Elmi dərəcə və elmi ad verilməsi, kadrların attestasiyası, dissertasiya şuralarının fəaliyyəti, elmi etika və beynəlxalq təcrübə ilə uyğunluq kimi məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) əsas fəaliyyət istiqamətlərindəndir. Son dövrlərdə bu sahədə həyata keçirilən islahatlar, yeni qaydalar və rəqəmsallaşma prosesi elmi ictimaiyyətin də diqqətindədir. Bu və digər aktual mövzularla bağlı AZƏRTAC-ın suallarını Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev cavablandırıb.
– Azərbaycanda son illərdə elm sahəsində həyata keçirilən islahatlar və tədqiqatyönümlü ali təhsil modelinə keçid hədəflənir. Bu islahatlar fonunda Ali Attestasiya Komissiyasının fəaliyyətinin elmi sistemin inkişafına verdiyi töhfələr nədən ibarətdir? Sizcə, bu sahədə hansı əsas çağırışlar aktuallığını saxlayır?
– Son dövrlərdə Ali Attestasiya Komissiyasının fəaliyyəti elmi dərəcə və elmi adların verilməsində həm struktur, həm də məzmun baxımından nəzərəçarpacaq dərəcədə yenilənib. 2019-cu ildən etibarən qəbul edilmiş normativ sənədlər əsasında müdafiə və attestasiya prosedurlarında əsaslı dəyişikliklər aparılıb, elmi seminarların təşkili, müdafiə iclaslarında elektron səsvermə və şəffaflıq prinsipləri tətbiq olunub. Tələb olunan monoqrafiya, dərslik, dərs vəsaitləri və ümumiləşdirici işlərlə bağlı meyarlar təkmilləşdirilib, elmi plagiatla mübarizədə texniki və ekspert əsaslı nəzarət gücləndirilib.
Doğrudur ki, elm sahəsində aparılan islahatlar son illərdə daha sistemli xarakter alıb və bu, çox müsbət haldır. Çünki elmə dair sistemli yenilənmə olmadan ali təhsil sistemində baş verən dəyişikliklər tamamlanmış sayılmaz. Bu baxımdan, Komissiyanın rolu əsasən bu islahatların son mərhələsində – yəni elmi dərəcə və elmi adların verilməsi mərhələsində – keyfiyyətin qorunması və təmin edilməsi üzərində qurulub. Məhz bu səbəbdən Komissiyanın öz daxilində də struktur və normativ islahatlar həyata keçirilir.
Bununla yanaşı, aydın şəkildə qeyd olunmalıdır ki, elmi fəaliyyətin keyfiyyəti yalnız Attestasiya mərhələsində deyil, bütövlükdə elmi kadr hazırlığı prosesində formalaşır. Alim olmaq istəyən şəxslərin tədqiqat vərdişləri və elmi düşüncə tərzi bakalavriat və magistratura səviyyələrindən başlayaraq sistemli şəkildə inkişaf etdirilməlidir. Əgər ali təhsilin ilkin mərhələlərində tələbələrdə tədqiqat bacarıqları, elmi üslubda yazı vərdişləri və elmə maraq aşılanmazsa, daha sonra təqdim olunan dissertasiya işlərində keyfiyyətin təmin edilməsi olduqca çətinləşir. Yəni, problemin tam həlli üçün ali təhsilin bütün səviyyələrində elmi mədəniyyətin formalaşdırılması və tədqiqatyönümlü yanaşmanın gücləndirilməsi həlledici rol oynayır.
Öz növbəsində, komissiya fəaliyyətində keyfiyyəti artırmaq və prosedurları sadələşdirmək məqsədilə yaxın gələcəkdə bir sıra islahatlara başlayacaq. Bu islahatların əsas istiqamətlərindən biri sənədlərin qəbulundan ekspertizasına qədər mərhələlərin rəqəmsallaşdırılması və elektron sistem üzərindən idarə olunmasıdır. Eyni zamanda, elmi dərəcə və elmi adların verilməsi üzrə prosedurların yüngülləşdirilməsi, o cümlədən dissertasiyaların struktur və həcm baxımından çevikləşdirilməsi, akademik yazı tərzinə dair yeni yanaşmaların tətbiqi nəzərdə tutulur. Komissiya sənəd dövriyyəsinin azaldılması və xarici dil tələblərinin tətbiq mexanizmlərində yeniliklər, eləcə də professor elmi adının verilməsi meyarlarının təkmilləşdirilməsi istiqamətində də dəyişikliklər planlaşdırır. Bu addımlar həm şəffaflığı, həm də funksionallığı artırmaq məqsədi daşıyır.
– Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Əsas islahat istiqamətləri hansılar ola bilər?
– Doktorantura sistemində elmi rəhbərlik, dissertasiya mövzularının təsadüfi və təkrar xarakter daşıması, metodoloji hazırlıqla bağlı müəyyən çatışmazlıqlar mövcuddur.
Doktorantura təhsili elmi kadr hazırlığının əsas mərhələsidir və bu sahədə keyfiyyətin təmin olunması ölkənin intellektual potensialının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb, lakin kifayət qədər təkmilləşdirilməli olan məsələlər də mövcuddur.
Əminliklə demək olar ki, doktorantura təhsilində islahatlara ehtiyacın olması bu gün elmi ictimaiyyət tərəfindən də birmənalı şəkildə qəbul olunur. Bunun başlıca səbəbi odur ki, mövcud model əsasən fərdi təşəbbüslər üzərində qurulub, sistemli akademik mühit və dəstəkləyici strukturlar isə məhdud şəkildə fəaliyyət göstərir. Bu da tədqiqat prosesinin keyfiyyətinə, metodoloji hazırlığın səviyyəsinə və nəticələrin tətbiq potensialına birbaşa təsir edir.
Qeyd etmək yerinə düşər ki, beynəlxalq təcrübədə doktorantura təhsili üzrə müxtəlif modellər mövcuddur və onlar arasında ciddi struktur fərqləri var. Məsələn, Avropa ölkələrinin bir çoxunda tətbiq olunan “strukturlu doktorantura modeli” tədqiqat prosesinin əvvəlindən sonunadək sistemli şəkildə təşkil olunmasına yönəlib. Bu modeldə doktorantlar üçün nəzəri-metodoloji hazırlıq kursları, seminarlar, aralıq qiymətləndirmələr və monitorinq mexanizmləri institusional şəkildə qurulur. Tələbənin təkcə elmi işini deyil, ümumi akademik bacarıqlarını da inkişaf etdirməsi nəzərdə tutulur.
Digər tərəfdən, ABŞ modeli daha çox mərhələli yanaşmaya əsaslanır. Bu modeldə doktorantura təhsili magistratura səviyyəsindən sonra 5–7 illik dövrü əhatə edir və ilkin mərhələdə geniş kurs proqramı ilə müşayiət olunur. İmtahan mərhələsini uğurla keçdikdən sonra tələbə dissertasiya mərhələsinə keçir. Burada da təkcə tədqiqat deyil, həm də pedaqoji fəaliyyət, elmi nəşrlər və layihələrdə iştirak vacib komponentlər hesab olunur. Bu yanaşma tədqiqatçının həm akademik, həm də praktiki baxımdan hazırlanmasını təmin edir.
Doktorantura təhsilinin bütün mərhələlərinin məqsədyönlü və ardıcıl şəkildə təşkili vacib olsa da, ən əsas prioritet sayılan nəticə tədqiqatın doktorant tərəfindən elmi üslubda, müvafiq metodoloji çərçivə əsasında və mövcud elmi standartlara uyğun şəkildə hazırlanmasıdır. Bu baxımdan, istənilən struktur modelinin – istər strukturlu Avropa modeli, istərsə də mərhələli Amerika modeli – seçilməsi ikinci dərəcəlidir. Əsas məsələ odur ki, seçilən model həmin elmi keyfiyyəti, akademik dürüstlüyü və tədqiqatın standartlara uyğunluğunu təmin edə bilsin. Komissiyanın funksiyası da məhz bu keyfiyyət meyarlarının qorunmasına nəzarət etməkdir.
– Elmi dərəcələrin verilməsi prosesində elmi müəssisə və təşkilatlarda, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarının fəaliyyəti, müdafiə prosedurlarının ləng və çoxpilləli olması, etik standartlar, qeyri-şəffaf yanaşmalar və subyektivlik ilə bağlı iddialar var. Mövcud müdafiə mexanizmlərində hansı sistem problemləri var və bu sahədə nə kimi dəyişikliklər planlaşdırılır?
– Dissertasiya müdafiə mexanizmləri ilə bağlı müzakirələrin aktuallığı həm komissiyanın müşahidələri, həm də elmi ictimaiyyətin müzakirələri fonunda başadüşüləndir. Ölkəmizdə hazırda tətbiq olunan müdafiə sistemi tarixi olaraq formalaşmış hibrid bir modeldir – burada həm klassik sovet modelinin elementləri, həm də müasir keyfiyyət meyarları paralel şəkildə mövcuddur.
Vacib bir məsələ ondan ibarətdir ki, dissertasiya şuralarının yaradılması, şura tərkibi və müdafiə iştirakçılarının müəyyən olunması Komissiya tərəfindən deyil, elmi müəssisə və ali təhsil müəssisələri tərəfindən təqdim olunan vəsatətlər əsasında həyata keçirilir. Komissiyanın rolu burada prosedur uyğunluğuna və normativ tələblərə riayət olunmasına nəzarətlə məhdudlaşır.
Bununla belə, müdafiə mərhələsində müəyyən sistem problemləri davam etməkdədir. Bura sənədlərin tamlığı ilə bağlı çatışmazlıqlar, elmi seminar və şura iclaslarında texniki və metodoloji tələblərin tam yerinə yetirilməməsi, opponent seçiminin keyfiyyət meyarlarına tam uyğun gəlməməsi və bəzən prosesin formal xarakter daşıması kimi hallar daxildir. Bu səbəbdən bəzi dissertasiyalar ilkin mərhələdə müsbət rəy alsa da, attestasiya zamanı ciddi elmi və etik pozuntulara görə elmi dərəcə verilməsindən imtinaya səbəb olur. Komissiyanın mövqeyi burada aydındır – biz yalnız nəticəyə deyil, həmin nəticəyə gətirən elmi və prosedur yolun keyfiyyətinə də ciddi yanaşırıq.
Son illərdə bu sahədə daha şəffaf və keyfiyyətə əsaslanan mühitin formalaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, müdafiələrin yekun mərhələsində elektron səsvermə tətbiq edilib, “aparıcı təşkilat” ləğv olunaraq rəsmi opponentlərin sayı artırılıb. Həmçinin xarici dil və ixtisas imtahanlarının keçirilməsində daha çevik və beynəlxalq standartlara uyğun mexanizmlər tətbiq olunub, B2 səviyyəsində dil sertifikatlarının tanınması təmin edilib. Elmi seminarların ixtisas üzrə ayrıca təşkili təmin olunub, dissertasiyaların ingilis dilində hazırlanması və müdafiəsi üçün hüquqi və təşkilati imkanlar yaradılıb. Plagiatla mübarizə isə yalnız texniki vasitələrlə deyil, alternativ ekspertiza əsaslı yanaşmalarla gücləndirilib.
Komissiyanın əsas məqsədi müdafiə prosedurlarını sadəcə texniki baxımdan deyil, mahiyyət etibarilə də gücləndirməkdir. Yəni məqsəd təkcə sənədlərin düzgünlüyünə nəzarət deyil, təqdim olunan dissertasiyanın elmi keyfiyyətini, metodoloji əsaslarını və aktuallığını da sistemli şəkildə qiymətləndirməkdir. Bəzən iddiaçılar dissertasiya şuralarından keçmiş işlərinə Komissiya səviyyəsində irad bildirilməsini qeyri-obyektivlik kimi qiymətləndirirlər. Əslində, bu yanaşma sistemin keyfiyyət filtri kimi son mərhələdə Komissiyanın məsuliyyətli və ciddi şəkildə işləməsinin göstəricisidir.
– Fəlsəfə doktorluğu elmi dərəcəsinin verilməsində mövcud vəziyyət necədir? Prosedurlarda edilən dəyişikliklərin effektivliyi, elmi keyfiyyətin və ədalətli qiymətləndirmənin təmin olunmasına təsiri nə dərəcədə təmin olunub və gələcəkdə daha hansı addımlar nəzərdə tutulur?
– Son illərdə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində bir sıra sistemli dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklərin əsas məqsədi həm prosedurların sadələşdirilməsi, həm də elmi keyfiyyətin və ədalətli qiymətləndirmənin təmin olunması olub. Mövcud vəziyyəti real və obyektiv şəkildə qiymətləndirmək üçün ilk növbədə nəzərə almalıyıq ki, elmi dərəcə təkcə formallıq deyil, tədqiqatın keyfiyyəti və elmi dürüstlüyün göstəricisidir.
İmtahan sistemində də ciddi dəyişikliklər baş verib. Xarici dil imtahanı artıq Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və beynəlxalq sertifikatlara malik olan şəxslər bu mərhələdən azad olunurlar. Bu, obyektivliyin artırılması baxımından önəmlidir.
Elmi nəşrlərə dair tələblər də beynəlxalq standartlara uyğunlaşdırılıb. Artıq fəlsəfə doktoru dərəcəsinə iddia edən şəxslər elmi məqalələrini müəyyən olunmuş xülasələndirmə və indeksləmə bazalarına daxil olan jurnallarda dərc etdirməlidirlər. Bu tələbin tətbiqi nəticəsində Azərbaycan alimlərinin beynəlxalq elmi bazalardakı aktivliyində nəzərəçarpacaq artım müşahidə olunur.
Məsələn, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyət hesabatında da qeyd olunduğu kimi, 2024-cü ildə “Scopus” bazasında Azərbaycan alimləri tərəfindən dərc olunan elmi nəşrlərin sayı əvvəlki illə müqayisədə təxminən 40 faiz artaraq 4000-ə çatıb (2023-cü ildə bu göstərici 2816 idi). Eyni zamanda, “Web of Science” bazasında indekslənmiş nəşrlərin sayı 52.9 faiz artaraq 1885-dən 2882-yə yüksəlib. Bu dinamika göstərir ki, elmi keyfiyyətə yönəlmiş prosedur dəyişiklikləri real nəticələr doğurur və alimlərimizin elmi nəticələrinin qlobal elmi məkana inteqrasiyasını sürətləndirir.
Onu da qeyd edim ki, Komissiya fəlsəfə doktorlarının statusunun artması istiqamətində də müəyyən addımlar atıb. Belə ki, yeni qaydalara görə fəlsəfə doktorları həlledici səslə bütün dissertasiya müdafiələri ilə bağlı iclaslarda (ilkin müzakirə, seminar və bilavasitə müdafiədə), Komissiyanın ekspert şuralarının tərkibində ekspert qismində işə cəlb edilirlər. Bundan başqa, fəlsəfə doktorlarına 2 nəfər doktoranta elmi rəhbərlik üçün heç bir icazə tələb olunmur. Əvvəllər bunun üçün komissiyadan xüsusi icazə almaq lazım olurdu.
Lakin etiraf etməliyik ki, tətbiq olunan dəyişikliklər təkcə mükəmməl prosedur deyil, eyni zamanda, məsuliyyətli akademik mədəniyyət tələb edir. Bəzi hallarda müdafiə mərhələsindən uğurla keçmiş dissertasiya işlərində, attestasiya mərhələsində ciddi elmi, etik və metodoloji pozuntular aşkarlanır. Belə ki, 2019-2024-cü illərdə 1985 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 791 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Bu da onu göstərir ki, islahatlar yalnız qayda dəyişiklikləri ilə məhdudlaşmamalı, elmi mədəniyyətin və etik davranışın da sistemli şəkildə təşviqinə yönəlməlidir.
– Müasir beynəlxalq təcrübədə doktorantura təhsili əsasən PhD dərəcəsi ilə məhdudlaşır. Lakin Azərbaycanda elmlər doktoru mərhələsi ayrıca elmi pillə kimi saxlanılır. Bu modelin davam etdirilməsi elmi keyfiyyətin artırılması baxımından müdafiə olunsa da, bəzi ekspertlər onun funksional səmərəliliyini və beynəlxalq uyğunluğunu sual altına alırlar. Elmlər doktoru dərəcəsinin saxlanması ilə bağlı mövqeyiniz nədir və bu sistemin transformasiyası gündəmdə varmı? Sizcə, elmlər doktoru dərəcəsinin ayrı mərhələ kimi saxlanılması indiki mərhələdə zərurətə uyğundurmu, yoxsa bu sistemin beynəlxalq modellərə uyğun təkpilləli strukturla əvəzlənməsi məqsədəuyğundur?
– Elmlər doktoru elmi dərəcəsi ölkəmizdə uzun illərdir ki, akademik sistemin tərkib hissəsidir. Bu dərəcə təkcə doktorantura pilləsinin davamı deyil, həm də müstəqil və fundamental elmi tədqiqatların nəticəsi kimi nəzərdə tutulub. Bununla yanaşı, qeyd etməliyik ki, bu model hazırda yalnız Azərbaycanda deyil, bir sıra Avropa və MDB ölkələrində də tətbiq olunmağa davam edir.
Biz bu məsələyə radikal deyil, mərhələli və məsuliyyətli yanaşmanın tərəfdarıyıq. Elmlər doktoru dərəcəsinin ləğvi və ya təkpilləli sistemə keçid yalnız normativ sənəd dəyişikliyi ilə həll edilə biləcək məsələ deyil. Bu, həm də institusional mexanizmlərin, elmi tədqiqat infrastrukturunun və akademik mühitin hazır olması ilə bağlıdır.
İlk növbədə onu qeyd etməliyik ki, elmlər doktoru elmi dərəcəsinə yiyələnmək könüllü seçimdir. Bu, hər bir tədqiqatçının öz elmi yolunu necə davam etdirmək istəyinə bağlı qərardır və heç bir məcburiyyət elementi daşımır. Burada, əksinə, bu sistemin olmaması elmlər doktoru olmaq arzusunda olanlar üçün məhdudiyyətlər yarada bilər. Digər tərəfdən, son dövrlərdə vəzifə təyinatları da göstərir ki, hətta ali təhsil və elmi müəssisələrin rəhbər vəzifəliləri üçün də elmlər doktorluğu elmi dərəcəsinin olması şərt deyil. Belə olan halda bu mərhələnin mövcudluğu kimə mane olur?
Lakin bu mərhələ, məzmun baxımından, sırf elmi tutumun sübutuna əsaslanan və yüksək nəticə tələb edən bir elmi pillədir.
Mövcud qaydalara əsasən, elmlər doktoru olmaq istəyən tədqiqatçı müvafiq sahə üzrə ciddi elmi nəticələr ortaya qoymalıdır. Belə ki:
– Humanitar və ictimai elmlər üzrə dissertasiya mövzusuna uyğun azı 15 elmi məqalə, onlardan azı 3-ü beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc olunmalıdır;
– Dəqiq və təbiət elmləri üzrə isə, azı, 10 elmi məqalə, onlardan azı 5-i beynəlxalq bazalarda yerləşdirilmiş jurnallarda dərc olunmalıdır.
Bu tələblər təsadüfi müəyyən edilməyib. Onların məqsədi – elmlər doktoru dərəcəsini daşıyan şəxsin həqiqətən sistemli, davamlı və əhəmiyyətli tədqiqat nəticələri ortaya qoyduğunu sübut etməkdir.
Statistikaya nəzər salsaq, 2019-2024-cü illərdə 365 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Bu şəxslər ümumilikdə, azı, 4420 elmi məqalə təqdim ediblər. Onlardan da azı 1521 məqalə beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnallarda yayımlanıb. Bu rəqəmlər elmlər doktorluğu institutunun ölkə elminə verdiyi konkret və ölçüləbilən töhfəni nümayiş etdirir.
Burada əsas sual budur: bu elmi pillənin ləğvi halında həmin məhsuldarlıq necə qorunacaq və ya əvəzlənəcək? Komissiya olaraq, bu məsələni təkcə formal idarəetmə çərçivəsində deyil, həm də ölkə elminə real təsir və töhfə prizmasından qiymətləndiririk.
– Dosent elmi adının verilməsi prosedurunun sadələşdirilməsi və müasirləşdirilməsi istiqamətində müzakirələr aparılır. Bu istiqamətdə Komissiyanın planları və yanaşması nədir?
– Dosent elmi adı elmi-pedaqoji fəaliyyətin mühüm mərhələsi kimi dəyərləndirilir və bu sahədə tətbiq olunan prosedurların həm şəffaf, həm də səmərəli olması komissiyanın diqqət mərkəzindədir. 2019-2024-cü illərdə 1326 şəxsə dosent elmi adı verilib. Komissiyanın yanaşması ondan ibarətdir ki, dosent elmi adının verilməsində əsas meyar yalnız formallıq deyil, iddiaçının ixtisası üzrə sistemli elmi fəaliyyəti, elmi rəhbərlik təcrübəsi, metodiki töhfələri və pedaqoji göstəriciləri əsasında qiymətləndirilməlidir. Bu baxımdan, gələcək mərhələdə elmi məqalələrin keyfiyyətinə dair tələblərin sahələr üzrə diferensiallaşdırılması, pedaqoji fəaliyyəti əks etdirən göstəricilərin sənədlə təsdiqi və bəzi texniki mərhələlərin rəqəmsallaşdırılması istiqamətində addımlar nəzərdə tutulur.
Eyni zamanda, komissiya nəzərə alır ki, elmi dərəcəsi olmayan, lakin ölkə daxilində ali təhsil, mədəniyyət, memarlıq, hərbi və idman sahələrində uzun müddət qüsursuz fəaliyyət göstərmiş və əhəmiyyətli nəticələr əldə etmiş şəxslər üçün də istisna hallarda elmi ad verilməsi mümkündür. Bu məqsədlə xüsusi qayda və meyarlar müəyyən edilib. Bu yanaşma elmi adların yalnız akademik dərəcə ilə deyil, sahəvi töhfə və tanınmış fəaliyyətlə də əsaslandırıla biləcəyini nəzərə alır.
Əlavə olaraq, beynəlxalq yanaşmalar göstərir ki, bir çox ölkələrdə “dosent” və ya ona ekvivalent statuslara seçim zamanı namizədin elmi nəşrlərinin səviyyəsi, tədris fəaliyyəti, elmi rəhbərlik təcrübəsi və beynəlxalq əməkdaşlıq göstəriciləri əsas meyar kimi götürülür. Bu modelin ölkəmizdə tətbiqi üçün ali təhsil müəssisələrində elmi fəaliyyətin qiymətləndirilməsi üzrə şəffaf və müstəqil daxili mexanizmlərin qurulması, universitetlərin akkreditasiya və keyfiyyət təminatı baxımından bu səlahiyyəti daşıya biləcək səviyyədə institusional potensiala malik olması, elmi rəhbərlik, nəşr keyfiyyəti və pedaqoji fəaliyyətin sənədlərlə əsaslandırıldığı daxili performans sistemlərinin mövcudluğu, plagiat və etik pozuntulara nəzarət üzrə milli mexanizmlərin işləkliyi və normativ-hüquqi bazanın uyğunlaşdırılması vacib şərtlərdir.
– Professor elmi adının verilməsi üçün mövcud tələblərin elmi fəaliyyətin real göstəricilərini əks etdirmədiyi, formal meyarlarla məhdudlaşdığı barədə elmi ictimaiyyətdə müzakirələr aparılır. Digər tərəfdən, beynəlxalq praktikada bu adda və statusda vəzifələr çox zaman vəzifə təyinatı ilə tənzimlənir, elmi-pedaqoji fəaliyyətin təsdiqlənmiş nəticələrinə əsaslanır. Bu sahədə mövcud vəziyyət və problemlər nədir və daha şəffaf, obyektiv sistem qurmaq üçün hansı islahatlar mümkündür?
– Professor elmi adının verilməsi mexanizmi Azərbaycanda son illərdə əhəmiyyətli şəkildə təkmilləşdirilib. 2019-2024-cü illərdə 225 nəfərə professor elmi adı verilib. Bu ad yalnız müvafiq elmi dərəcəsi olan və ixtisası üzrə elmi və ya elmi-pedaqoji fəaliyyət göstərən şəxslərə verilir. Tələblər sırasında beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrin sayı, H-indeks göstəricisi, elmi rəhbərlik nəticələri və metodiki fəaliyyətin keyfiyyəti əsas yer tutur.
Bununla belə, elmi ictimaiyyətdə bu sistemin bəzi hallarda fəaliyyətin real elmi-pedaqoji çəkisini tam əks etdirmədiyi, xüsusilə humanitar sahələrdə meyarların uyğunlaşdırılmasının çətinliyi ilə bağlı suallar mövcuddur. Eyni zamanda, bəzi iddiaçılar tərəfindən məzmun keyfiyyətindən çox say göstəricilərinə önəm verildiyi müşahidə olunur.
Beynəlxalq təcrübədə professor titulu çox zaman ali təhsil müəssisələrinin daxili qərarları əsasında – yəni vəzifə təyinatı kimi – müəyyən edilir. Bu isə həmin ölkələrdə elmi keyfiyyəti tənzimləyən güclü daxili institutların və akkreditasiya mexanizmlərinin mövcudluğu ilə bağlıdır.
Hazırda Azərbaycanda məqsədimiz sistem daxilində obyektivlik və şəffaflığı daha da gücləndirməkdir. Bu baxımdan, bir sıra əlavə tədbirlər nəzərdən keçirilir. Buraya nəşrlərin keyfiyyətinə dair sahəyə uyğun fərqləndirilmiş yanaşmaların tətbiqi, elmi rəhbərlik və pedaqoji fəaliyyətin sənədlərlə təsdiqlənməsi, universitetlərin daxili qiymətləndirmə nəticələrinin nəzərə alınması və elmi adların verilməsi prosesində izlənə bilən rəqəmsal platformaların istifadəsi daxildir.
Qeyd etmək lazımdır ki, professor elmi adı yalnız elmlər doktoru dərəcəsinə malik şəxslərlə məhdudlaşmır – bu ada fəlsəfə doktoru dərəcəsi ilə də iddia etmək mümkündür. Lakin bu halda meyarlar daha genişdir: iddiaçının dosent elmi adı aldıqdan sonra azı 5 il elmi və ya elmi-pedaqoji fəaliyyətlə qüsursuz məşğul olması, beynəlxalq bazalarda indeksləşən jurnallarda sahəyə uyğun olaraq azı 3 humanitar və ya 7 dəqiq elmlər üzrə məqalə dərc etdirməsi, H-indeks göstəricisinin müvafiq sahə üzrə azı 5 və ya 10 olması, elmi rəhbərliyi ilə azı 2 nəfərin fəlsəfə doktoru dərəcəsi alması və həm dərslik nəşri, həm də beynəlxalq elmi tədbirlərdə iştirakı tələb olunur. Burada siyahısı Komissiya tərəfindən müəyyən edilmiş xarici akademik nəşriyyatlarda dərc olunmuş monoqrafiya tələbi də mövcuddur. Bu yanaşma Komissiyanın elmi keyfiyyəti əsas meyar kimi qəbul etdiyini və professor adının yalnız dərəcə deyil, nəticə əsasında təqdim edilməsini təmin etdiyini göstərir. Professor elmi adı yalnız şəxsi karyera və nüfuz göstəricisi deyil, eyni zamanda, milli elmin keyfiyyətinin simvoludur. Buna görə də bu sahədə tətbiq olunan hər bir qayda həm elmi tutum, həm də ictimai etimad baxımından davamlı və əsaslandırılmış olmalıdır.
(ardı var)