İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə şuşalı olub, Şuşanı görməyən, ya da körpə ikən oradan çıxan oğullar da canlarından keçiblər. Onlar daim haqqında valideynlərindən eşitdikləri, kitablardan oxuduqları o ulu ucalıqlara can atıblar. Şuşanı almağa, onun yolunda can qurban etməyə müntəzir olublar.
Zəfər yürüşü zamanı Şuşa hər bir əsgərin, hər bir yurddaşımızın qibləgahı idi. Prezident, Ali Baş Komandan İlham Əliyev hamının ürəyindən xəbər verən, inam yaradan bir ifadə işlətmişdi: “Şuşasız işimiz yarımçıq olar”. Yəni Şuşa mütləq alınacaq. Elə də oldu, amma, təəssüf ki, hayqırıb Şuşaya doğru şığıyan şuşalı igidlərin 9-u o günü görmədi. Onlar Nurlan Həsənov, Əzəmi Hüseynov, İsrafil İbrahimov, Bəxtiyar Aslanov, Azər Əliyev, Dünyamin Tağızadə, Pərviz Məmmədov, Aallahverdi Allahverdiyev və Samir Ələkbərlidir.
Şuşa həsrəti ilə şəhadətə qovuşan leytenant Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Qarabağın baş tacı olan bu şəhərdə dünyaya göz açıb. Birinci Qarabağ müharibəsindən sonra ailəsi məcburi köçkün kimi Bakıda məskunlaşmışdı. Azərbaycan Texnologiya Universitetində ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələrin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Ardınca müddətli leytenant kimi Gəncədə xidmət keçib və 2014-cü ildə ehtiyatda olan zabit kimi təxris edilib. Nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılda döyüşlərdə fəal iştirak edib.
Döyüşlər yenicə başlananda evə zəng edən Nurlan: “Ana, məndən narahat olmayın, burada hər şey yaxşıdır, Şuşanı almağa gəlmişəm” – deyibmiş. Amma oktyabrın 1-də o, Füzuli istiqamətində qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fərqləndiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nurlan Nadir oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, eləcə də Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medaları ilə təltif edilib.
...Əsgər Allahverdi Əli oğlu Allahverdiyev də əslən şuşalı idi. Bun şəhərin işğalının 9-cu ilində Bakıda doğulub. Vətən müharibəsi başlananda 19 yaşı yenicə tamam olmuşdu. Azərbaycan Ordusunun Quru Qoşunlarının sərrast baş atıcısı kimi işğalçılara qarşı döyüşlərdə iştirak edib. Allahverdi elə davanın ilk günü – sentyabrın 27-də Talış–Suqovuşan istiqamətində ilk döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Hərbçi kimi vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Allahverdi Allahverdiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” müdallarına layiq görülüb.
Şuşada doğulub böyümüş şair-publisist Tahirə Məmmədova əslən bu diyardan olan şəhidlərdən 2-si – leytenant Nurlan Həsənov və əsgər Allahverdi Allahverdiyev haqqında sənədli filmin ssenari müəllifidir. Onun dedikləri: “Qəhrəmanlıq filmini yaratmaq bir şuşalı kimi mənim borcum idi. Belə igidlərlə həmişə fəxr etməliyik və edirik də. Mən qalan 7 şəhid haqqında da sənədli film hazırlayacağam ki, gələcək nəsillər Şuşanı görməyən, lakin onun uğrunda canından keçən bütün igid şuşalıları tanısınlar”.
Filmdə doğmaları, müəllimləri, döyüş dostlarının Nurlan və Allahverdi ilə bağlı xatirələri kövrək hisslər yaradır. Hər kəs qürur keçirir ki, Vətən belə mərd igidlər yetirib və onlar Şuşanın xilası naminə canlarından keçiblər.