36 illik “yaşıl” marafon ölkəmizə 44 milyard dollara başa gələcək

post-img

Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stalmeister mediaya açıqlamasında respublikamızda “yaşıl” iqtisadiyyatın şaxələndirilməsi məqsədilə kritik infrastruktur yatırımlarının davam etdirilməsinin zəruriliyini bildirib. O, 2060-cı ilə kimi dekarbonizasiya məqsədilə respublika iqtisadiyyatının müxtəlif sahələrinə, ümumilikdə, 44,1 milyard dollar investisiya yatırılmasının vacibliyini qeyd edib.

Menecer daha sonra deyib ki, elektrik enerjisi sahəsində investisiya boşluğu 13,8 milyard dollar, nəqliyyat sahəsində 4,4 milyard dollar, sənaye və digər sahələrdə 8,3 milyard dollar təşkil edir. Su effektivliyi sahəsində 17,6 milyard dollar, “ağıllı” kənd təsərrüfatı sahəsinə 1,8 milyard dollar investisiya tələb olunur. Ümumi davamlılıq üzrə isə 19,4 milyard dollar yatırıma ehtiyac duyulur.

S.Stalmeister əlavə edib ki, Azərbaycan müəyyənləşdirilən məsələlərin həllinə nail ola bilər. Amma bunun üçün, ilk növbədə, iqlim dəyişiliklərinin doğurduğu çətinlikləri diqqətdə saxlamaqla iqtisadiyyatın inkişafı daha da sürətləndirməlidir.

Ekologiya