Bəlkə də yurdumuzun ecazkar guşələridir bizi “şair xalq” kimi tanıdan. Təbiət gözəllikləri insanların duyğu və düşüncələrinə də nüfuz edir, qələmə sarılan hər kəs Vətəni bədii təsvir vasitələri ilə tərənnüm edir.
Qax, Zaqatala və Balakən rayonları da misilsiz gözəllikləri ilə seçilir və bu bölgədə də xeyli istedadlı qələm sahibi yaşayıb-yaradır. Təsadüfi deyil ki, Azərbaycan Yazıçılar Birliyinin bu 3 rayonu əhatə edən Şimal–Qərb Regional Bölməsi də məhsuldar fəaliyyət göstərir. Yazıçı-jurnalist “Fidanlarla keçən ömür”, “Köksümə sığmayan ömür”, “Sevənlər unudulmur”, “Həyat davam edir” kitablarının müəllifi Əlmaniz Ələkbərli bölmənin sədridir. Yarandığı qısa vaxt ərzində bölmədə görülən işlərlə bağlı məlumat almaq üçün bölmə rəhbəri ilə həmsöhbət olduq.
– AYB Şimal–Qərb Regional bölməsinin yaradılması hansı zərurətdən irəli gəldi?
– Əvvəllər biz də AYB-nin Şəki bölməsində fəaliyyət göstərirdik, amma məsafə uzaq olduğuna görə ədəbi mühitin inkişafında müəyyən problemlər yaranırdı. Odur ki, AYB Zaqatala Bölməsi yaradıldı. Bildiyiniz kimi, bölmənin yaranması və sədrin rayon ictimaiyyətinə təqdim olunması ilə bağlı 30 avqust 2023-cü ildə Zaqatala rayon Heydər Əliyev mərkəzində toplantı keçirilib. Oradakı çıxışımda söz vermişdim ki, bölgədə ədəbi mühitin daha da canlanmasına çalışacağıq. İlk olaraq bölgədəki şair və yazıçıları bir araya topladıq. Daha sonra, ən azı, ayda bir dəfə hər üç rayonda yazarlarla görüş keçirildi. Bundan sonra şair və yazıçıların doğum günlərinin, yaradıcılıq gecələrinin keçirilməsi ənənə halı aldı. Bütün bunlar həm də əhalinin mənəvi zövqünün inkişafına xidmət edir.
Son 1 il ərzində Şəki–Zaqatala regional təhsil idarəsi və təhsil işçilərinin Həmkarlar İttifaqı Komitələri ilə birgə 3 inşa-esse müsabiqəsi keçirmişik. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqələrə Şəki, Oğuz, Qəbələ rayonlarının məktəblilərini də cəlb etmişdik.
– Fəaliyyətinizin genişlənməsi üçün daha hansı addımlar atılıb?
– AYB bölməsi olaraq məktəblilər arasında istedadların tapılıb önə çəkilməsini daim diqqət mərkəzində saxlayırıq. Bu baxımdan Zaqatala rayon Faldarlı kənd tam orta məktəbinin 9-cu sinif şargirdi Elton Osmanovun “Mən kiməm” romanının təqdimat tədbiri yaddaqalan olub. Faldarlı məktəbinin akt zalında keçirdiyimiz təqdimat mərasimində rayonun bir çox idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və yerli yazarlar iştirak edirdi. Biz orada, həmçinin məktəblilər arasında sözə, şeirə necə dəyər verildiyinin şahidi olduq.
– Bölmənizdə AYB üzvləri kimlərdir?
– Demək olar ki, hər bir rayonda AYB-nin qocaman və orta yaşlı üzvləri var. Bununla yanaşı, təkcə bu il Zaqataladan 3 nəfər – Həvva Adəmsoy, Güldanə Ramazanova və Adilə Aslanova AYB üzvlüyünə qəbul olunublar. Maraqlı bir fakt: bölməmizin üzvlərindən biri, Qax rayonundan olan Giya Paçxataşvili 3 dövlətin – Azərbaycan, Rusiya və Gürcüstan Yazıçılar birliklərinin üzvüdür.
Azsaylı xalqların kompakt yaşadığı Qax, Zaqatala və Balakən rayonlarında Azərbaycan, zaxur, avar, gürcü və rus dillərində şeir və hekayə yazanlar yetərincədir. AYB üzvü olan yaşlı nəsil nümayəndələrinin gənclər üçün nümunə olduğunu nəzərə alaraq, onlarla tez-tez görüşlər keçiririk. Zaqatala rayonunun ədəbi mühitində böyük xidmətləri olmuş ağsaqqal yazar Sabir Qurbanovu, 76 yaşlı Zümrüd Rəsulovanı evində ziyarət edərək onlara mənəvi ruh vermişik. Bundan əlavə, Azərbaycan və avar dillərində şeirlər, poemalar müəllifi Xutra Ramazanla da gənc yazarların görüşlərini təşkil etmişik.
Ötən dövr ərzində çalışdıq ki, el arasında bir növ “sandıq ədəbiyyatı” yaradan yazarları da tapıb ortaya çıxaraq. Demək olar ki, hər rayonda yaşından asılı olmayaraq bir neçə nəfər bu tip yaradıcılıqla məşğul olur ki, onları ictimaiyyətə təqdim edə bilmişik. Bunlardan ən yaşlısı Qax rayonundan olan 1951-ci il təvəllüdlü Nəcabət Dərvişovanı və ən cavanı Zaqatala rayonundan olan 2005-ci il təvəllüdlü Dərya Aslanovanı göstərə bilərik. Şəhid Azad Davudovun anası Hacı Züleyxa xanım da sıralarımıza qoşularaq, yenidən yazıb-yaratmağa başlayıb.
– Yaradıcılıq nümunələrinin çapı nə yerdədir?
– AYB Şimal–Qərb bölməsinin fəaliyyətə başlamasından cəmi 1 il ötsə də, yerli yazarların şeir və hekayələrindən (dünyasını dəyişən şair və yazıçıların bədii nümunələri də daxil edilməklə) ibarət “Zaqatala almanaxı”, “Qax–Balakən almanaxı” və uzun illər yazdıqlarını sandıqda gizlədən Əmrah Yusifov (Əmrah Almalı), Həvva Adəmsoy, Şükufə Göyçəli, Kifayət Mütəllibqızı, Aytac İbrahimin kitabları işıq üzü görüb. Elə şairlərimiz var ki, iki dildə yazdığı şeirlərə mahnılar bəstələnib. Məsələn, Nəbi Mülkümovun şeirlərinə bəstələnmiş neçə-neçə mahnı el şənliklərində oxunur.
– Maraqlı söhbətə görə sağ olun. Bölgənizin yazarlarına yeni yaradıcılıq uğurları diləyirik!
Söhbəti yazdı:
İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri