Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlamasından 4 il keçir. Həmin 44 günlük Zəfər Yürüşündə – müqəddəs savaşda rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.
Amma ən böyük qələbələr də qurbanslız olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 minə qədər hərbi qulluqçusu canından keçib, 100 nəfərdən artıq döyüşçümüz itkin düşüb, 1000 nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Sonucda işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edilib.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
“Xalq qəzeti” vaxtaşırı şəhidlərə həsr olunmuş səhifələr – onların döyüş yolu və qəhrəmanlığından bəhs edən oçerklər, xatirə yazıları verir. Bu gün də ölməz soydaşlarımızın bir qrupundan söhbət açır, bütün şəhidlərimizin ruhunu ehtiramla yad edirik.