Türk xalqlarının ortaq əlifbasının həyata vəsiqə alması Türk dünyasının hər yerində böyük sevinc və məmnunluqla qarşılanıb. Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı və Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce mediaya açıqlamasında bildirib:
– Hər mədəniyyətin təməli dil, dilin təməli isə hərfdir. Bu baxımdan ortaq əlifba ortaq mədəni irsimizin ən vacib hissələrindən olan ədəbiyyatımızın xalqlarımızın hər bir fərdi tərəfindən rahatlıqla oxunub öyrənməsinin də təməlidir ki, bu da qeyd olunan inteqrasiyanın əsasını təşkil edir. Bu baxımdan Türk dünyasında ortaq əlifbanın qəbulu ilə bağlı fəaliyyət ortaq dil və mədəniyyətlərimizin daha da yaxınlaşması baxımından olduqca mühüm layihədir.
Ortaq əlifbanın mənimsənilməsi türk xalqları arasında əlaqəni gücləndirəcək və ortaq mədəni dəyərlərin qorunmasına xidmət edəcək. Bu, həm də SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan və daima birliyimiz uğrunda mübarizə aparan türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək.
Ümumiyyətlə, ortaq əlifbanın qəbulu TDT-nin xalqlarımız arasında uzun illər hər sahə üzrə qopmuş əlaqələrin sürətli bərpası istiqamətində atdığı mühüm addımlardan biri oldu. Ortaq türk əlifbası hərtərəfli ortaqlaşmanı sürətləndirəcək.
XQ