Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olaraq, ölkəmizin Pakistandakı səfirliyinin təşəbbüsü ilə Müasir Dillər Universitetində konfrans keçirilib.
Azərbaycan Dil və Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə universitetin müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, səfirlik əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib və Anım günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində son qoyulub. O, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunduğunu diqqətə çatdırıb. Lakin həmin qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını xatırladan səfir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Beləliklə, Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. Diplomat, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirdiyini də diqqətə çatdırıb.
Daha sonra universitetin icraçı direktoru Şahzad Munirin və xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü, düşmənin sonadək bütün ərazilərdən qovulması, işğala son qoyulması, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi bölgədə davamlı sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verəcək.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
İslamabad