əvvəli https://xalqqazeti.az/az/musahibe/205680-qorbacov-heyder-eliyevden-cekinirdi
Kremldə Heydər Əliyevin köməkçisi işləmiş Camal Camalov o dövrlə bağlı xatirələrini ilk dəfə “Xalq qəzeti”nə danışır
– Yeqor Liqaçovun xarakterindəki dözümsüzlük özünü necə büruzə verirdi?
– Heydər Əliyev ağılla, nəzakətlə rəftar edir, təmkinlə danışır, müsahibini diqqətlə dinləyir, rütbəsinə baxmayaraq hamı ilə mədəni davranırdı. Liqaçov isə qaynar qazan kimi idi. Heç nədən çığırıb-bağırmağa başlayır, kobudluq edir, bəzən hətta müsahibini təhqirə də keçirdi. Aralarındakı fərq çox böyük idi.
Ümumiyyətlə, “yuxarıdakı saray oyunları” daha mürəkkəb olur. Yenə Smirtyukovun müsahibələrinə istinad edəcəyəm. Jurnalist Jirnovun “Tixonov (SSRİ Nazirlər Sovetinin sabiq sədri – C.S.) Qorbaçovun hakimiyyətə gəlməsinə mane olmağa cəhd göstərdimi?” – sualına Smirtyukov belə cavab verib: – O istəsə də buna gücü çatmazdı. Bilirəm ki, Qromıko onu bu məsələdə bir az fəal olmağa çağırırdı. Ustinov və Andropov vəfat etdikdən sonra Qromıko özünə müttəfiq axtarırdı və Tixonova telefonda eyham vurub ki, indi ölkəyə lazım olan adam Qorbaçov deyil. Tixonov razı olmadı deyə, Qromıko Qorbaçovun tərəfinə keçdi.
Qorbaçov “köhnə qvardiyanın” təmsilçiləri ilə kobud rəftar edirdi. Məsələn, onun əmri ilə boşaldılmalı olan “dövlət daçası”ndan Kirilenkonu ağır xəstə ikən xərəkdə çıxarmışdılar. Tixonova qarşı bir az mərhəmətli davranmışdı. Çünki Tixonov özü üçün heç nə istəməmişdi. Hələ sədr müavini olanda aldığı üçotaqlı mənzildə həyat yoldaşı ilə ömrünün sonuna qədər yaşadı. Uşaqları yox idi və çox sadə yaşayırdılar. Sabiq baş nazir kimi dövlətin verdiyi bağı, mühafizəni və fərdi təqaüdünü saxlamışdılar. Amma SSRİ dağılandan sonra onun vəziyyəti daha da pisləşdi. Fərdi təqaüd ləğv olundu və o, sadəcə, qocalığa görə pensiya almağa başladı. Heç bir əmlakı, sərvəti, əmanəti yox idi. Ər-arvad bütün pullarını pioner düşərgələri və məktəblər üçün avtobus almağa sərf etmişdilər. Ömrünün sonuna yaxın mühafizəçiləri pul toplayıb ona meyvə-tərəvəz alırdılar...
Heydər Əliyevlə Qorbaçov arasında gərginlik yaradan səbəblərdən biri də Qazaxıstan KP MK-nın o vaxtkı birinci katibi Dinməhəmməd Əhmədoviç Kunayevlə bağlı olmuşdu. Yadımdadır, 1984-cü ilin dekabrında bir gün qapı açıldı və Kunayev yanında bəstəboy bir adamla içəri girdi.
D.Kunayev də Siyasi Büronun üzvü idi, ona görə birbaşa içəri keçdi, yanındakı adam isə mənim yanımda bir müddət gözləməli oldu. Tanış olduq. Nursultan Nazarbayev idi. Dedi ki, məni Qazaxıstan Nazirlər Sovetinin Sədri qoymaq istəyirlər, ona görə Heydər Əliyevlə tanış olmağa gətiriblər. Onun təyinatından az sonra Qorbaçov hakimiyyətə gəldi və bütün yaşlı kadrları dəyişməyə başladı. O, Kunayevin yerinə Kolbini təklif etdi. Heydər Əliyev buna qəti etiraz etdi ki, bu təyinat doğru deyil. Amma Qorbaçov Heydər Əliyevin xəbərdarlığını nəzərə almadı. Üstündən iki il keçmədi ki, SSRİ ərazisində milli zəmində ilk toqquşma məhz Qazaxıstanda baş verdi. Zəncirvari reaksiya ta SSRİ-nin dağılmasına qədər gedib çıxdı. Bu məsələdə də Heydər Əliyevin üzaqgörənliyini tarix sübuta yetirdi.
Heydər Əliyevin xeyirxah xidmətlərini lazımınca qiymətləndirməyənlər də az olmayıb. Bir gün H.Əliyev mənə dedi ki, Əbdürrəhman Vəzirov zəng edəcək, ona buraxılış vərəqi sifariş et, sonra yanıma gətir. O, zəng vurdu, mən giriş üçün sənəd hazırladım və Vəzirov gəldi. H.Əliyevin yanında müşavirə vardı və bir müddət Vəzirov mənim yanımda gözləməli oldu. Özü söhbətə başladı və dedi ki, mən SSRİ-nin Nepaldakı səfiriyəm. Pakistanda səfir yeri boşalıb, Heydər Əliyevdən oraya keçirilməyimə yardımçı olmasını xahiş edəcəyəm. O vaxt, elə indi də belə məsələlər telefonla həll olunmurdu və olunmur. O görüşün ertəsi günü Heydər Əliyev şəxsən Anatoli İvanoviç Lukyanovun yanına getdi və Ə.Vəzirovu SSRİ-nin Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin etdirdi. Yəni, onun Pakistana səfir təyin olunması Heydər Əliyevin sayəsində mümkün oldu.
– Heydər Əliyev Siyasi Büro üzvü olduğu müddətdə fövqəladə hadisələrlə bağlı yaradılan dövlət komissiyalarına rəhbərlik edirdi...
– 1984-cü ildə Heydər Əliyev ən məsuliyyətli və çətin bir komissiyaya – operativ məsələlər komissiyasına rəhbər təyin edildi. Adətən, belə komissiyalara Nazirlər Sovetinin Sədri başçılıq edirdi. O vaxt Tixonov yaşlı olduğuna görə, komissiyaya sədrliyi H.Əliyevə həvalə etmişdilər. Komissiyanın rəhbəri kimi dəfələrlə Qorbaçovla təmasda olurdu. Çünki artıq partiya strukturunda Qorbaçov ikinci adam idi. Hər məsələdə Qorbaçovla danışıb problemin məğzini izah edirdi. Sovet İttifaqı iqtisadiyyatının ən ağır məsələlərinin həlli səlahiyyəti H.Əliyevin üzərində idi. Təkcə iqtisadiyyat məsələləri deyil, demək olar ki, Nazirlər Sovetinə aid olan ən məsul sahələrə də cavab verirdi. Nazirlər Sovetinin rəhbərliyində, o, hamıdan cavan idi. Bir maraqlı nüans da o idi ki, 1983-cü ilin mayında Heydər Əliyevə Sosalist Əməyi Qəhrəmanı fəxri adı verildi və ikinci “Qızıl ulduz”la təltif olundu. Ona qədər ikinci “Qızıl ulduz” təkcə Tixonovda vardı. Bu mükafatı ona 1982-ci ilin oktyabrında şəxsən Leonid Brejnev təqdim etmişdi. H.Əliyevə qarşı qısqanclığın bir səbəbi də bu ola bilərdi.
N.Tixonovun iş qabiliyyəti bütün məsələləri əhatə etmək üçün kifayət deyildi. Əksəriyyətin etiraf etdiyi kimi, aparata Tixonovdan əvvəlki sədrin – səriştəli və savadlı Aleksey Nikolayeviç Kosıginin iş üslubuna yaxın üslubu gətirən Heydər Əliyev oldu. Onun gəlişi kabinetdə canlanma yaratmışdı. Kosıgin Stalin məktəbinin kadrı idi və o vaxtkı iş üslubunu yaxşı mənimsəmişdi. H.Əliyevin də işə məsuliyyət və tələbkarlıqla yanaşma tərzi buna çox yaxın idi. Bütün müşavirələrə, hətta qısamüddətli görüşlərə çox ciddi yanaşırdı. Müşavirədən əvvəl özü ciddi hazırlaşır, gündəliyi aidiyyəti nazirliklə, idarə rəhbərləri ilə, aparatın əməkdaşları ilə xırda detallara qədər incələyir, qəbul olunacaq qərarları öncədən müzakirə edirdi ki, müşavirə zamanı tələsik və düşünülməmiş qərarlar verilməsin. Hər çıxışa diqqətlə qulaq asır, hamının fikir söyləməsinə imkan yaradırdı. Mənim fikrimcə, Heydər Əliyev, heç olmasa, Nazirlər Sovetinin Sədri olsaydı, hadisələr başqa cür cərəyan edərdi.
– Yəni, onda SSRİ də dağılmazdı?
– Belə tezliklə, yox... Bunu SSRİ sevdalısı kimi nostalgiya üçün demirəm. Nəticə etibarilə operativ komissiyaya rəhbərlik etmək Heydər Əliyevin sağlamlığına mənfi təsir etdi. Dediyim kimi, Ulyanovsk yaxınlığındakı qəza, Novorossiysk yaxınlığında gəmilərin toqquşması ağır fəlakətlər idi. (“Admiral Naximov” sərnişin gəmisi ilə “Pyotr Vasyov” yük gəmisi 1986-cı il avqustun 31-də Novorossiysk şəhərinin 13 kilometrliyində toqquşması hər iki gəmi kapitanının səhvi nəticəsində baş vermiş və 422 adamın həlak olması ilə nəticələnmişdi. Kapitanların ikisi də sağ qalmış və 15 il müddətinə azadlıqdan məhrum edilmişdilər. –
C.S.). Bu, ağlasığmaz bir faciə idi. Həmin faciə zamanı ölkə başçısı hadisə yerinə getmədi, amma öz adamını orada nümayəndə kimi qoymuşdu və baş verən hadisələr haqqında hər gün məlumat alırdı. Qorbaçov hadisə barəsində mətbuatda xəbər verilməsini istəmirdi. H.Əliyev israr etdi ki, bu, bütün ölkə üçün ağır faciədir və bunu gizlətmək olmaz. Onun sayəsində qəza və onun səbəbləri barədə mətbuatda müntəzəm məlumatlar verildi.
Heydər Əliyev sentyabr ayında 18 gün Novorossiyskdə oldu, həlak olanların hamısının yaxınları ilə görüşdü. Mənim fikrimcə, Sovet İttifaqına onun qədər sadiq adam təsəvvür etmək çətin idi. O, həmin qəzada günahkarları müəyyən edib cəzalandırmaq, zərərçəkənlərin tələblərinə cavab vermək üçün əlindən gələni etdi. Dörd yüzdən çox adamın həlak olduğu Novorossiysk gəmi qəzasında təqsirkar olan kapitanlardan birinin oğlu bir gün Heydər Əliyevin qəbuluna gəlib atasının xəstəliyindən danışaraq ona güzəşt olunmasını xahiş etdi. Heydər Əliyev onu sona qədər səbrlə dinlədi və dedi ki, sən mənə kim olduğunu dedin, amma buradan çıxanda heç kimə bunu demə, yoxsa səni linç edərlər və nə qədər ki, gec deyil, bu şəhərdən get. Hətta mühafizəçilərə də göstəriş verdi ki, onun təhlükəsiz gedişini təmin etsinlər.
Haşiyə. “Admiral Naximov” gəmisinin qəzasının təhqiqatı ilə bağlı dövlət komissiyasına rəhbərlik edən Heydər Əliyev haqqında SSRİ Hərbi Dəniz Donanmasının baş komandanı, SSRİ müdafiə nazirinin müavini, vaxtilə Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirmiş admiral Vladimir Nikolayeviç Çernavin Ali Sovetin Rəyasət Heyətində çalışan Leyla xanım Dadaşova ilə söhbətində çox heyranlıqla danışırdı. O deyirdi ki, komissiyanın fəaliyyətinin nəticələri və qəza ilə bağlı keçirdiyi geniş müşavirədə Heydər Əliyev yüksək hərbi komandanlıq korpusunun qarşısında iki saatdan çox kağıza, yazıya baxmadan əsaslı dəlillərlə, rəqəmlərlə elə çıxış etdi ki, erudisiyası, natiqliyi, məntiqi və yaddaşı ilə hamının rəğbətini qazandı. O, haqqında söhbət etdiyi bütün sahələr üzrə peşəkar mütəxəssisdir.
BAM
– Heydər Əliyevin fəaliyyətində o vaxt “əsrin tikintisi” deyilən Baykal–Amur magistralı (BAM) xüsusi yer tuturdu. Bu barədə nə demək istərdiniz?
– Bu günlərdə Rusiyanın Yakutiyada Lena çayı üzərindən keçən dəmir yolu körpüsünün layihəsinin təsdiq etdiyi barədə material oxudum. Hətta materialın surətini də çıxarmışam. İndi gündəmə gələn körpü və ümumiyyətlə, BAM-la bağlı maraqlı xatirələrim var. Bu magistralın inşası da Heydər Əliyevin nəzarətində idi. 1984-cü ilin yay və payızında, o, magistralın tamamlanması işlərinə nəzarət etmək üçün uzun müddət inşaat sahələrində oldu. 1984-cü ilin sonuna yaxın BAM-ın inkişafı haqqında Mərkəzi Komitə üçün məruzə hazırladı.
1985-ci ilin fevral ayı idi. Çernenko xəstəxanada yatırdı. Bir gün Çernenko telefonla zəng etdi. Həmin vaxt Heydər Əliyev Leninin anadan olmasının növbəti yubileyində –115 illiyində çıxış etmək üçün məruzə hazırlayırdı. Bilirsiniz, o vaxt hər beş ildən bir İttifaqlar Sarayının sütunlu salonunda təntənəli yubiley tədbirləri keçirilirdi. Təxminən bir il əvvəldən qəbul olunmuş qərara görə, əsas məruzəçi Heydər Əliyev idi. Sov.İKP MK-nın Baş katibi Çernenko ilə Nazirlər Sovetinin Sədri Tixonovun birbaşa telefonlarından başqa bütün telefonlara baxmağı mənə həvalə etmişdi ki, ona mane olmasınlar. Çernenko isə “ATS-2” ilə zəng etdi və mən cavab verdim: “Yoldaş Əliyevin katibi Camalov Sizi dinləyir”. “Çernenkodur, – dedi. –Heydər Əliyev yerindədirmi?” – Bəli, Konstantin Ustinoviç. “Birləşdir, zəhmət olmasa”. Doqquzuncu idarənin əməkdaşı da üzbəüz qarşımda oturub. Bütün danışıqları o da dinləyir və qeyd edirdi. H.Əliyevə məruzə edəndə, o təəccübləndi ki, niyə birbaşa telefonla zəng vurmur. “Xəstəxanada olduğu üçün bəlkə bu telefon daha yaxınındadır” – ehtimalımı söylədim. Heydər Əliyev dəstəyi qaldırdı. Danışdıqdan sonra nəqliyyat üzrə köməkçisini çağırdı və dedi ki, Çernenko Berkakit–Tamout–Yakutsk dəmir yolunun çəkilişi ilə bağlı zəng etmişdi. Fikir verin, qoca kişi ölümündən cəmi iyirmi gün qabaq Yakutska qədər çəkilməli olan dəmir yolu ilə maraqlanırdı.
O söhbətin üstündən 40 il keçib. Rusiya indi yenidən o məsələyə qayıdır. Çünki 1985-ci ildə Qorbaçov hakimiyyətə gəldi və Heydər Əliyevin BAM ilə bağlı bütün planlarını ləğv etdi. Niyəsi məlum deyildi. Əslində, H.Əliyevlə Qorbaçov arasında ilk “toqquşma” da BAM-ın inşası və inkişafı ilə bağlı oldu. Bu qırx ildə BAM tam tənəzzülə uğradı. Halbuki, bu gün də məlumdur ki, ölkə iqtisadiyyatı üçün BAM-ın əhəmiyyəti çox böyükdür. Dövləti mənafe baxımından iki siyasi dövlət xadiminin, – mən hələ Heydər Əliyevi demirəm, – yaşlı Çernenko ilə cavan Qorbaçovun mövqeləri kimin necə düşündüyünün göstəricisi idi...
Söhbəti qələmə aldı:
Cəfər SADIQ
Moskva