“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.
IDEA könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub. Aksiya zamanı 230 Eldar şamı tingi əkilib. Ərazidə abadlıq işləri aparılıb, damcısuvarma sistemi qurulub. Baxımsız qalan 2 hektarlıq sahə bir neçə ay əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan təmizlənib, rekultivasiya işləri görülüb. Aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağaclar əkilib.
IDEA İctimai Birliyi belə ekoloji aksiyalarla ətraf mühitin mühafizəsinin vacibliyini göstərir, insanları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
***
Həmin gün paytaxtın Yeni Yasamal-1 yaşayış massivində yerləşən çoxmərtəbəli binalarda 1500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri IDEA könüllüləri ilə birlikdə məhəllədə kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb, söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb. Binaların fasad və dəhlizləri təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Ətrafda yaşıllıq zolağı salınıb, “yaşıl sədlər” yaradılıb.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin, eləcə də IDEA könüllülərinin iştirakı ilə çimərlik mövsümünün bitməsi ilə əlaqədar dünən sahilyanı təmizlik aksiyası da keçirilib.
COP29 çərçivəsində Bilgəhdə ictimai çimərlik ərazisində təşkil edilən iməcilik zamanı toplanan 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda səylərə cəlb etməkdir.
XQ