. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. ekoloji dizayn (bundan sonra – ekodizayn) – ekodizayn tələblərinin enerji istehlak edən və ya enerji istehlakına təsir göstərən məhsulun dizaynına inteqrasiyası;

1.4.2. ekodizayn tələbi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulun ətraf mühitə təsir göstəricilərinin ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün məhsula və ya onun konstruksiyasına dair tələblər;

1.4.3. bazara yerləşdirilmə – məhsulun ilk dəfə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılması;

1.4.4. ekoloji aspekt – məhsulun həyat dövrü ərzində ətraf mühitlə qarşılıqlı əlaqədə olan elementi və ya funksiyası;

1.4.5. ekoloji xüsusiyyətlər – məhsulun texniki sənədinə əsasən ekoloji aspektlərinin istehsalçı tərəfindən idarə edilməsi nəticəsində yaranan göstəricilərin məcmusu; 

1.4.6. ekoloji profil – məhsulun həyat dövrü ərzində onunla əlaqəli olan, məhsulun ətraf mühitə təsirini göstərən, ölçülə bilən və fiziki kəmiyyətlərlə ifadə olunan məlumatların (materiallar, emissiyalar və tullantılar kimi) texniki reqlamentə uyğun təsviri; 

1.4.7. enerji istehlakı ilə əlaqədar məhsul (bundan sonra – məhsul) – bazara yerləşdirilən, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsul, habelə ona daxil edilən və ekoloji xüsusiyyətlərinin fərdi şəkildə qiymətləndirilməsi mümkün olan hissələr;

1.4.8. istehsalçı – mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, satış üçün mal istehsal edən hüquqi şəxs və ya fərdi sahibkar;

1.4.9. komponentlər və detallar – məhsulların tərkibinə daxil edilməsi nəzərdə tutulan, lakin son istehlakçılar üçün fərdi hissələr kimi bazara yerləşdirilməyən və ya ekoloji xüsusiyyətlərinin müstəqil şəkildə qiymətləndirilməsi mümkün olmayan hissələr;

1.4.10. məhsulun həyat dövrü – xammalın istifadəsindən başlayaraq, məhsulun məhv edilməsinə qədər ardıcıl və bir-biri ilə əlaqəli mərhələlərin məcmusu;

1.4.11. ümumi ekodizayn tələbi – məhsulun ekoloji profilinə əsaslanan və konkret ekoloji aspektlər üzrə son hədd göstəricisi müəyyən etməyən ekodizayn tələbi;

1.4.12. xüsusi ekodizayn tələbi – məhsul vahidi üçün hesablanan və onun konkret ekoloji aspektinə aid olan, ölçülməsi mümkün olan və kəmiyyətlə ifadə olunan ekodizayn tələbi;

1.4.13. təhlükəli tullantı – tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar; 

1.4.14. təkrar emal – istehsal prosesində material tullantılarının onların ilkin və ya digər məqsədlər üçün (enerjinin bərpası istisna olmaqla) emalı prosesi;

1.4.15. təkrar istifadə – istehsalçıya, yığım məntəqəsinə, emalçıya təhvil verilmiş və ya təmir edilmiş məhsulun və ya onun komponentlərinin eyni məqsədlərlə yenidən istifadəsi;

1.4.16. tullantılar – qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar.

1.5. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2. Məhsulların bazara yerləşdirilməsi,

habelə ona nəzarət və idxalçının öhdəlikləri

2.1. Məhsullar bu Tələblərə cavab verdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq AZC uyğunluq nişanını daşıdığı halda bazara yerləşdirilir.

2.2. Texniki reqlamentlərin tələblərinə uyğun olmayan bazarda yerləşdirilmiş məhsullara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. 

Məhsulların bazara yerləşdirilməsinə nəzarət tədbirləri, o cümlədən yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən-məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

2.3. İstehlakçılar, həmçinin digər maraqlı tərəflər məhsulun texniki reqlamentin tələblərinə uyğunsuzluğu ilə bağlı məlumatları Nazirliyə təqdim etmək hüququna malikdirlər.

2.4. Texniki reqlamentin tələblərinə uyğun olaraq istehsalçılar istehlakçıları aşağıdakılar barədə məlumatlarla (kağız və ya elektron formada) təmin edirlər:

2.4.1. məhsulun dayanıqlı istifadəsində istehlakçının rolu;

2.4.2. məhsulun ekoloji profili və ekodizayn tələbləri;

2.5. Texniki reqlamentlə müəyyən edildiyi halda komponentləri və detalları bazara yerləşdirən istehsalçılar və ya onların ticarət nümayəndələri (agentləri) tərəfindən məhsulun istehsalçısına həmin komponent və detalların material tərkibi, habelə onların material, enerji və (və ya) digər resurslarının istehlakı barədə məlumatlar təqdim edilir.

2.6. Xarici ölkədə yerləşən istehsalçıların Azərbaycan Respublikasında ticarət nümayəndəsi (agenti) aşağıdakı vəzifələri yerinə yetirir:

2.6.1. bazara yerləşdirilən məhsulun bu Tələblərə və texniki reqlamentə uyğunluğunu təmin etmək;

2.6.2. bazara yerləşdirilən məhsulun uyğunluq sertifikatını və ya uyğunluq bəyannaməsini və texniki sənədlərini müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlamaq, habelə məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması zamanı dərhal təqdim etmək.

3. Uyğunluq nişanı və uyğunluğun qiymətləndirilməsi

3.1 Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş uyğunluq sertifikatları, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsi ilə müəyyən olunmuş qaydada tanınmış xarici mənşəli uyğunluq sənədləri və ya təsərrüfat subyektlərinin tərtib etdiyi uyğunluq bəyannamələri ilə təmin edilmiş məhsullara bazara yerləşdirilməzdən əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na əsasən uyğunluq nişanı vurulur.

3.2. Uyğunluğun qiymətləndirilməsi prosedurları və sxemləri (modulları) texniki reqlamentlə müəyyən edilir. 

3.3. Müvafiq uyğunluğun qiymətləndirilməsi proseduruna uyğun olaraq, təsərrüfat subyektləri məhsulun istehsalı mərhələsində məhsul bazara yerləşdirilməzdən əvvəl texniki reqlamentdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə məhsulun, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətlən-dirilməsini təmin etməlidir.

3.4. Məhsulun texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə istehsalçı və onun ya ticarət nümayəndəsi (agenti) bu Tələblərin 5-ci və 6-cı hissələri ilə müəyyən edilən ekodizayna daxili nəzarət və uyğunluğun qiymətləndirilməsi üçün idarəetmə sistemi üsulları arasında seçim edərək onlardan birini tətbiq etmək hüququna malikdir. Məhsulun texniki reqlamentə uyğunlu-ğunun qiymətləndirilməsi “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

3.5. İstehsalçı və ya onun ticarət nümayəndəsi (agenti) texniki reqlament tətbiq olunan məhsulu bazara yerləşdirdikdən sonra uyğunluğun qiymətləndirilməsi ilə bağlı texniki sənədləri, uyğunluq sertifikatını və ya uyğunluq bəyannaməsini müvafiq texniki reqla-mentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlamalıdır. 

3.6. Uyğunluğun qiymətləndirilməsi ilə bağlı sənədlər, uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

3.7. Məhsula vurulmuş uyğunluq nişanı həmin məhsulun texniki reqlamentin tələblərinə uyğun olduğunu göstərir. 

3.8. İstinad edilmiş standartların və ya texniki şərtlərin tətbiq olunduğu məhsul texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etdikdə və bu, məhsulun müvafiq istinad edilmiş standarta və ya texniki şərtə uyğun olduğunu təsdiq edən sənədlərdə göstərildikdə, məhsul müvafiq texniki reqlamentin əsas tələblərinə uyğun hesab edilir.

4. Ekodizayn tələbləri

4.1. Ümumi ekodizayn tələbləri son hədd göstəricilərinin müəyyən edilməsi mümkün olmayan hallarda məhsulların ekoloji aspektlərinə diqqət yetirməklə, onların ekoloji xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədini daşıyır. Son hədd göstəricilərinin müəyyən edilməsi mümkün olmayan məhsul qrupuna ümumi ekodizayn tələbləri bu Tələblərin 4.3-4.6-cı bəndlərinə uyğun tətbiq edilir.

4.2. Xüsusi ekodizayn tələbləri məhsulun konkret ekoloji aspektini yaxşılaşdırmaq məqsədini daşıyır və məhsul üzrə enerji və ya digər resursun istehlak miqdarı, məhsula daxil edilmiş materialın miqdarı və ya emal olunan materialın minimum miqdarı kimi kəmiyyətlərlə ifadə olunan tələbləri müəyyən edir. Bu, məhsulun həyat dövrünün müxtəlif mərhələlərində material, enerji və ya digər resurslardan istifadənin məhdudlaşdırılması ilə həyata keçirilir.

4.3. Məhsullar üçün ekodizayn parametrləri aşağıdakılardan ibarətdir:

4.3.1. ekoloji aspektlər məhsulun həyat dövrünün aşağıdakı mərhələlərinə uyğun olaraq müəyyən edilir:

1. xammalın seçilməsi və istifadəsi;

2. məhsulun istehsalı;

3. qablaşdırma, daşınma və bazara yerləşdirmə;

4. quraşdırılma və texniki xidmət;

5. məhsulun istifadəsi;

6. məhsulun həyat dövrünün sonu (məhsulun məhv edilməsinə qədər istismar müddətinin sona çatdığı müddət);

4.3.2. bu Tələblərin 4.3.1-ci yarımbəndində qeyd edilən mərhə-lələr üçün müvafiq olaraq aşağıdakı ekoloji aspektlər qiymətləndirilir:

1. materialların, enerjinin və şirin su kimi digər resursların proqnozlaşdırılan istehlakı;

2. havaya, suya və ya torpağa gözlənilən emissiyalar;

3. səs-küy, vibrasiya, radiasiya, elektromaqnit dalğaları kimi fiziki təsirlər vasitəsilə gözlənilən çirklənmə;

4. tullantıların gözlənilən həcmi;

5. normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla materialların və (və ya) enerji resursunun təkrar istifadəsi, təkrar emalı və ya rekuperasiyası (enerjinin istehsalı məqsədilə yanar tullantıların digər tullantılarla və ya digər tullantılar olmadan, lakin istiliyin ayrılmasının baş verməsi ilə birbaşa yandırılmaqla istifadəsi) imkanları;

4.3.3. bu Tələblərin 4.3.2-ci yarımbəndində qeyd olunan ekoloji aspektlərin yaxşılaşdırılması potensialının qiymətləndirilməsi üçün aşağıdakı parametrlərdən istifadə edilir:

1. məhsulun çəkisi və həcmi;

2. təkrar emal nəticəsində alınan materialların istifadəsi;

3. məhsulun həyat dövrü ərzində enerji, su və digər resursların istehlakı;

4. ekoloji cəhətdən təhlükəli olan maddələrin istifadəsi;

5. düzgün istifadə və texniki xidmət üçün lazım olan materialların miqdarı və xarakteri;

6. təkrar istifadə və təkrar emal üçün asanlıq: istifadə olunan materialların və komponentlərin sayı, standart komponentlərin istifadəsi, sökülməyə lazım olan vaxt, habelə alətlərin mürəkkəbliyi, asan təkrar emal edilə bilən materiallardan istifadə, qiymətli və digər təkrar emala yararlı komponentlərin və materialların əlçatanlığı, tərkibində təhlükəli maddələr olan komponentlərin və materialların əlçatanlığı;

7. istifadə olunan komponentlərin daxil edilməsi;

8. komponentlərin və bütövlükdə cihazların təkrar istifadə və təkrar emal imkanlarını korlaya biləcək texniki həllərdən qaçılma;

9. xidmət müddətinin uzadılması imkanları: minimum zəmanətli xidmət müddəti, ehtiyat hissələrin mövcudluğu üçün minimum vaxt, modulluq, təkmilləşdirmə, təmirə yararlılıq;

10. yaranan tullantı və təhlükəli tullantı miqdarı;

11. havaya emissiyalar (istixana qazları, turşulaşdırıcı maddələr, uçucu üzvi birləşmələr, ozonu məhv edən maddələr, davamlı üzvi çirkləndiricilər, ağır metallar, bərk hissəciklər (ümumi toz);

12. suya emissiyalar (ağır metallar, oksigen balansına mənfi təsir göstərən maddələr, davamlı üzvi çirkləndiricilər);

13. torpağa emissiyalar (radioaktiv və kimyəvi çirklənmə, xüsusilə məhsuldan istifadə zamanı təhlükəli maddələrin sızması, tökülməsi və onun tullantı kimi atılması zamanı yuyulma potensialı).

4.4. Texniki reqlamentlə tələb olunan hallarda istehsalçı məhsulla rəftar barədə, ondan istifadə və ya onun təkrar emalına təsir edə biləcək aşağıdakı məlumatları təqdim edir:

4.4.1. məhsulun istehsal prosesi ilə bağlı məlumatlar;

4.4.2. məhsul bazara yerləşdirilən zaman onun mühüm ekoloji xüsusiyyətləri ilə bağlı təqdim edilən və bununla istehlakçılara məhsulları müqayisə etmək imkanı yaradan məlumatlar;

4.4.3. məhsulun ətraf mühitə təsirini minimuma endirmək və optimal xidmət müddətini təmin etmək məqsədilə onun quraşdırılması, istifadəsi və saxlanılması, habelə məhsulun xidmət müddətinin sonunda onun qaytarılması, uyğun hallarda ehtiyat hissələrin mövcudluq müddəti və məhsulların təkmilləşdirilməsi imkanları haqqında məlumatlar;

4.4.4. məhsulun sökülməsi, təkrar emalı və ya məhv edilməsi ilə bağlı məlumatlar.

4.5. Bu Tələblərin 4.4-cü bəndində qeyd olunan məlumatlar texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda məhsulun üzərində əks etdirilir. 

4.6. İstehsalçılar tərəfindən məhsulun ekodizaynı ilə bağlı aşağıdakılar həyata keçirilir:

4.6.1. texniki reqlamentdə göstərilən ekoloji aspektlər nəzərə alınaraq istifadə şərtləri və məqsədləri barədə həyat dövrü boyunca məhsulun modelinin qiymətləndirilməsi aparılır;

4.6.2. bu Tələblərin 4.6.1-ci yarımbəndində qeyd edilən qiymətləndirmə əsasında məhsulun ekoloji profilinin yaradılması. Bu profil məhsulun mühüm ekoloji aspektlərinə və həyat dövrü ərzində fiziki kəmiyyətlərlə ifadə olunan giriş və çıxış məlumatlarına (materiallar, emissiyalar və tullantılar kimi) əsaslanır;

4.6.3. alternativ dizayn həllərinin və məhsulun ekoloji xüsusiy-yətlərinin texniki reqlamentlə müəyyən edilən etalon göstəricilərlə müqayisə edilməklə, bu Tələblərin 4.3.2-ci yarımbəndinə uyğun olaraq qiymətləndirilməsinin aparılması;

4.6.4. dizayn həllinin seçimi zamanı qanunvericiliyə riayət edilməklə, müxtəlif ekoloji aspektlər arasında, habelə ekoloji aspekt-lərlə digər amillər (təhlükəsizlik və sağlamlıq, funksionallıq, keyfiyyət, effektivlik, iqtisadi, o cümlədən istehsal xərcləri və rəqabətə davamlılıq) arasında tarazlığa nail olunması.

5. Ekodizayna daxili nəzarət

5.1.          Ekodizayna daxili nəzarət istehsalçı və ya onun ticarət nümayəndəsi (agenti) tərəfindən məhsulun texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi üsuludur. 

5.2. İstehsalçı tərəfindən məhsulun texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün texniki sənədlər toplusu tərtib edilir. Texniki sənədlərə aşağıdakı məlumatlar daxil edilir:

5.2.1. məhsulun ümumi təsviri və onun təyinatı;

5.2.2. istehsalçı tərəfindən aparılan ekoloji qiymətləndirmənin nəticələri və (və ya) məhsulun dizayn həllərinin qiymətləndirilməsi, sənədləşdirilməsi və müəyyən edilməsi zamanı istifadə olunan ekoloji qiymətləndirmə mənbələrinə (müvafiq ədəbiyyat və ya analoji tədqiqatlar) istinadlar;

5.2.3. məhsulun ekoloji profili;

5.2.4. məhsulun ekoloji aspektləri ilə bağlı dizayn spesifikası-yalarının elementləri;

5.2.5. texniki reqlamentin tələblərinə cavab verən məhsulun istehsalı üçün tətbiq olunan istinad edilmiş standartların siyahısı;

5.2.6. bu Tələblərin 4.4-cü bəndində qeyd edilmiş məlumatlar;

5.2.7. ekodizayn tələbləri üzrə aparılan ölçmələrin nəticələri, o cümlədən bu ölçmələrin tətbiq olunan texniki reqlamentlə müəyyən edilmiş ekodizayn tələblərinə uyğunluğuna dair məlumatlar.

5.3. İstehsalçı məhsulun bu Tələblərin 5.2.4-cü yarımbəndində göstərilən dizayn spesifikasiyalarına və texniki reqlamentə uyğun şəkildə istehsalını təmin etmək məqsədilə zəruri tədbirlər görür.

6. Uyğunluğun qiymətləndirilməsi üçün idarəetmə sistemi

6.1.          Uyğunluğun qiymətləndirilməsi üçün idarəetmə sistemi (bundan sonra – idarəetmə sistemi) istehsalçı tərəfindən bu Tələblər üzrə öhdəliklərin yerinə yetirilməsi, məhsulun texniki reqlamentin tələblərinə uyğunluğunun təmin və bəyan edilməsi üsuludur.

6.2. İdarəetmə sisteminin tətbiqi bu Tələblərin 6.3-cü bəndi ilə müəyyən edilmiş tərkib hissələrinin istehsalçı tərəfindən icrası ilə həyata keçirilir.

6.3. İdarəetmə sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir: 

6.3.1. məhsulun ekoloji xüsusiyyətləri ilə bağlı siyasət:

1. istehsalçı məhsulun texniki reqlamentin tələblərinə uyğunlu-ğunu nümayiş etdirməyi bacarmalı, məhsulun ekoloji xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə həmin xüsusiyyətlərin müəyyən edilməsi, habelə nəzərdən keçirilməsi çərçivəsini təmin etmək iqtidarında olmalıdır;

2. məhsulun ekoloji xüsusiyyətlərinin yaxşılaşdırılması və ekoloji profilinin müəyyən edilməsi məqsədilə onun dizaynı və istehsalı zamanı nəzərə alınan bütün tədbirlər yazılı prosedurlar və təlimatlar formasında müntəzəm olaraq sənədləşdirilir;

3. yazılı prosedurlar və təlimatlar aşağıdakıları ehtiva edir:

- məhsulun uyğunluğunu nümayiş etdirən və tələb olunduğu hallarda təqdim edilən sənədlərin siyahısı;

- istehsalçının məhsulun ekoloji xüsusiyyətləri ilə bağlı məqsədləri, vəzifə və səlahiyyətlərinin icrası, o cümlədən təşkilati strukturunun saxlanması ilə bağlı müvafiq resursların bölüşdürülməsi; 

- məhsulun istehsalından sonra onun iş göstəricilərinin ekoloji xüsusiyyətlərinə uyğunluğunu müəyyən etmək üçün aparılacaq yoxlamalar və sınaqlar;

- tələb olunan sənədlərə nəzarət və onların yenilənməsinin təmin edilməsi prosedurları;

- idarəetmə sisteminin tərkib hissələri üzrə icra vəziyyətinin və effektivliyinin yoxlanılması üsulu;

6.3.2. planlaşdırma:

1. istehsalçı məhsulun ekoloji profilinin müəyyən edilməsi prosedurunu yaradır; 

2. texniki və iqtisadi tələblər nəzərə alınmaqla, texnoloji variantlar üçün məhsulun ekoloji xüsusiyyətlərini və bununla bağlı məqsədləri müəyyən edir;

3. həmin məqsədlərə nail olmaq üçün proqram hazırlayır və saxlayır;

6.3.3. icra və sənədləşmə:

1. idarəetmə sistemi üzrə sənədləşmə aşağıdakı tələblərə cavab verməlidir:

- məhsulun effektiv ekoloji xüsusiyyətlərini təmin etmək və bununla bağlı təhlil və təkmilləşdirmə aparmaq məqsədilə məhsulun iş göstəriciləri haqqında hesabat verilməsi üçün vəzifələrin və səlahiyyətlərin müəyyən edilməsi və sənədləşdirilməsi;

- məhsulun dizaynı zamanı dizayna nəzarət və yoxlama üsullarının icra olunmasını, habelə istifadə edilən prosesləri və müntəzəm tədbirləri göstərən sənədlərin hazırlanması;

- istehsalçı tərəfindən idarəetmə sisteminin əsas ekoloji elementlərini təsvir edən və tələb olunan bütün sənədlərə nəzarət prosedurunu təmin edən məlumat bazasının yaradılması və saxlanılması;

2. məhsul üzrə sənədləşdirmə zamanı aşağıdakılar qeyd edilməlidir:

- məhsulun ümumi təsviri və onun təyinatı;

- istehsalçı tərəfindən aparılan ekoloji qiymətləndirmənin nəticələri və (və ya) məhsulun dizayn həllərinin qiymətləndirilməsi, sənədləşdirilməsi və müəyyən edilməsi zamanı istifadə olunan ekoloji qiymətləndirmə mənbələrinə (müvafiq ədəbiyyat və ya analoji tədqiqatlar) istinadlar;

- texniki reqlamentin tələb etdiyi halda məhsulun ekoloji profili;

- ekodizayn tələbləri üzrə aparılan ölçmələrin nəticələri, o cümlədən bu ölçmələrin tətbiq olunan texniki reqlamentlə müəyyən edilmiş ekodizayn tələblərinə uyğunluğuna dair məlumatları ehtiva edən sənədlər;

- tətbiq olunmuş standartlar qeyd edilməklə, spesifikasiyaların istehsalçı tərəfindən müəyyən edilməsi, bu Tələblərin 3.8-ci bəndində qeyd edilən standartlar və ya texniki şərtlər tətbiq edilmədiyi və ya texniki reqlamentin tələblərini tam əhatə etmədiyi hallarda uyğunluğun təmin edilməsi üçün həllər;

- bu Tələblərin 4.4-cü bəndində qeyd edilmiş məlumatların surəti;

6.3.4. yoxlama və təshih tədbirləri:

1. məhsulun dizayn spesifikasiyasına və texniki reqlamentin tələblərinə uyğun istehsal olunmasını təmin etmək üçün lazımi tədbirlərin görülməsi;

2. uyğunsuzluğun müəyyən edilməsi və aradan qaldırılması prosedurunun yaradılması və ona riayət, habelə təshih tədbirləri nəticəsində edilmiş dəyişikliklər barədə məlumatların sənədləş-dirilməsi;

3. ən azı üç ildən bir idarəetmə sisteminin onun tərkib hissələri üzrə həyata keçirildiyinin yoxlanılması.

 

________________

       №-li nüsxə

Nazirlər kabinetinin qərarları