Günnütdən Tuğa qələbə müjdəsi

post-img

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində müstəsna xidmətlərinə və işğal edilmiş ərazilərin azad edilməsi zamanı göstərdiyi rəşadətə görə 83 nəfər soydaşımız (34-ü ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif edilib. Onlardan biri də polkovnik-leytenant Anar Əliyevdir.

“USTA” dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri olan Anar Əliyev çoxsaylı təlimlərdə fərqlənsə də, düşmənlə ilk dəfə 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi uğrunda əks-hücum əməliyyatı zamanı birbaşa üz-üzə gəlib. İşğlaçı silahlı dəstələrini sarsıdan həmin döyüşlər gələcək Böyük Zəfərin ilk müjdələrindən olub.

Anar Əliyev Vətən müharibəsində 2020-ci il oktyabrın 11-dən başlayaraq, cəmi 10 gün iştirak edib. Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənddə əsl hünər göstərib. Oktyabrın 21-də Xocavənd rayonunun Tuğ kəndinə hücum onun və hərbi həkim olan dostu, leytenant Adil Əfəndiyevin son döyüşü olub. İgid komandirin rəhbərliyi ilə Tuğun alınması sayəsində Silahlı Qüvvələrimizin Şuşaya girişi asanlaşıb.

O, Qarabağı qarış-qarış tanıyırdı. 1980-ci ildə Kəlbəcərin Boyaqlı kəndində dünyaya göz açıb. Sonra valideynlərinin işi ilə əlaqədar olaraq ailəsi Ağdərə rayonunun Həsənqaya kəndinə köçüb. Xain qonşuların separatçı əməlləri üzündən araya düşən nifaqa görə Anargil oradan Tərtərin Bəyimsarov kəndinə pənah aparıblar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, ardınca Bakı Ali Birləşmiş Kamandanlıq Məktəbini “Qoşun kəşfiyyatı” ixtisası ilə bitirən Anar Əliyev Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursun dinləyicisi olub. 2012–2014-cü illərdə Hərbi Akademiyada təhsilini davam etdirib. Müdafiə Nazirliyinin əmri ilə Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığının sərəncamına göndərilən təcrübəli zabitə 1 il sonra müstəsna xidmətlərinə görə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib. Qərargah rəisi, hərbi hissə komandirinin müavini kimi Vətənə şərəflə xidmət edib.

Günnütdən başlanan döyüş yolu bir-birinin ardınca işğaldan azad olunan Hadrut, Qaradağlı, Xatınbulaq, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser, Arış, Doşulu, Edişə, Düdükçü, Edilli, Cirəquz, Pirəhmədli, Cuvarlı kimi çoxsaylı kəndlərdə, strateji önəmi olan yüksəkliklərdə üçrəngli bayrağımızın ucaldılması ilə başa çatıb. Oktyabrın 17-də Anar Əliyev “N” saylı hərbi hissənin komandiri təyin olunub. İgid komandir ertəsi gün Zəngilan şəhərinin düşməndən azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandana məruzə edib.

Tuğ döyüşlərində müstəsna igidlik göstərən Anar Əliyev orada qəfildən qarşı tərəfin açdığı atəşlə qolundan və gözündən vurulub. Onu xilas etməyə gələn hərbi həkim dostu da ürəyindən güllə yarası alıb. Üstəlik, bir an sonra onların yanında düşmən qumbarası partlayıb. Beləcə, hər ikisi şəhid olub.

Qələbədən sonra “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülən Anar Əliyevin döyüş yolu gənclər üçün əsl örnəkdir. Bu gün Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edənlər orada 16 medallı igid polkovnik-leytenantın şəxsi əşyaları, sənədləri və ona aid digər materiallara baxdıqca, haqqında yazılmış 160 səhifəlik “İgid ölər, adı qalar” kitabını vərəqlədikcə qürur hissi keçirirlər. Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbinə və Tərtər şəhərindəki küçələdən birinə Anar Əliyevin adı verilib.

 

Sosial həyat