Beynəlxalq əməkçi qurumlarının COP29-a dəstəyi
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurasının birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: Həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Məclisdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə ölkəmizin iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar və özəl sektorun nümayəndələri iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərinin müəyyənləşdirilməsi və müdafiəsi, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi olub.
Toplantı çərçivəsində iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını gücləndirmək üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar, müxtəlif tərəflər arasında əməkdaşlıqla bağlı görüşlər keçirilib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə fəal olduğunu, qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmədiyini bildirib. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən biri olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin “yaşıl” enerji zonası elan edildiyini də diqqətə çatdırıb.
AHİK sədri Sahib Məmmədov şıxışında iqlim dəyişikliyi böhranının hazırda ciddi narahatlıq doğurduğunu, bu vəziyyətin təbii fəlakətlərin baş verməsində aydın nəzərə çarpdığını vurğulayıb. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq konvensiyalara qoşulduğunu xatırladan S.Məmmədov respublikamızın COP29-a ev sahibliyi kimi məsuliyyətli vəzifəni üzərinə götürdüyünü və bu mötəbər tədbirə ciddi hazırlaşdığını, həmçinin belə bir nüfuzlu konfransın iqlim dəyişikliyi ilə mübarizə işinə töhfə verəcəyindən əminliyini bildirib. S.Məmmədov daha sonra deyib: “Hazırda dünya üçün ən böyük çağırışlardan biri olan iqlim dəyişikliyi yalnız təbiətin korlanması deyil, bu, həm də həyatımızın hər sahəsinə təsir edən və dağıdıcı fəsadlar törədən bir hadisədir. Biz bunun qarşısını almasaq riskləri daha da artacaq. Az inkişaf etmiş ölkəkər bu risklərə daha çox məruz qalacaq”.
İqtisadiyyat nazirinin birinci müavini Sahib Ələkbərov çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə yeni çağırışlara adekvat reaksiya verən ölkələrdən biri olaraq “yaşıl” iqtisadiyyatın yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirdiyini bildirib. Qaz emissiyalarının azaldılmasının hazırda mühüm əhəmiyyət kəsb etdiyini və iqlim dəyişikliyi ilə bağlı Paris sənədinin ölkəmizdə ratifikasiya edildiyini xatırladan S.Ələkbərov bildirib ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyib. Eyni zamanda, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin nəzərdə tutulduğunu xatırladıb.
Nazir müavini daha sonra həmin ərazilərdə bərpaolunan və “yaşıl” enerjinin əldə edilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirilməsindən, yeni “yaşıl” iqtisadiyyatın yaradılmasında görülən işlərdən də danışıb.
Konfransda regionda və dünyada baş verən təbii fəlakətlərin şahidi olduğunu diqqətə çatdıran Beynəlxalq Əmək Təşkilatının işçilərinin fəaliyyətləri üzrə bürosunun direktoru Maria Helena Andrena neft və qaz hasilatı, atom bombaları və digər iqlim dəyişikliyinə təsir edən amillərlə bağlı narahatlığını ifadə edib. O, iqlim dəyişikliyi ilə bağlı mübarizədə səfərbər olmağın əhəmiyyətini xatırladıb, həmkarlar ittifaqları təşkilatlarının COP29-a verəcəyi töhfə ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə müştərək layihələrdən, təcrübə mübadiləsindən danışıb.
Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin beynəlxalq konfransdakı çıxışında iqlim dəyişikliyi ilə mübarizədə ədalətlilik prinsipinin qorunmasının zəruriliyini diqqətə çatdırıb, eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı hazırda baş verənlərin dayanıqlı inkişaf məqsədləri və Paris razılaşması üzrə geriləmələrin olduğunu göstərdiyini qeyd edib.
Beynəlxalq əməkdaşlığın və qlobal həmrəyliyin vacibliyini diqqətə çatdıran M. Puşkin milli öhdəliklərin yerinə yetirilməsində ölkələrin həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirib, iqlim dəyişikliyi ilə mübarizənin hər bir ölkənin, təşkilatın üzərinə məsuliyyət qoyduğunu xüsusi vurğulayıb.