Şair ürəkli komandir

post-img

Səngərdə qısa istirahət saatlarında yazdığı şeirləri ilə döyüş dostlarını qələbəyə ruhlandıran baş leytenant Samir Tәyyub oğlu Şükürov Lerik rayonunun Kәlvәz kәndindә dünyaya gәlib. Hәqiqi hәrbi xidmәtini başa vurduqdan sonra ali hәrbi mәktәbә daxil olub vә 1 il tәhsil alıb. Birinci Qarabağ müharibәsi başlananda döyüşlərə atılıb, ön cəbhədə şücaәt vә qәhrәmanlıqlar göstәrib. Motoatıcı taqım komandiri vəzifəsində Hәrbi vәzifәlәrini layiqincә yerinә yetirdiyinә görә leytenant, sonra da baş leytenant rütbәlərinə layiq görülüb.

1997-ci ildən ehtiyata buraxılan zabit Samir Şükürovun Vətən müharibəsi başlanan gün – 2020-ci il sentyabrın 27-də yuxusu ərşə çəkilir. Nəhayət, qisas zamanının gəlməsindən ruhlanaraq, Vətən müdafiəçilərinə xitabla “Əsgər” adlı belə bir şeir yazır:

Yuxunu sәn әrşә çәkmisәn bütün,
Durmusan düşmәnlә üz-üzә, әsgәr!
Qələbə sevincin eşidәk bu gün,
Zәfәr xәbәrini ver bizə, әsgәr!

Daha geriyә dә qalmayıb bir yol,
Bütün ümidimiz sәnәdir, әsgәr!
İnləyən yurdların xilaskarı ol,
Səninlə zirvəyə ucalsın səngər!

Yeni müjdәlәrlә sevindir bizi,
Qoy görək sәndәki hünәri, әzmi.
Tanrım zamin durub qorusun sizi,
Yağılar rədd olsun, daha yetməzmi?!

Az qalıb qәlәbә marşına, çox az,
Bizә bu anları sәn yaşat, əsgər!
Dağlarda qış dönüb olsun güllü yaz,
Dərdi könlümüzdən sən boşalt, əsgər!

Çox keçmədən Samir Şükürov qəti qərara gəlir ki, o da mütləq igid əsgərlərin yanında olmalıdır. Şair ürəkli keçmiş komandir elə bu niyyətlə də Lerik Rayon Hәrbi Komissarlığına yollanaraq, istəyində təkid edir. Birtəhər qeydiyyatdan keçir vә 44 yaşında ikən 44 günlük Zəfər Yürüşünə qatılır. Vətən müharibəsinin cəbhələrinə yollanır. Bir sıra yaşayış mәntәqәlәrinin, strateji yüksәkliklәrin alınmasında, düşmәn postlarının ələ keçirilməsində fәal işirak edir. Noyabr ayının 9-da isə Şuşa şәhәrinin azad olunması uğrunda gedәn ağır döyüşlәrdә şәhidlik zirvәsinә ucalır.

Qəhrəman komandirin nәşi noyabrın 10-da Bakı şәhәrinә gәtirilib vә ailəsinin yaşadığı Xәzәr rayonu Binә qәsәbәsindәki Şәhidlәr Xiyabanında torpağa tapşırılıb. O, ölümündәn sonra “Azərbaycan Bayrağı” ordeni, “Vәtәn uğrunda”, “İgidliyә görә” və “Xocavәndin azad olunmasına görә” medalları ilә tәltif edilib.

Sosial həyat