Bakıda Çinin milli bayramı münasibətilə rəsmi qəbul

post-img

Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi Çin Xalq Respublikasının yaradılmasının 75-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Mərasimdə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ölkəsinin 75 ildə keçdiyi inkişaf yolundan danışıb, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatdığını söyləyib: “Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin–Azərbaycan strateji tərəfdaşlığının yaradılması yeni mövqe və yeni başlanğıc nöqtəsidir. Hər iki ölkə liderinin əldə etdiyi konsensusun tam şəkildə həyata keçirilməsi üçün Çin Azərbaycanla işləməyə hazırdır. Bu yeni başlanğıc nöqtəsində əlaqələrimizi daha yetkin və əsaslı mərhələyə yüksəldək və həm ölkələrimizə, həm də xalqlarımıza daha çox fayda gətirək”.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ticarət-iqtisadi əməkdaşlığın inkişafında Azərbaycan–Çin Hökumətlərarası Komissiyasının mühüm rolunu xüsusilə qeyd edib: “2023-cü ilin noyabrında komissiyanın doqquzuncu iclası Çində keçirildi. Görüşün yekunlarına dair imzalanmış Protokolun icrası ticarət, investisiya, enerji, nəqliyyat, qida təhlükəsizliyi və turizm sahələrində əməkdaşlığımızın inkişafına töhfə verir”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin dinamikasına təsir edən mühüm amillərdən biri də enerji sahəsində səmərəli əməkdaşlıqdır: “ Hazırda alternativ və bərpaolunan enerji mənbələri sahəsi ölkələrimiz arasında əməkdaşlığın perspektivli sahələrindən biridir. Ölkəmizin bu ilin noyabrında COP29 konfransına evsahibliyi edəcəyini nəzərə alaraq, Çindən rəsmi nümayəndə heyətinin iştirakını alqışlayır və Çinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübəsini bölüşməkdə maraqlıyıq.

Tədbir bədii hissə ilə davam edib.

XQ

Son xəbərlər