Qədim türk yurdu, Azərbaycanın mərkəzi bölgəsi Qarabağı 30 illik yağı işğalından azad etmiş, işğalçı Ermənistanın insan qanına həris talançı quldur dəstələrini darmadağın etmiş Vətən müharibəsinin başlanmasından 4 il keçir.
Çoxəsrlik qəhrəmanlıq salnaməmizə ən möhtəşəm zəfər kimi daxil olmuş 44 günlük bu savaş marafonunu çağdaş dünya hərb mütəxəssisləri müasir silah növləri ilə ən çevik və sürətli döyüş taktikası nümayiş etdirmiş müharibə kimi öyrənməyə başladılar. Bu mövzuda müsahibimiz Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, XQ-nin hərbi eksperti Mehman Süleymanovdur.
– Mehman müəllim, tarix ədalətsiz müharibələrin məğlubiyyətlə bitməsini birmənalı təsdiq etsə də, hələ də zorakı savaşlara, hərbi işğallara, gücə, kənar himayəyə inam bəsləyənlər tapılır. İkinci Qarabağ savaşı dünyanın güclü imperialist dairələrinin açıq-gizli dəstəyi ilə hərbi-siyasi avantüraya uymuş militarist Ermənistanı möhtəşəm bir yürüşlə diz çökdürməklə tarixin hökmünə zidd getməyin acı aqibətini bir daha dünyaya nümayiş etdirdi.
– Bəli, nə qədər qəribə olsa da, tarixin təkərini geri döndərməyə, cəmiyyət qanunlarını yenidən yazmağa cəhd edənlər hələ də tapılır. Tarix isə öz məntiqini qorumaqla müəyyən fasilələrlə təkrarlanır. Azərbaycan xalqı ölkənin qədim əyaləti Qarabağı Ermənistan işğalından qorumaq uğrunda mübarizədə ilk qələbəni 2020-ci ilin zəfərindən 1 əsr əvvəl qazanmışdı. O zaman Azərbaycanın Qərbində imperialist dairələrin əli ilə oyuncaq dövlət qurmuş erməni daşnakları bununla kifayətlənməyib Naxçıvana, Zəngəzura və Qarabağa da soxulmuşdu.
Həmin ilin mart ayının 23-nə keçən gecə tarixi torpaqlarımızda yenicə elan edilmiş Ermənistan dövlətinin təcavüzkar silahlı qüvvələri və onun Qarabağda təşkilatlandırdığı terror dəstələri Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun bölgədə yerləşən bölmələri üzərinə qəfil hücuma keçməklə, müvəqqəti də olsa, öz niyyətlərinə nail ola bilmişdilər – daşnaklar Qarabağın dağlıq hissəsinə nəzarəti ələ keçirmişdilər.
Bu kəmfürsət planların davamında o zaman Azərbaycanın böyük əraziləri də Ermənistanın işğalı altına düşməli idi. Nəzərdə tutulmuşdu ki, erməni silahlı qüvvələri Qarabağın dağlıq hissəsindən Tərtərə və oradan da Gəncəyə çıxsınlar və sonra isə Gəncədən Qazax–Ağstafaya qədər olan əraziləri zorla Ermənistana birləşdirsinlər. Eyni vaxtda Qazax–Ağstafa istiqamətindən də hücuma başlayan erməni dəstələri bu işğalçılıq planının həyata keçməsinə öz dəstəklərini verməli idilər. Bununla da xəstə təxəyyülün məhsulu olan “Böyük Ermənistanın” coğrafiyasının cızılması üçün Azərbaycan ərazisinin böyük bir hissəsi yerli əhalidən təmizlənməli, türk-müsəlmanlara münasibətdə ən adi insani meyarları əldən vermiş erməni toplumunun tapdağı altına düşməli idi.
O zaman dövrün və şəraitin çətinliklərindən heç də yaxa qurtarmamış AXC hökuməti bütün potensialını toplayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda ağırılı-acılı bir müharibəyə qalxdı. Dövrün milli siyasətçilərinin ərklə “ağsaqqal generalımız” adlandırdığı hərbi nazir Səməd bəy Mehmandarov silahdaşlarını toplayıb cəbhəyə səfərbər etdi və onlarla birlikdə Vətənə sədaqətli xidmətin nəsillərə meyar olacaq bir nümunəsini tarixə həkk elədi. Bütün cəhdlərinə və böyük qüvvələr cəlb etməsinə baxmayaraq, erməni-daşnak qüvvələri Qarabağı Azərbaycandan qopara bilmədilər. Cümhuriyyət ordusu böyük fədakarlıqlar nəticəsində bu qədim türk diyarını işğaldan, yad nəfəsindən qorudu, yeni yaradılmış müstəqil dövlətin ərazi bütövlüyünün pozulmasına imkan vermədi.
Lakin bu sevincin ömrü uzun olmadı, çox keçmədən Azərbaycanın müstəqilliyinə son qoyuldu. Qarabağın başı üzərində yenidən qara buludlar görünməyə, ayağında sərt küləklər əsməyə başladı. Lakin xalqımız o zaman milli qeyrət və dirəniş göstərərək, Naxçıvanı və Qarabağı qoruyub ölkəmizin tərkibində saxlamağa nail oldu. Qəddar sovet rejiminin xalqımızın adından Ermənistana bağışladığı Zəngəzuru isə qorumaq mümkün olmadı. O zaman Azərbaycanın kürəyinə sancılan paslı xəncər bu gün də qövr edir. Azərbaycandan qoparılan Zəngəzur bu gün beynəlxalq dartışmalar hədəfi kimi yenidən gündəmdədir.
– Xalqımızın AXC dövründə Vətəni müdafiə təcrübəsi ilə bağlı xatırlatdığınız özünüqoruma instinkti və misilsiz yurd sevgisi 30 illik məşəqqətli bir dövrdə xaç dünyasının yeni səlib basqısının qarşısında davam gətirməyə və nəhayət, Qarabağı geri qaytarmağa imkan verdi.
– Bu misilsiz təcrübə bir əsr sonra, yəni 2020-ci ilin payızında yenidən təkrar olundu. Özü də yeni keyfiyyətdə və daha yüksək səviyyədə. Çünki 1920-ci ildən fərqli olaraq, 2020-ci ildə Azərbaycan daha mürəkkəb hərbi-siyasi durumda idi. Belə ki, Qarabağın dağlıq hissəsi tamamilə işğal altına alınmışdı, bu ərazidə yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmışdı. Müdhiş Xocalı soyqırımı həyata keçirilmişdi, Şuşa şəhəri, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları işğal edilmişdi, bu ərazinin təmas xəttində mürəkkəb istehkam qurğuları yaradılmışdı. Başlıcası isə erməni-faşist düşüncəsini və təfəkkürünü bölüşən dünyanın çox böyük dövlətləri Azərbaycan ərazilərinin işğal altında qalması üçün Ermənistana hər cürə kömək göstərirdi.
Azərbaycan xalqının, ölkə rəhbərliyinin zəkaya, bəşəri ədalətə, dünya dövlətləri tərəfindən rəsmi şəkildə tanınmış sərhədlərin bərpasına çağırış səsləri isə hər vasitə ilə qulaqardına vurulur və hətta Azərbaycanı mövcud reallıqla barışdırmaq, işğal olunmuş torpaqları unutdurmaq meyli belə özünü göstərməkdə idi. Ermənistanın faşist ideologiyasına köklənmiş rəhbərliyi və dünya erməniliyi isə haqqa göz yuman, işğalçını cəzasız qoyan böyük dövlətlərin və qüvvələrin mahiyyətindən doğan ikili yanaşmadan şirniklənməklə insanlığa meydan oxumaqda davam edirdilər.
Ermənistanın müdafiə naziri o zaman “yeni müharibə–yeni ərazilər” tezisini ortaya atdı və bu hədənin həyata keçməsi üçün strateji planları da açıqladı. D.Tonayan bildirdi ki, Ermənistan ordusu indi hücum ordusuna çevrilməkdədir. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri səngərlərdə oturmaqla müdafiə mövqeyinə üstünlük verilməsinə son qoymalı və hücum fəaliyyətini əsas vəzifəsinə çevirməlidir. “Biz səngər vəziyyətindən, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları düşmən ərazisinə keçirməyə qadir olan bölmələrin sayını artıracağıq”.
– Xatırlayırsınızsa, bu bəyanatdan az sonra Ermənistanın müdafiə naziri Tonayan 2019-cu il aprel ayının 13-də Ermənistanın Gədəbəy rayonu ilə sərhəd olan nöqtəsinə gəlib oradan keçmiş Başkənd ərazisini müşahidə etdi və bu əraziyə olan iddiasını açıq şəkildə ortaya qoydu.
– Həmin bədnam Tonayan bununla bir daha göstərdi ki, Ermənistan rəhbərliyinin Azərbaycanın yeni ərazilərinə olan iddiası heç də adi söhbətlər deyil. 2020-ci ilin iyul ayında Tovuzla sərhəd xəttində baş vermiş məlum hadisələrdən bir neçə gün əvvəl isə özünü Qarabağdakı separatçı rejimin qondarma xarici işlər nazirinin müşaviri adlandıran Ruben Marqaryan adlı birisi, guya, “beynəlxalq normalara əsasən”, Azərbaycanı erməni torpaqlarını işğal etməkdə ittiham etdi. O, Xankəndi rejiminin keçmiş Şaumyan rayonuna, “Şimali Arsax”a daxil olan Gəncə şəhərinə, Daşkəsən, Gədəbəy, Şəmkir, Xanlar rayonlarına olan ərazi iddialarını irəli sürdü.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev 2020-ci il sentyabr ayının 25-də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını bəyan etdi. Azərbaycan rəhbəri bu məlumatın Avropa Komissiyasına çatdırılmasını da lazım bildi: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
– Gerçəklik hissini itirmiş Ermənistan rəhbərliyinin, ikili yanaşma ilə erməni millətçilərinin faşist ideologiyasına və fəaliyyətinə şərik olan qüvvələrin Azərbaycanın dövlət rəhbərliyinin bu xəbərdarlıqlarını qulaqardına vurması isə bölgədə yenidən müharibənin alovlanmasına yol açdı.
– Dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin yeni bir susqunluğu ilə qarşılaşacaqlarına ümid edən Ermənistan rəhbərliyi son illərdə törətdikləri hərbi təxribatlara görə Azərbaycan Ordusu tərəfindən layiqli cəzalar alması ilə hesablaşmayaraq, 2020-ci il sentyabr ayının 27-də yeni bir hərbi təxribata əl atdı, Azərbaycanın yaşayış məntəqələri güclü atəşlərə məruz qaldı.
Ermənistan rəhbərliyi, onun millətçi dairələri və faşist xislətli hamiləri növbəti dəfə də Azərbaycanın sarsılmaz iradəsi ilə qarşılaşdı, dünya erməniliyini diz çökdürən haqlı zərbə ilə üzbəüz qaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təxribatın başlanmasından dərhal sonra Təhlükəslizlik Şurasının iclasındakı çıxışında Ermənistan rəhbərliyinin korafəhmliyinə, ağlasığmaz iddialılığına belə qiymət verirdi: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr, peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir”.
Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı. Azərbaycan xalqı və onun iradəsini ifadə edən müstəqil dövləti gücünü və qətiyyətini toplayaraq, öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı.
Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbri və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti öz torpaqlarının yad tapdağı altında qalması ilə barışmadı və bu torpaqlarda əbədilik kök salacaqlarına şübhə etməyən quldurxislət ermənilərə layiq olduğu yerini göstərdi, müstəqil ölkənin ərazi bütövlüyünü bərpa etdi.
– Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və Qarabağ torpaqlarının işğalına son qoyulmasında, heç şübhəsiz ki, ilk növbədə, Azərbaycan Ordusu misilsiz fədakarlıq nümayiş etdirdi.
– Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz sədaqət, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və generalın şəxsində düşmənə doğru istiqamətlənmiş ağır bir yumruğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bu gün bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə xalqımızın qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.
2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 9-da Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 18-də Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü, oktyabrın 21-də Zəngilan şəhəri, oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi erməni işğalından azad edildi. Bundan dörd gün sonra Qubadlı şəhəri və nəhayət, noyabrın 8-də Şuşa şəhəri düşmən tapdağından təmizləndi. Bu zəfərlərin hər biri böyük sevinclə qələbə xəbərlərini gözləyən Azərbaycan xalqına şəxsən Ali Baş Komandan İlham Əliyev tərəfindən çatdırıldı.
– Füzuli rayonunun, başlıcası isə Şuşa şəhərinin azad edilməsi üçün göstərilən məharət və döyüşkənlik isə xalqımızın hərb tarixində hər zaman böyük bir qürurla xatırlanacaq bir qeyrət və rəşadətdir.
– Düşmənin 30 il ərzində yaratdığı mühəndis-istehkam qurğuları, çoxmərtəbəli müdafiə səddi, Şuşa şəhərinin təbii şəraiti erməni işğalçı qüvvələri üçün böyük döyüş imkanları yaratsa da, Azərbaycanın ordu bölmələrinin sürətli, gözlənilməz, fədakar hücumu onların bu üstünlüyünü heçə endirdi və bu bölmələr yalnız düşməni deyil, ən təcrübəli hərbçiləri belə heyrətə salacaq döyüş nümunələri göstərdilər.
Şuşa şəhərinin azad edilməsi üçün Azərbaycan Ordusunun göstərdiyi fədakarlığı Ali Baş Komandan İlham Əliyev belə qiymətləndirirdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Şuşa da daxil olmaqla döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanını isə dövlət başçısı İlham Əliyev Azərbaycan əsgəri və zabiti hesab edirdi: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Azərbaycanın dövlət müstəqilliyinə sonsuz sədaqət, bu günün tələblərini də qarşılamağa imkan verən yüksək maddi-texniki təchizat, ən mürəkkəb hərbi tapşırıqların icrasını şərtləndirən pəşəkarlıq müasir Azərbaycan Ordusunun mənzərəsini müəyyənləşdirən başlıca cəhətlərdir. Belə bir ordunu təmsil edən Azərbaycan hərbçilərinin malik olduqları peşəkarlığı qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirmək, zaman və məkan amillərindən səmərəli istifadə etmək, müəyyən edilmiş tapşırıqlar əsasında əsas zərbə istiqamətini vaxtında və düzgün istiqamətləndirmək, sonra da həmin istiqamətdə hücum üstünlüyü yaratmaq, məqsədyönlü təmkin, qətiyyət və mübarizlik kimi zəruri amillər, bütünlükdə, müharibənin getdiyi dövrdə təşəbbüs dinamikasını əldə saxlamağa yol açdı.
Azərbaycan Ordusunun nəyə qadir olduğunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də elə əks-hücum əməliyyatlarının davam etdiyi vaxt belə xarakterizə edirdi: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
– Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir məharət göstərdi ki, dünyanın ən böyük dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin öyrənilməsini gələcək müharibələrin aparılması üçün zəruri sayırlar.
– Dünyanın müvafiq reytinq agentlliklərinin sorğusuna görə, müharibə ərəfəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuşdu. Bu sorğu, əsasən, orduların malik olduğu fiziki ölçülərə görə aparılır. Məsələn, ordunun sayı, büdcəsi, texniki təchizatı, hərbi təhsil potensialı və buna oxşar digər məsələlər. Amma bu sorğu meyarlarına ordunun məharəti, taktiki təfəkkürü, mənəvi dəyərləri, döyüşkənliyi kimi meyarlar daxil deyildir.
Azərbaycan dövlətinin rəhbərliyi altında formalaşdırılmış milli ordumuz isə yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan təcrübəsində dünyada ilk dəfə pilotsuz uçan zərbə aparatlarının uzunmüddətli, geniş və uğurlu istifadəsi baş verdi. Bu isə dünya hərb taktikasına yeni bir istiqamət verdi və bütün dünyaya da göstərdi ki, müasir döyüş taktikasının yeni istiqaməti nədir. Həmin taktikanın öyrənilməsi, ümumiləşdirilməsi və onun hərbi təlimatlara, nizamnamələrə, dərsliklərə əlavə edilməsi isə Azərbaycan Ordusunun taktiki nəzəriyyələrin təkmilləşdirilməsinə gətirdiyi bir yenilikdir.
Bununla Azərbaycan Ordusu, əslində, müasir dünya döyüş taktikasının modelini müəyyənləşdirən bir ordu olduğunu ortaya qoydu. Başlıcası isə Azərbaycan Ordusu bu Vətən müharibəsində qabarıq şəkildə göstərdi ki, dövlət rəhbərliyinin və təmsilçisi olduğu xalqın ona bağlanılan ümid və inamı heç də əbəs deyildir. Azərbaycan Ordusu ölkəsinin müstəqilliyini etibarlı şəkildə müdafiə etməyə qadir olan bir ordudur və Azərbaycanın müstəqilliyinə qəsd etmək fikrinə düşən hər bir qüvvə də bilməlidir ki, öz qarşısında Azərbaycan Ordusunu görəcəkdir.
– O günlərdə cəbhə bölgəsində, mərmi yağışı altında kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşiyini tərk etmədi, yersiz təşvişə və həyəcanlara yer vermədi. Əksinə, xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi.
– Bu birlik, ümumi əzmkarlıq, cəbhəyə bağlı olan həmrəylik Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işıq tutdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı erməni işğalına qarşı aparılan müharibədə əldə edilmiş tarixi qələbəni bütün xalqın qələbəsi kimi qəbul edirdi və deyirdi: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.
Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycanın milli mübarizəsinin şüarına çevrildi. Bütün xalqı öz ətrafında birləşdirdi və sonda bu diyarın azad olunmasını təmin etdi. Bununla bağlı dövlət başçısı deyib: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
– Müharibələr cəmiyyət həyatında qan-qadalarla, böyük qırğınlarla, ağır sınaqlarla müşayiət edilən ictimai-kütləvi bir prosesdir. Bu savaşlar insanlara sonsuz məşəqqətlər, saysız qurbanlar, arzuedilməz dağıntılar gətirsə də, xalqımız, nəhayət, bu addımı atmalı oldu.
– Bunun təqsirkarı münaqişənin sülh yolu ilə həllini qəbul etməyən Ermənistan rəhbərlikləri, onların sülh prosesini gülünc oyuna çevirən himayədarları idilər. Xalqımız isə erməni hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqlara azadlıq nəfəsi gətirilməsi üçün Azərbaycanın dövlət rəhbərliyinin əks-hücum əməliyyatlarına start verməsini çox böyük məmnunluqla qarşıladı. 4 il əvvəl bu gün başlanan Vətən müharibəsində, xalqımız, bütünlüklə Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi.
Azərbaycan xalqı yaxşı bilirdi ki, hərbi seçimə əl atmadan 30 il müddətində onun qədim torpaqlarını işğal altına alaraq viranə günə salan, oxşar xislətli dünya qüvvələrinin ərköyün övladı olan erməni işğalçı-millətçi qüvvələrini haqq yoluna gətirmək mümkün olmayacaq.
Belə də oldu və haqqın, ədalətin bərpa edilməsi üçün Vətən müharibəsinin başlanması Azərbaycan xalqını birmənalı şəkildə dövlət ətrafında səfərbər etdi. Onun gücünə və mübarizliyinə dayaqlanan Azərbaycan dövləti və Azərbaycan Ordusu isə bu xalqın nəyə qadir olduğunu öz fəaliyyəti ilə ifadə etdi.
Ay yarım ərzində gözlərimiz qarşısında yazılan şərəfli tarixin başlıca qəhrəmanlarından biri də, sözsüz ki, Azərbaycan xalqıdır, düşmənə aman verməmək üçün özünü güllə qarşısına atmağa hazır olan Azərbaycan vətəndaşlarıdır, torpağının yad tapdağından azad olunması istəyi bütün qayğılarını üstələyən Azərbaycan övladlarıdır. Bu müharibənin gedişində xalqımız düşmən qarşısında vahid toplum olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı.
Azərbaycan lideri İlham Əliyev bu müharibə dövründə yalnız ordunun deyil, həm də informasiya və diplomatiya sahəsində aparılan müharibənin baş komandanı idi. Bu müharibənin gizli qalan məqamları olsa da, bütün xalqın gözü qarşısında cərəyan edən səhnələri də mövcuddur. Haqqı ayaq altına alıb haqsızlığın müdafiəsinə qalxmış beynəlxalq media nəhənglərinə qarşı ölkə rəhbəri İlham Əliyevin təmkinli, tutarlı, əsaslandırılmış cavabları Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurları tamamladı və Azərbaycan xalqına tarixi zəfər qazandırdı.
Nəticədə, ulu öndər Heydər Əliyevin də vəsiyyətlərinin həyata keçməsinin sevincini bütün xalqla bölüşən Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində əldə edilən böyük qələbənin memarına çevrildi. Elə bir qələbənin ki, zaman ötdükcə, onun qüruru yeni nəsillərin yurd sevgisini yüksəldəcək, bu yenilməz ruh isə sərhədlərimizin pozulmasına imkan verməyəcək.
Bu möcüzə 2023-cü il sentyabrın 19–20-də böyük uğurla həyata keçirilmiş lokal antiterror tədbirləri ilə daha da tamamlandı, Azərbaycanın suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu.
– Əhatəli və maraqlı müsahibəyə görə sağ olun.
Söhbəti çapa hazırladı:
Tahir AYDINOĞLU
XQ