Avqustun 27-də Baş prokuror Kamran Əliyev Şəki Rayon Prokurorluğunda Şəki, Oğuz rayon, Mingəçevir şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 39 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib və “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub.
***
Həmin gün Şəkidə “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Baş prokuror Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən titanik fəaliyyətdən bəhs edib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi sayəsində ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını qeyd edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Şəki şəhəri ərazisində də davam etdirildiyini qeyd edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.
Konfransda mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
***
Dünən Şəki Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Kamran Əliyev açılış mərasimində iştirak edib.
Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
XQ