Qarabağ uğrunda haqq savaşının ilk günündə əbədiyyətə qovuşan ilk soydaşımız hərbi pilot, mayor Abbas Rza oğlu Qasımov olub. Aviasiya dəstəsində xidmət edən igid zabit hava məkanında dövlət sərhədlərimizin mühafizəsində hünər göstərib.
Əslən Zəngibasardan olan Abbasın 2 yaşı olanda ailəsi oradan qaçqın düşüb. Daha 4 il sonra o, yurd həsrətinə dözə bilməyən atasını itirib. Bakının Binəqədi rayonundakı 157 nömrəli məktəbdə orta təhsil alıb. Nankor qonşuların ucbatından ata-baba yurdundan deportasiyaya uğramaları, didərginlik taleyi yaşamaları ilə barışmayan gənc hərbçi olmaq, millətin təəssübünü silahla çəkmək arzusuna düşüb. Elə bu niyyətlə də o vaxtkı Mulli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasına daxil olub.
Akademiyada “İnzibati idarəetmə, sərhəd qoşunları komanda taktiki” ixtisasına yiyələnmiş gənc zabit Xudat sərhəd dəstəsində xidmətə başlayıb və daim öz bilik və bacarığının artmasına xüsusi fikir verib. Buna görə nümunə göstərilib, pillə-pillə irəli çəkilib. 2010-cu ildən xidmət yerini Aviasiya dəstəsinə dəyişən Abbas Qasımov orada da özünü bacarıqlı mütəxəssis kimi göstərə bilib. 10 il ərzində peşəkarlıq səviyyəsini xeyli yüksəldən səma şahini bir sıra döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Sentyabrın 27-də 44 günlük Zəfər Yürüşü başlananda onun 44 yaşı vardı. Müharibənin ilk günündə idarə etdiyi təyyarə ilə düşmən hədəflərinə zərbə endirərkən vurulsa da, Abbas Qasımov döyüş tapşırığını sona qədər yerinə yetirib və baş leytenant Xalid Gözəlovla birlikdə şəhid olub. Abbas Qasımovun nəşi Bakıdakı II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Qəhrəman zabitin şərəfli tərcümeyi-halına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”,“Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi qeyd olunub.
...Səmalarda vuruşan qəhrəmanımızın ruhu 2020-ci il sentyabrın 27-də həmişəlik olaraq göylərə uçsa da, onun silinməz izləri yerdə qalır – paytaxtımızın 6-cı mikrorayonundakı küçələrdən biri Abbas Qasımovun adını daşıyır.