Vətən müharibəsi zamanı incəsənət xadimlərimiz, sənət adamlarımız da döyüşçülərimizi qələbəyə ruhlandırmaq üçün əllərindən gələni ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı, Azərbaycanın mədəniyyət beşiyi Şuşaya həsr olunan kompozisiya buna misal ola bilər. “Mənim ürəyim Şuşa” adlanan həmin ecazkar musiqi parçası Zəfər Günü ərəfəsində təqdim olunub və hədsiz maraqla qarşılanıb.
Dinləyicinin xəyalını Şuşaya qanadlandıran kompozisiyanın müəllifi Almaniyada yaşayan soydaşımız – məşhur skripkaçı və bəstəçi Anar Bramo-İbrahimovdur. Mahnının sözləri Çexiyada yaşayan azərbaycanlı xanım şair Leyla Beqimə məxsusdur.
Canım Şuşam, Şuşam,
Həsrətlə baş-başam!
Ey qəlb yarası, ümid qalası
Şuşam!
Gözəldir tamaşan!
Kompozisiyanı Azərbaycan, rus və ingilis dillərində müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva səsləndiriblər. Dirijor Fuad İbrahimov, sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv də kompozisiyanın ərsəyə gəlməsində iştirak ediblər. Mahnı məşhur musiqi platformalarında yayılıb.