Kitab satışı adi ticarət deyil, mənəvi missiyadır
Bu gün ölkəmizdə kitab nəşri və satışı sahəsində xeyli irəliləyiş əldə olunub. Bu, həm də cəmiyyətimizdə kitaba marağın artması ilə izah olunur. Amma internet resurslarının inkişafını əsas gətirərək bunun əksini düşünənlər də var. Bəs bu sahədə reallıq necədir? Cəmiyyətimizdə kitaba maraq artıbmı, yoxsa azalıbmı? Şəhərimizin böyük kitab mərkəzlərinin burada rolu nədən ibarətdir?
Xalq TV-nin “Özümüz, sözümüz” buraxılışında budəfəki suallarımızı Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı cavablandırdı.
– Günel xanım, artıq bir neçə ildir ki, şəhərimizdə Bakı Kitab Mərkəzi kimi orijinal görünüşə, nəfis tərtibatlarla bir neçə dildə çap olunan kitabların olduğu bir məkana rəhbərlik edirsiniz. Kənardan asan görünə bilər, amma bunu siz daha yaxşı bilərsiniz. Böyük bir kitab mərkəzini idarə etmək asandır, yoxsa çətin?
– Məsuliyyətlidir, bu mərkəz təzə yarananda çox çətin idi. Mərkəzin ideyası da, həyata keçirilməsi də çox böyük zəhmət və məsuliyyət tələb edirdi. Çünki yeni bir yer idi. Bir çoxları tam olaraq anlamırdılar ki, bura satış mərkəzidir, yoxsa kitabxana. Hətta bəzi adamlar elə bilirdilər ki, bura biletlə daxil olmaq lazımdır. Belə gözəl bir yerə ödənişsiz daxil olmağı təsəvvür etmirdilər. Yəni bir sıra mərhələlərdən keçəsi olduq. İndinin özündə hərdən çətin məqamlar da olur. İstənilən satış mərkəzi daim fəaliyyətdədir. Biz də həftənin 7 günü işləyirik. Çünki buranın əsas məqsədi kitab satışıdır. Amma bununla belə bu mərkəzin bir sıra başqa maraqlı tərəfləri də var. Biz bu fəaliyyət istiqamətlərini inkişaf etdiririk. Bizim kitab mərkəzimizdə saysız-hesabsız tədbirlər həyata keçirilir, layihələr baş tutur. Yəni vahid orqanizm kimi daim yaşayır və daim yaşayan orqanizmə diqqət və qayğı lazımdır ki, biz də bunu təmin etməyə çalışırıq.
– Deyirlər, kitab oxumaq vərdişi tənəzzülə doğru gedir. İnternet resursları elə inkişaf edib ki, insanlar planşetlərdən, mobil telefonlardan informasiyanı alır, hətta kitabları da oradan oxuyurlar. Bu barədə sizin fikriniz?
– Mən belə deməzdim. Bizim mərkəzin timsalında deyə bilərəm ki, əksinə, kitaba, mütaliəyə həvəs artmışdır. İllərdir görürəm ki, bura maraq heç də azalmır, əksinə, çoxalır. Artıq 6 il əvvəl bura gələn balaca uşaqlar indi böyüyüblər, yenə gəlirlər. Çox insan məhz bu mərkəz vasitəsilə oxumaq vərdişi qazanıb. Artıq bir aludəçilik də yaranıb. İstənilən insan istənilən vaxt bu mərkəzə gələ və kitablardan istifadə edə bilər. Biz də hər zaman o şəraiti yaradanda görürük ki, insanlara daha maraqlı olur və hər dəfə yeni dostları ilə gəlirlər. Mənim üçün də bu, çox vacib bir cəhətdir. Mərkəz təkcə foto çəkdirmək üçün bir məkan deyil. Halbuki çox gözəldir, qeyri-adi interyeri, dizaynı var. İnsanlar buranın gözəlliyinə də valeh olurlar. Bir sözlə fərqli bir məkandır. Əlbəttə, insanlar məhz buna görə gəlirlər. Bu səmimi mühiti yarada bilmişik.
Bilirsiniz ki, bu mərkəzin yaradılması təşəbbüsü Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gəlib. Bu onun nəcib ideyası əsasında yaradılan yerdir. Çünki niyyət, məram gözəldir. Nəticə olaraq mərkəzə həm gənclər, həm də turistlər xüsusi maraq göstərirlər. Gəncləri, ümumiyyətlə, nəyəsə məcbur etmək olmaz və bu həm də çətindir. Bizim istədiyimiz də budur ki, gənclər özlərini burada fərqli aurada və rahat hiss etsinlər. Əsas məqsəd bundan ibarətdir. Ən azı deyəndə ki, mən Bakı Kitab Mərkəzinə gedirəm. Onda biz də rahat oluruq ki, deməli istədiyimiz məqsədə nail olmuşuq.
– Bu il Bakıda X Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Səhv eləmirəmsə, sizin mərkəz də sərgidə təmsil olundu. Ümumiyyətlə, belə sərgilərin sayı son illər xeyli artıb. Bunu biznes kimi dəyərləndirənlər də var, mütaliə səviyyəsinin artması kimi düşünənlər də. Siz necə düşünürsünüz?
–Əlbəttə, hər bir ölkə və cəmiyyət üçün belə sərgilərin, toplantıların olması zəruridir. Bu, onuncu sərgidir. Az deyil. Amma bu vaxtacan çox sərgilərdə olmuşdum. İstanbulda çox böyük kitab sərgiləri olur. Frankfurt şəhərində ucu-bucağı olmayan kitab sərgisi olur. Mən də istəyərdim, Azərbaycanda bu səviyyədə kitab sərgiləri olsun. Əlbəttə, biz hələ yeni addımlar atırıq bu sahədə. Amma hər il inkişaf gedir və qarşıda daha ciddi irəliləyişlər gözlənilir. Əvvəllər əgər belə sərgilər kiçik zallarda olurdusa, indi Ekspo Mərkəzdə həyata keçirilir. Bu, çox böyük məkandır və sərgilərin orada keçirilməsi mühüm məsələdir.
– Həm də orada kitablar endirimlərlə təqdim olunur. Doğrudur, bu, biznes amili sayılsa da, nəticədə mütaliə səviyyəsinin artmasına xidmət edir.
– Əlbəttə, burada biznesdən savayı həm də mübadilə var. Hər bir iştirakçı öz təcrübəsini də bölüşür. Orada xaricdən gələn qonaqlar da olur. Həmin o nəşriyyat evləri, ədəbiyyatla bağlı olan qurumların bir-birini tanıması çox vacibdir. Və sərgilərin əsas məqsədlərindən biri də budur.
– Bu il Türk – Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Məhəmməd Füzulinin 530-cu ildönümüdür. Bu barədə cənab Prezidentin sərəncamı var. Mərkəzin yubileylə bağlı hər hansı bir planı varmı?
– Əlbəttə,biz də hazırlaşırıq, bu məsələ ilə bağlı tədbirlər keçiririk və keçirəcəyik. Bizdə, əslində, planlı şəkildə hansısa yaradıcılıq gecələri və kitab təqdimatları olur. Lakin mərkəzin özünə aid tədbirləri isə əlbəttə, özümüz planlaşdırırıq. Yaxın gələcəkdə belə tədbirlər silsiləsinin olması planlaşdırılır.
– Ötən ay Türk Dövlətləri Təşkilatı tərəfindən 34 hərfli ortaq türk əlfbası qəbul edildi. Bu ümumtürk inteqrasiya prosesinə böyük töhfə oldu. Bir tükoloq kimi, buna münasibətinizi öyrənmək bizə maraqlı olardı...
– Əslində, bu söhbətlər uzun illər idi davam edirdi. Lakin müəyyən səbəblərdən bu alınmamışdı. Türk dünyası birliyi ideyası irəli sürülləndən bəri ortaq əlifba ideyası həmişə gündəmdə olub. Çox yaxşı qərardır. Bizim ortaq maraqlarımız, geosiyasi vəziyyət bizə diktə edir ki, bu təşəbbüs baş tutsun. Bu, çox doğru və vaxtında olan bir təşəbbüsdür.
– Bəlkə, elə bir ilk sizdən gəlsin. Ümid edirik ki, bu əlifbayla çap olunan ilk kitabı da məhz Bakı Kitab Mərkəzi təqdim edər.
– İnşallah, niyə də olmasın...
– Günel xanım, yetərincə tanınmış bir ziyalı ailədə dünyaya göz açmısınız. Həm elmi, həm də ədəbi mühit sizi daim əhatə edib. Mühit də insanı yetişdirir, deyirlər. Bəs bu faktorlar sizin ədəbi fəaliyyətinizdə bir arxayınçılıq yaratmır ki?
– Arxayınlıq bu mühitin sənə doğma, rahat mühit olmasından yarana bilər. Mən bu mühitin içində olmağıma görə indinin özündə də çox xoşbəxtəm. Xoşbəxtəm ki, uşaqlıqdan gördüyüm həyat tərzi indi də davam edir. Burada böyük Nazim Hikmətin bir fikrini yadıma düşmüşkən deyim: Xoşbəxt o adamdır ki, işdən evə tələsir, evdən də işə. Baxın mən həm evdə, həm də işdə özümü xoşbəxt, rahat hiss edirəm. Çünki bu mənim həyatımın mənası olduğuna görə özümü rahat və xoşbəxt hiss edirəm.
Qələmə aldı:
Anar TURAN
XQ