Qlobal ekoloji hədəflərin milli yönləri

post-img

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində keçirilən “Qlobal Bərpa Olunan Enerji Sammiti”ndəki çıxışında Azərbaycanın COP29 fəaliyyət gündəliyində “yaşı” enerjiyə böyük diqqət yetirildiyini və bununla bağlı bir sıra layihələr hazırlandığını bildirib. Nazir açıqlamasında vurğulayıb: “COP28-də bir sıra məsələlərin həlli istiqamətində razılıq əldə edildi. Bu, COP29 üçün möhkəm zəmin yaratdı. Eyni zamanda, enerji keçidlərinə dair çətinliklərin ədalətli və nizamlı şəkildə aradan qaldırılmasını şərtləndirdi və dövlətləri gələcəyin bərpa olunan enerji sistemlərini yaratmaq üçün birlikdə işləmətə sövq etdi”.

Muxtar Babayev COP29 çərçivəsində bərpaolunan enerjiyə keçidlə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslər barədə də fikirlərini bildirib: “Azərbaycanın təşəbbüskar olduğu Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsədi qlobal enerjinin saxlanılması potensialını 2022-ci illə müqayisədə 6 dəfə artıraraq 2030-cu ilə qədər 1500 giqavata çatdırmaqdır. Öhdəlik götürən tərəflər enerji şəbəkələrini təkmilləşdirmək məqsədi ilə görülən qlobal səylər çərçivəsində 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsini ümumi şəbəkə sisteminə əlavə etmək üçün bu sahəyə investisiya axınını artıracaq”.

COP29-un müəyyən olunmuş prezidentinin sözlərinə görə, Azərbaycanın təşəbbüskarı olduğu COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyində investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi ilə bağlı hədəflər olacaq.

M.Babayev beynəlxalq enerji agentlikləri və qlobal tərəfdaşlara səslənərək COP29-un qlobal hədəflərini milli fəaliyyət planlarına çevirmək üçün kritik məqam olduğunu qeyd edib.

Ekologiya