Beynəlxalq Enerji Agentliyi (BEA) Nyu-York şəhərində COP29 Sədrliyi ilə əməkdaşlıq şəraitində “təmiz” enerjiyə keçid dialoqunun 3-cü mərhələsini həyata keçirib. Dialoqda BEA-nın hesabatının nəticələrinə xüsusi önəm verilib.
Xatırladaq ki, həmin hesabatda COP28-də 200-ə yaxın ölkənin bərpaolunan enerji imkanlarını 3 dəfə və enerji səmərəliliyini 2 dəfə artırmaq barədə razılığa gəldiyi vurğulanıb. Bu hədəflər elektrik şəbəkəsinin modernləşdirilməsinə və enerji ehtiyatının əhəmiyyətli dərəcədə artırılmasına hesablanıb.
BEA bildirir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq beynəlxalq əməkdaşlıq və müvafiq milli siyasətin həyata keçirilməsini tələb edir. Məsələn, 2030-cu ilə qədər respublikamızda 25 milyon kilometr elektrik şəbəkəsi qurulmalı və təkmilləşdirilməli, enerji saxlama qabiliyyəti 1500 giqavata çatdırılmalı, o cümlədən bunun 1200 giqavatı batareyalardan verilməlidir.
Hesabata əsasən, əlverişli iqtisadiyyat, geniş istehsal potensialı və güclü siyasət sayəsində 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının 3 dəfə artırılması mümkündür. BEA qeyd edir ki, bərpaolunan enerji və səmərəlilik üçün COP28 məqsədlərinə tam nail olmaq 2030-cu ilə qədər qlobal emissiyaları gözlənilənlə müqayisədə 10 milyard ton azaldacaq və dünyaya Paris sazişinin temperatur hədəflərinə çatmaq üzrə şans verməyə kömək edəcək.
Hesabat Nyu-Yorkda İqlim Həftəsinə təsadüf edən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı açıqlanıb. Həftə ərzində hökumət, sənaye və vətəndaş cəmiyyətinin liderləri enerji, iqlim və davamlı inkişaf məsələlərində daha geniş fəaliyyət imkanlarını müzakirə etmək üçün bir araya gəliblər.