“Bu dünyada yuxudayıq, öləndən sonra ayılacağıq”

post-img

... Bunu deyib baxışlarını mənə zillədi:

– İnanırsan?

– İnanıram.

– Kimin kəlamıdır?

– Həzrəti Əli əleyhəssalamın...

– Bəli, bu həqiqəti son zamanlar mən də daha aydın dərk edirəm. Lakonik şəkildə, necə də doğru-dürüst ifadə edib...

Qırx gün bundan əvvəl Haqq dünya­sına qovuşmuş İlham Abbasov barədə dü­şünərkən nədənsə, onunla bağlı, ilk növ­bədə, yadıma düşən bu söhbət oldu. Niyə məhz bu söhbət? Çünki hiss eləmişdim ki, son vaxtlar dini mövzulara, xüsusən, sə­mavi dinlərin göndərişinə, yaşadığımız hə­yatda həqiqi bərabərliyin, halalı-haramdan, haqqı-batildən, Xeyiri-Şərdən ayıran niza­mın yaranmasının zəruriliyinə onda böyük maraq yaranmışdı. Səmavi dinlər haqqında məlumatlı idi. “Tövrat”ı, “İncil”i, “Quran”ı mütaliə etmişdi, bəzən eyni məsələyə mü­nasibətdə səmavi dinlərin yanaşması barədə paralellər aparırdı...

Az qala, 30 ilə yaxın eyni kollektivdə birgə çalışdığım İlham müəllimi əvvəllər isə peşəkar bir jurnalist, mədəniyyətimizin, konkret olaraq, ədəbiyyatımızın dərin araş­dırıcısı kimi tanıyırdım. Bilirdim ki, o da mənim kimi, ali məktəbə o dövrün müəy­yən “baryer”lərini aşa bilmədiyinə görə, “birnəfəsə” daxil ola bilməmişdi, əsgəri xidmətini çəkəndən sonra Azərbaycan Döv­lət Universitetinin filologiya fakültəsində ali təhsil almışdı. Universiteti bitirdikdən sonra – 1985-ci ildə Azərbaycan Dövlət Pe­daqoji İnstitutunda baş laborant, laboratori­ya müdiri, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim və baş müəllim vəzifələrində işləmişdi.

İlham müəllimin “Xalq qəzeti”ndə iş­ləməsi ilə redaksiya say-seçmə qələm sa­hiblərinin, ədəbiyyat və incəsənət xadim­lərinin, yazıçı, şair, rəssam və bəstəkarların görüş yerinə çevrildi. Nə vaxt onun kabi­netinə girsəydin, bu qəbildən olan ziyalı­ları orada görərdin. Çox maraqlı və aktual mövzularda müzakirələrin, bəzən də sağlam mübahisələrin şahidi olardın.

Kənardan müşahidə etsəm də mənə bir şey aydın olurdu ki, belə müzakirə və mü­bahisələrdə həlledici sözü İlham müəllim deyərdi. Professorlar, ünlü ziyalılar, əsasən, onun fikirləri ilə razılaşardılar.

İlham müəllim dissertasiya müdafiə eləməmişdi, adi müəllim idi. Amma bir filo­loq–tənqidçi kimi səviyyəsi nəinki dosent­dən, hətta professordan da üstün idi. Pro­fessorların, akademiklərin yazılarını uğurla redaktə edirdi.

Dostluq münasibətimizin olmasına bax­mayaraq, nə üçün dissertasiya müdafiə et­mədiyini ondan soruşmamışdım. Çünki mə­nim nəzərimdə məşhur Əli Fəhmi nümunəsi var idi. Amma çay süfrəsi ətrafında bir dəfə ona bu sualı verdilər. Bir az duruxdu və gülümsədi. Həqiqətimi desin? Yanında müdafiə edib yenicə elmlər doktoru olmuş yaxın dostu oturmuşdu. Bu vaxt digər bir professor onu qabaqladı: – Nəyinə lazımdır müdafiə? Biz müdafiə eləmişik, əlimiz bala batıb? Sən ondan soruş ki, indiyədək neçə alimə dissertasiya mövzusu işləmisən...

Bir qələm sahibi, publisist kimi də peşəkar idi. Redaksiyada yeganə adam idi ki, çətinliyə düşəndə, tərəddüd etdi­yim, şübhələndiyim bir sözün yazılışı ilə bağlı onunla məsləhətləşirdim. Yazılarının redaktəsini heç kəsə etibar etməzdi, yal­nız mənə oxudardı. Çox az sayda, yüngül düzəlişlərim olardı, amma onları da asan qəbul eləmirdi. Redaktədə praktikaya yox, əsasən, nəzəriyyələrə əsaslanırdı. Bir dəfə məqaləsini redaktədən imtina etdim. İnad etdi: “Yox, mütləq oxumalısan, elə düzə­lişlərin olur ki, ürəyimə yağ kimi yayılır...”

Obyektiv insan idi İlham müəllim. Çox hörmətli bir akademikin məqaləsini oxuyub redaktə etməyi mənə tapşırmışdılar. Xeyli düzəliş elədim. Müəllif bundan inciyib bir ilə yaxın redaksiyamıza yazı göndərmə­di. Mənim iştirak eləmədiyim məclisdə bu barədə söhbət düşüb və “dost”larımdan biri bunu mənim ünvanıma irad tutub: “Lap ağ eləyib, akademikin də yazısında düzəliş eləmək olar?

Bu yerdə İlham müəllim dözməyib: 

– Niyə olmur, dilimizin orfoqrafiya qaydalarını pozmaq olar? Mən şahidiyəm ki, nə eləmişdisə düz eləmişdi...

Bunu mənə İlham müəllim deməmişdi, başqasından eşitmişdim. İlham Abbasovun vəfatından təsirlənən iş yoldaşlarının, dost­larının ürək sözləri qəzetlərdə, sosial şə­bəkələrdə yer almışdı. Onlardan bəzilərini burada təqdim etməyi məsləhət bildim:

Əflatun Amaşov, tələbəlik yoldaşı:

– İlham Abbasov mənim üçün, ilk növ­bədə, əsl dost idi. Tələbəliyimin qazandır­dığı dost. İnsanı sözdən deyil, baxışdan, duruşdan, adi bir mimikadan anlayan dost. O dostluğa dəyər vermənin nümunəsi idi. Fikrimcə, bir insanın malik ola biləcəyi ən böyük status elə budur. 

Digər tərəfdən, İlham mərdlik və cə­sarət nümunəsi idi. Bir dəfə də görmədim ki, o, boğazdanyuxarı söz danışsın, nəyə görəsə kimisə tərifləsin, yaxud pisləsin. Onun tərifində də, tənqidində də məna yükü var idi. Sözü heç zaman boş yerə deməzdi. Heç nəyi şəxsiləşdirməzdi. Bu cəhətləri İlhamı prinsipial insan kimi xarakterizə et­məyə imkan verir.

İlham Abbasov yüksək istedad və savad sahibi idi. Hesab edirəm ki, onun istedadı­nın və savadının qayəsində söz dayanırdı. O, özündə sözə dəyər vermənin, ana dili­mizə sevginin xarizmatik obrazını canlan­dırırdı. Hər fikrində, hər sözündə dilimizin böyüklüyünü yaşadırdı. Ona qulaq asanda dilimizin zənginliyi özünü o qədər fərqli və ifadəli çalarlarla göstərirdi ki, hərdən hey­rətlənirdim də. 

İlham Abbasovun yoxluğu mənim kimi dostları, həmkarları, onu tanıyan hər kəs üçün son dərəcə böyük itkidir. Nur içində yatsın!

Rəşad Məcid, Mətbuat Şurasının sədri:

– Azərbaycan Mətbuat Şurasının dil üzrə eksperti olan İlham Abbasov ölkə me­diasında ana dili normalarına əməl olunma­sı ilə bağlı davamlı monitorinqlər aparılma­sına rəhbərlik edən, dil qanunvericiliyi və ədəbi redaktə sahəsində metodik-tövsiyə vasitələri hazırlayıb nəşr etdirmişdi. Tələ­bəlik illərindən ölkənin ədəbi mühiti ilə sıx əlaqədə olan İlham Abbasov Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid bölməsinin fəaliyyətində də yaxından iştirak etmiş, yet­kin ədəbiyyatşünas, nadir söz xiridarı kimi tanınmışdı. Onun ədəbi-bədii nəşrlərdəki çıxışları daim böyük maraqla qarşılanırdı. İlhamın qəfil ölümü elm, təhsil və jurnalis­tikamız üçün ağır itki oldu.

Oktay Bayramov, iş yoldaşı: 

– İlham Abbasov bir müəllim kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetin­də həmkarı və yaxın dostu Mətləb Nağının “Yaşamaq istəyirdim…” kitabının da tərtib­çisi və redaktoru olub. Bu iki istedad sahibi­nin tez-tez redaksiyada birgə fəaliyyətinin, maraqlı müzakirələrinin, çılğın mübahisələ­rinin dəfələrlə şahidi olmuşam. 

Dünyadan vaxtsız köçmüş görkəmli şair və ədəbiyyatşünas alim M.Nağının unudul­maz xatirəsinə həsr edilən kitabda toplan­mış lirik və satirik şeirlər, tərcümələr, elmi məqalə və müsahibələr, onun poeziyasının müxtəlif cəhətlərini əks etdirən araşdırma­lar, haqqında yazılmış xatirələr, həyatının müxtəlif anlarını əbədiləşdirən fotoşəkillər müəllifin zəngin və çoxcəhətli yaradıcılığı, qısa, amma mənalı ömür yolu haqqında dol­ğun təsəvvür yaradır.

İttifaq Mirzəbəyli, iş yoldaşı: 

– O yerə İlham Abbasovla ikimiz gəl­miş və “Salam, “Sarı qaya”, Məmmədsiz məkan, sözünün, sovunun Mətləbi hanı?” – deyə soruşmuşduq. İlham Adil Qaçayoğlunu, mən Akif Səmədi yada salmışdım. İlham Ağamalı Sadiqi, mən Hüseyn Əfən­dini xatırlamışdım. Həmin gün orada İl­hamdan çox bədbin bir ifadə eşitmişdim: Qorx ki, Məmmədin 65 yaşında bura tək gələsən... Gələn ayın sonunda Məmməd Nazimoğlunun 65 yaşı tamam olacaq.

Zərifə Bəşirqızı, iş yoldaşı:

– Yaxşı yadımdadır, dostu Mətləb Nağı rəhmətə gedəndə gəldi, xeyli dərdləşdik.. "Bir-bir dostlarım gedir– Mahal getdi, Məmməd getdi, Hüseyn getdi, indi də Mət­ləb..." Zarafatla dedim ki, "adam öləndə də, sənin kimi dostu qala, vay o günə ki, hamı gedə, sən qalasan". 

İlham müəllimdə bir xarakter vardı. Həyatdan köçən dostlarının ad günündə də, anım günlərində də mütləq onların məzarını ziyarətə gedir, ya da əli çatmayanda, digər yoldaşları ilə yığışıb xatirəsini anırdılar. 

Hamlet Qasımov, iş yoldaşı: 

– Ona mən həmişə bir şəxsiyyət kimi baxmışam: oturuşunu-duruşunu bilən, qey­bətdən, dedi-qodudan uzaq, ciddi, istənilən mövzuda söhbət aparmağı bacaran ziyalı, gözü-könlü tox jurnalist, necə deyərlər, bə­ziləri kimi həlləm-qəlləm işlərlə arası yox, dərvişlikdən tamamilə uzaq, yaradıcı bir in­san olduğu üçün.

***

Çox olmaz, haradasa, iki ayın söhbə­tidir. Günorta vaxtı Sahil bağında onunla rastlaşdım. Ağır-ağır yeriyirdi. Halı heç xoşuma gəlmədi. Bununla belə şikayətlən­mədi. 

Bəs, köhnə məkana (redaksiyanı nəzər­də tutdum) niyə gəlmirsən? – soruşdum.

– Əvvəlki heyim qalmayıb, – deyərək xəfifcə gülümsündü.

Soruşdum:

– İndi hara gedirsən?

– Metroya, “Həzi Aslanov”dan da evə…

– Bəlkə bir taksi saxlayım?

– Ehtiyac yoxdur– dedi və mənim nara­hatlığımı sezərək bir qədər də ayaq saxladı. 

Dədəmiz Qorqud necə deyib:

Hanı dediyim bəy ərənlər?

“Dünya mənimdir” deyənlər?!

Əcəl aldı, yer gizlədi.

Fani dünya kimə qaldı?

Sonra əlavə etdi ki, rəhmətlik Əzizxan Tanrıverdiyev “Kitabi-Dədə Qorqud”u çox yaxşı tədqiq eləmişdi. İnanmıram, hətta, in­dən belə də kimsə o eposu o səviyyədə araş­dırsın. Allah Əzizxana rəhmət eləsin!– dedi və yavaş-yavaş metronun “Sahil” stansiya­sına tərəf yönəldi. Mən də İlham müəllimin yerişinə uyğun yavaş-yavaş gedərək stansi­yanın eskalatoru ilə yerin altına düşənə qə­dər onu müşayiət elədim…

…Acı xəbəri eşidəndən sonra istər-istəməz İlham müəllimin son dəfə Dədə Qorquddan söylədiyi şeirin son misralarını pıçıldadım: 

Gəlimli-gedimli dünya,
Bir ucu ölümlü dünya!

Allah rəhmət eləsin! 

Qüdrət PİRİYEV
XQ

Sosial həyat