Azərbaycan Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına tamhüquqlu üzv qəbul edilib.
Xatırladaq ki, 92 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir. Həmin qurumlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar.
Azərbaycanın Maliyyə Nazirliyi cari ilin aprel ayında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun Vaşinqton şəhərində keçirilən yaz toplantıları çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 11-ci iclasında müşahidəçi statusunda iştirak edib. Azərbaycan Respublikasının COP ilə fəaliyyət istiqamətləri əksər hallarda üst-üstə düşən sözügedən koalisiyada tamhüquqlu üzv kimi təmsil olunması isə ölkəmizin COP29 sədrliyinin hədəflədiyi nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək.
Yeri gəlmişkən, koalisiya üzvlərinin növbəti görüşü 2024-cü ilin oktyabr ayında Vaşinqtonda BVF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək. Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransının “Maliyyə günü” çərçivəsində koalisiyanın xüsusi iclasının keçirilməsi barədə də ilkin razılıq əldə olunub.