Dünya müdafiə sənayesinin yeniliklərini Bakı sərgisindən izlədi

post-img

Sentyabrın 24-dən – 26-dək Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilib. Bununla paralel olaraq

14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də ziyarətçilərini qəbul edib. Dünya ölkələrinin hərbi nümayəndələrini Bakıya toplamış sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşdı. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.

Ölkələrin sənaye müəssisələri və aparıcı şirkətləri arasında əlaqələrin qurulmasında mühüm rol oynayan “ADEX”də hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri nümayiş etdirilib.

Türkiyənin “Lentatek” şirkətinin texnik lideri Uğur Aydın XQ-yə açıqlamasında sərgidə təmsil etdikləri pilotsuz uçuş aparatlarından (PUA) və bunlara moderinizasiya etdikləri qurğulardan danışdı:

– Bizim üçün əsas məsələlərdən biri də PUA-lara quraşdırılmış motorların keyfiyyətli olması, uzun məsafə qət edə bilməsidir. Çalışırıq ki, motoru özümüz istehsal edək və heç bir ölkədən asılı olmayaq. Biz bunu bacarmışıq. PUA-ların digər hissələrini də özümüz istehsal edirik. Sərgilədiyimiz mini PUA-ya daha keyfiyyətli motor inteqrasiya etməklə onun havada qalma müddətini 2 saatdan 3 saata yüksəldə bilmişik. Digər kamikadze PUA-mızın üzərində kamera var və hədəf buradan dəqiq müəyyən olunur.

Diqqətimizi silah və texnika ilə yanaşı, stendlərdə təmsil edilən hərbi geyimlər də çəkdi. Bu istiqamətdə ixtisaslaşmış şirkətlərdən biri də Türkiyənin 1973-cü ildən fəaliyyət göstərən “Kilim Uniform” firmasıdır.

Müəssisənin meneceri Əmrah Dəmirbaş dedi ki, təmsil etdiyi şirkət Türkiyə Silahlı Qüvvələrini hərbi geyimlə təchiz edən böyük firmalardan biridir:

– Biz daha çox məhsulun keyfiyyətini düşünürük. Türkiyədə fəaliyyət göstərsək də, bir çox xarici ölkələrə ixracatımız var. Məhsullarımızın və ixrac edəcəyimiz ölkələrin genişlənməsi üzərində çalışırıq. 2014-cü ildən keçirlən “ADEX” bu il iştirakçı sayının çoxluğu və əhatə etdiyi sektorların, texnikaların genişləndirilməsi ilə yadda qalacaq.

Sərgilər artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla, bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatə edib. Sərgidə 40 ölkədən 270-ə yaxın şirkət iştirak edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər ümumi sayın 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Buraya Macarıstan, Qətər, Sinqapur, Slovakiya kimi ölkələrin müdafiə sənayesi şirkətlərini aid etmək olar.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə iki sərgi zalında stendlə, eləcə də Bakı Ekspo Mərkəzinin açıq sahəsində böyük ekspozisiya ilə təmsil olunub. Bu il Azərbaycan Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edib. Mərkəzin 4-cü zalında Azərbaycan Hərb Tarixi Muzeyinə aid “Zəfərimiz anbaan”maketi xaricidən gəlmiş qonaqlarda maraq yaradıb.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin əməkdaşları yerli istehsal olan AH 12,7x108 millimetrlik ağır pulemyot barədə məlumat verərkən bildirdilər ki, silah hücum batalyonları üçün aşağıdan uçan hava hədəflərini, zirehli texnikanı, atəş nöqtələrini və düşmənin şəxsi heyətini məhv etmək məqsədilə dizayn edilib. Onun kalibri 12,7×108 millimetr, yer hədəfləri üçün görmə məsafəsi 2000 metr, pulemyot boş maqazinlə 21 kiloqramdır. Ümumi uzunluğu açıqlanmış qundaqla 1850 millimetr, bağlanmış qundaqla 1600 millimetrdir. Pulemyot 80 dərəcəlik bucaq altında qalxaraq aşağı məsafədən uçan hədəfləri, digər zirehli iri texnikaları da vurma qabiliyyətinə malikdir.

Hərbi ekspert Ramil Məmmədli ilə sərginin “Azərsilah”a aid stendində həmsöhbət olduq. O, bildirdi ki, “ADEX” Azərbaycan müdafiə sənayesi kompleksinin, ordumuzun potensialının gücləndirilməsi, tələblərin müəyyənləşdirilməsi, dünya hərb bazarında istehsal olunan məhsulların arsenalımıza qəbul edilib-edilməməsi baxımdan olduqca əhəmiyyətlidir:

– “ADEX” həm də ünsiyyət, tanışlıq platformasıdır. Burada dünya ölkələrinin müsəssisələri, şirkətləri bir-birləri ilə tanışlıq imkanı əldə edib, eləcə də məhsullarını vizual olaraq görüblər. Azərbaycanın hərbi müəssisələrinin istehsal etdiyi silahlar keyfiyyət baxımdan daha çox diqqət çəkir. Bu, uzun illər çəkilən əziyyətin bəhrəsidir. Yerli şirkətlərimizin pilotsuz uçuş aparatları, aviasiya bombaları, atıcı silahlar və digər sahələrdə yenilikləri var. Biz burada ölkəmizin zirehli texnikalarının, aviasiya vasitələrinin modernləşmə layihələrinin də şahidi olduq.

Azərbaycanın “Ush Security” şirkətininin əməkdaşı Vüsal Nəhmədov istehsal etdikləri şərti adı “Turan” olan silah barədə məlumat verdi:

– Biz həm özümüz məhsul istehsal edirik, həm də “Beretta” kimi dünya səviyyəli hərb şirkətlərinin rəsmi təmsilçisiyik. Sərgilədiyimiz “Turan” avtomatının ikitərəfli qoruyucu, doldurma kimi prinsipləri var ki, bu da döyüş şəraitində hərbçiyə əlavə üstünlük verir. 3,7 kiloqram çəkiyə malik “Turan”ın qundağı qatlandığı üçün daşınması da rahat olur. Silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb. Yaxın zamanlarda ordumuzun arsenalına veriləcəyi nəzərdə tutulur.

Daha bir yerli şirkətimiz olan “İmprotex”in mexatronika mühəndisi Kərimxan Aydınov sərgilədikləri “Revival” minatəmizləmə maşınları və “ITX” layihəsi barədə bizi məlumatlandırdı:

– “Revival”lar artıq 2 ildən çoxdur ki, Qarabağda aktiv şəkildə minatəmizləmə işini həyata keçirir. Bizim minatəmizləmə maşınlarımız artıq Ukrayna, Pakistan, Ərəb ölkələrində və digər ölkələrdə xidmət göstərirlər. Məsələn, “Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6,5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar sərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir. 2024-cü ildə “ITX” layihəmiz çərçivəsində istehsal etdiyimiz özünümüdafiə kompleksimizi və ambulansımızı da sərgiləyirik.

Qeyd edək ki, dünən sona yetən sərgidə işgüzar görüşlər də keçirilib. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunub.

Sərgilər dünən başa çatıb.


Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Sosial həyat