Qardaş Türkiyə Azərbaycanda seçkiləri davamlı izləyir

post-img

Türkiyənin Ege Universitetinin professoru, Türk Dünyası Araşdırmalar İnstitutunun direktoru Fikrət Türkmənin “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibəsi

– Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçi­riləcək. Bu seçkilərin həm Azərbaycan, həm də regional siyasət üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Hazırda dünyada siyasi tarazlıqlar xeyli pozulub. Münaqişələr nəinki sən­gimir, əksinə, daha da alovlanır. Bundan əlavə, bəşəriyyəti narahat edən iqlim də­yişməsi problemi ilə üz-üzəyik. Yəni dün­yanı narahat edən problemlər çoxalmaqda­dır. Belə bir məqamda güclü olmaq üçün dövlətlərin öz strukturlarını möhkəmlən­dirməsi artıq zamanın şərtinə çevrilib. Bu baxımdan Azərbaycanın erkən parlament seçkilərinə getməsi dövlət olaraq müəyyən qərarlar verərkən daha dolğun, daha dəqiq addımlar atmaq və daha güclü dövlət ola­raq bu problemlərdən yan keçməyə əsas­lanır.

– Azərbaycan ilk dəfədir ki, parla­ment seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbayca­nın tarixində bir ilkdir. Bununla bağlı mövqeyinizi bilmək istərdik.

– Bu, qardaş Azərbaycanın siyasi ta­rixində olduqca mühüm hadisədir. Çünki 30 ilə yaxın idi ki, işğal olunmuş ərazilərdə heç bir seçki keçirilmirdi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini düşmən işğalından azad etdi. Bu gün isə orada seçki prosesi həyata keçirilir. Geri qayıdan bir sıra məcburi köçkünlərin səs verməsi üçün şərait yaradılır. Əvvəlki illər­də o torpaqların sakinləri ölkənin müxtəlif yerlərində səs verirdilər. İndi isə gözəl Şu­şada, Laçında, işğaldan azad edilmiş digər ərazilərdə seçkilər keçiriləcək. Bu, tarixin mühüm bir parçasıdır.

– Azərbaycanın gələcəyi, siyasi mən­zərəsi və iqtisadi inkişafı üçün bu seç­kilərin vacibliyi barədə nə deyə bilərsi­niz?

– Zənnimcə, yeni parlament yeniləşən dövrün tələblərinə daha yaxşı cavab verə­cək. Orada təmsil olunan deputatlar da xalqın seçdiyi, dəyərləndirdiyi şəxslər ola­caq. Bundan əlavə, yeni parlamentdə milli ruhlu, türk dünyasına xidmət edən siyasət­çilərimizi də görmək istərdim.

Anar ƏLİ
XQ

Müsahibə