Bu günə qədər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 1806 layihəyə maliyyə dəstəyi göstərib ki, bunun da 1582-si kiçik qrant müsabiqəsi çərçivəsində gerçəkləşib. Bunu agentliyin icraçı direktoru Aygün Əliyeva İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
Həmin layihələrin 405-nin sağlam həyat tərzi və təmiz ətraf mühit mövzusunda olduğunu bildirən icraçı direktorun sözlərinə görə, təkcə cari ilin ötən dövründə agentlik bu mövzuda 194 QHT layihəsinə maliyyə dəstəyi göstərib. Bütün layihələrin qəbulu isə elektron xidmət üzərindən həyata keçirilir.
A.Əliyeva deyib ki, rəhbərlik etdiyi qurum fəaliyyət göstərdiyi 3 il ərzində müxtəlif tədbirlər, inkişaf və mübadilə proqramları həyata keçirib. “Ümumilikdə, 5 mindən çox QHT nümayəndəsi bu tədbirlərdə iştirak edib. Bizim üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir və bu istiqamətdə agentlik maraqlı tərəflərə hər zaman dəstək verməyə hazırdır”– deyə o, əlavə edib.