“Böyük Qayıdış”ın mübarək, doğma Cəbrayılımız!

post-img

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda başlanan bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət almaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında həyata keçirilən irimiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün etibarlı bünövrə yaradır.

Qürurvericidir ki, 30 ildən artıq Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin köç karvanları bir-birinin ardınca əzəli və əbədi torpaqlarımıza istiqamət götürür. Sentyabrın 26-da 44 günlük zəfər dastanımızın 4-cü ildönümü ərəfəsində həsrətin bitdiyi ünvanlar sırasına Cəbrayıl da qoşuldu, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan şəhər ilk sakinlərini qarşıladı. Bununla da 36 ailədən ibarət 117 nəfərin ən ülvi arzuları reallığa çevrildi. Xalqımız bayram əhval-ruhiyyəsi yaradan yeni qayıdış müjdəsinə sevindi.

“Xalq qəzeti” olaraq biz də bu sevincə qoşulub öz doğma yurduna qayıdan Cəbrayıl sakinlərinin bir neçəsinin təəssüratlarını öyrəndik. Məcburi köçkün kimi 31 il Xırdalan şəhərində müvəqqəti məskunlaşmış Ramazan Hüseynov bildirdi ki, bu xoşbəxt günün gələcəyinə inamımızı bir an belə itirməmişdik:

– Yenidən qurulan, gözəl, müasir Cəbrayıl şəhərinin ilk sakinlərindən biri olduğum üçün qürur duyuram. Yaşadığımız həsrət dolu acı günlər geridə qaldı. Bundan sonra doğma Cəbrayılımda yeni, ikiotaqlı mənzilimdə yaşayacağam. Bu gün sanki təbiət də yolumuza uğur diləyirdi. Yağış yağır, buludlardan nur tökülürdü. Bütün yol boyu dualar edərək Allahdan şəhidlərimizə rəhmət diləmişəm. Ulu Tanrı möhtərəm Prezidentimizə cansağlığı, uzun ömür versin, ordumuzu qorusun! Bir də dua etmişəm ki, Allah xalqımızın birliyini heç zaman pozmasın. Çünki bütün böyük qələbələrimizi xalqımızın öz Müzəffər Ali Baş Komandanının ətrafında yumruq kimi birləşməsi sayəsində qazanmışıq.

35 yaşında məcburi köçkün düşdüyü doğma Cəbrayılına qızı və nəvəsi ilə qayıdan Nazilə Əliyeva sevincini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirdi:

– Elə bilirəm ki, şirin bir yuxudayam. Bakıdakı Binə qəsəbəsində yataqxanada məskunlaşmışdıq. Bu gündən daha məcburi köçkün deyiləm. Allah dövlətimizin bayrağını daim uca etsin, üçotaqlı mənzillə təmin edildik. Yeni mənzilimizə baxdıq, çox xoşumuza gəldi. Şəhərimiz əvvəlkindən də gözəl olacaq. Xoşbəxtəm ki, ömrümün qalan günlərini Cəbrayılda, ata-baba yurdumda yaşayacağam. Bütün cəbrayıllıların, o cümlədən xalqımızın gözü aydın olsun! Bizim üçün bundan gözəl gün ola bilməz. Allah bu sevinci yaşamağı keçmiş məcburi köçkünlərin hamısına qismət etsin!

Cəbrayıl şəhərinin ilk sakini olmağın qürurunu yaşayanlardan biri də Fazil Bəhrəmovdur. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan F.Bəhrəmov bildirdi ki, bu qayıdış onun həyatının 3-cü mərhələsidir:

– Ömrümün yarısını Cəbrayılda, digər yarısını isə məcburi köçkün kimi Xırdalan şəhərində yaşamışam. İndi yenə doğma şəhərimə qayıdıram. Özü də daimi yaşamaq üçün. Sanki yenidən doğulmuşam. Arzu edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı bir nəfər kimi öz ata-baba yurdlarına qayıtsın. Burada yaşayaq, işləyək, yenidən qurub-yaradaq. Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad edilib, hər qarışı şəhid qanı ilə suvarılıb. Şəhid qanı ilə yoğrulmuş torpaq isə adi torpaq deyil, müqəddəs Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, ordumuzu var etsin!

Doğma sakinlərinin Cəbrayıla qayıdışı təkcə onların deyil, hamımızın sevinci, fərəhidir. Bugünlər şanlı Zəfər tariximizin növbəti qızıl hərflərlə yazılmış səhifələrinə çevriləcək.

“Böyük Qayıdış”ın mübarək, yenidən qurulmuş gözəl Cəbrayıl!

Gözün aydın, Vətən!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri



Sosial həyat