“Otuz ildir ki, bu günü gözləyirdik”

post-img

Müsahibimiz 125 saylı Zəngilan–Qubadlı dairə seçki komissiyasının sədri Əli Mönsümovdur

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərə sayılı günlər qalıb. Hazırda prosesin namizədlər üçün gərgin mərhələsi – təbliğat-təşviqat dövrüdür. Eyni zamanda, bu seçkilər torpaqlarımızın işğaldan azad olunmasından və suverenliyimizin bərpasından sonra keçirilən ilk parlament seçkiləri olması baxımından da mühüm əhəmiyyətə malikdir. Dairə seçki komissiyalarının sədrləri ilə silsilə müsahibələrimiz çərçivəsində bu dəfə 125 saylı Zəngilan–Qubadlı dairə seçki komissiyasının sədri Əli Mönsümovla həmsöhbət olduq.

– Əli müəllim, 125 saylı Zəngilan–Qubadlı seçki dairəsində parlament seçkilərinə hazırlıq prosesi necə gedir?

– Dairə seçki komissiyasında seçkilərə hazırlıq prosesi öz qaydasındadır. Biz 125 saylı DSK olaraq seçkilərə hazır vəziyyətdəyik. Məlumat üçün bildirim ki, 125 saylı DSK-nın 64 daimi seçki məntəqəsi var. Üç məntəqə isə qapalı məntəqələrdir. Yəni, onlar hərbi hissələrdə yaradılıb. Məntəqələrdən beşi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Onlardan dördü Zəngilan, biri isə Qubadlı rayonunun ərazisindədir. Həmin məntəqələrdən birini biz fevralın 7-də keçirilən prezident seçkilərindən sonra təşkil etmişik. Söhbət Zəngilan şəhərinin mərkəzindəki Zəngilan Konqres Mərkəzi Kompleksində yerləşən 64 saylı məntəqədən gedir. Bu, bizim təşkil etdiyimiz sonuncu seçki məntəqəsi olub. Qalan məntəqələrin əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunun ərazisində yerləşir. Həmçinin, Hacıqabul, Sabirabad, Şirvan və Gəncə şəhərlərinin hərəsində bir məntəqəmiz var.

Məntəqələrdə seçkiyə hazırlıq prosesi, demək olar ki, başa çatıb. Seçici siyahıları çapdan çıxıb paylanılıb. Onlar lazım olan avadanlıqla təmin olunublar. Məntəqələri səsvermə kabinələri, parçalar, təşviqat və tanınma lövhələri, daşınan və daşınmaz seçki qutuları, bir sözlə seçkiyə aid hansı inventar varsa, onlarla təmin etmişik. Artıq bildirişlər yazılır, paylanılır. Yəni, səsvermənin gedişatı üçün nə lazımdırsa, hamısı olunub.

– Dairə üzrə seçki məntəqələrinin respublikanın müxtəlif rayon və şəhərlərində yerləşməsi hansı çətinlikləri yaradır?

– Çətinlik var. Ancaq çalışırıq ki, çətinliyin öhdəsindən gələk. Çətinliklərə misal olaraq müxtəlif rayon və şəhərlərdə yerləşən məntəqələrə avadanlıqların, seçki materiallarının çatdırılmasının göstərmək olar. Çatdırılma işini ya DSK olaraq özümüz, qüvvəmiz hesabına, ya da digər strukturların köməyi və onların nəqliyyat vasitələri ilə həyata keçiririk. Buna baxmayaraq, seçkinin qanunvericiliyin tələbələrinə uyğun keçirilməsi üçün nə lazımdırsa, edirik.

– Seçicilərin sayı nə qədərdir?

– Daimi seçicilərin sayı 56 min 391 nəfərdir. Eyni zamanda, hərbi hissələrdəki məntəqələrdə də səs verəcək seçicilər var.

– Deputat mandatı yarışına neçə nəfər qatılmışdı və neçəsi hazırda prosesi davam etdirir?

– Seçkidə iştirak üçün, ümumilikdə, 17 nəfər müraciət etmişdi. Onlardan 6 nəfəri öz təşəbbüsü ilə namizədliyini geri götürdü. İki nəfər isə imza vərəqələrini və nаmizədin qeydə alınması üçün zəruri olan digər seçki sənədlərini dairə seçki komissiyasına təyin olunmuş vaxtda, yəni 2024-cü il avqustun 2-si saat 18:00-dək təhvil vermədikləri üçün onların namizədliyinin qeydə alınmasında imtina edildi. Beləliklə, 9 nəfərin namizədliyi qeydə alınmışdı. Üç gün bundan öncə bir nəfər də namizədliyini geri götürdü. Hazırda dairə üzrə 8 nəfər qeydə alınmış namizəd var. Yeri gəlmişkən, qeyd edim ki, Seçki Məcəlləsinə görə, namizəd səsvermə gününə 10 gün qalanadək namizədliyini geri götürə bilər.

Qeydə alınmış namizədlərdən ikisi Yeni Azərbaycan Partiyası və Müsavat Partiyası olmaqla siyasi partiyaları təmsil edirlər. Altı namizəd isə bitərəfdir və öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər.

– Hazırda seçkiqabağı təbliğat-təşviqat dövrüdür. Dairə ərazisində bu iş necə aparılır?

– Namizədlərin təbliğat-təşviqatını aparmaq üçün dairə üzrə 18 açıq və 16 qapalı olmaqla 34 məkan ayrılıb. Siyahı Mərkəzi Seçki Komissiyasının saytında da yerləşdirilib. Eyni zamanda, biz həmin siyahını məlumat lövhəmizdə yerləşdirmişik. İstənilən namizəd onunla tanış ola bilir. Bu məsələdə heç bir problem yoxdur.

– Bütövlükdə, seçki yarışına maraq necədir?

– Maraq böyükdür. Seçkiyə qatılan namizədlərin sayının çoxluğu da bunun göstəricisidir. Eyni zamanda, namizədlər sərbəst şəkildə öz görüşlərini keçirirlər. Heç bir məhdudiyyət yoxdur. Hansısa namizədə üstünlük vermək, yaxud digər namizədə mane olmaq cəhdləri olmayb və ola da bilməz. Bu, yolverilməzdir. Seçkiqabağı təşviqat aparmaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb. Namizədlər tam sərbəst şəkildə, qanunvericiliyin tələblərinə uyğun şəkildə öz təbliğatlarını aparırlar.

– Dairə üzrə ən yaşlı və ən cavan seçicilərin sayı nə qədərdir?

– Yaşı yüzdən yuxarı olan iki seçicimiz var. Onlardan İsmayılova Telli Mehdi qızının 111 yaşı var – 1913-cü ildə dünyaya gəlib. Əgər yaşı yüzdən yuxarı olan seçicilərin sağlamlıq durumu yaxşı olarsa, onlar özləri gəlib səs verəcəklər. Sağlamlıq durumu imkan verməyəcəyi təqdirdə o zaman onların evlərinə daşınan seçki qutusu aparılacaq.

Dairə üzrə ilk dəfə səs verəcək seçicilərin sayı 783 nəfərdir.

– Müşahidəçilərin də sayını bilmək istərdik...

– İndiyədək qeydiyyatdan keçən müşahidəçilərin sayı 773 nəfərdir. Onlardan 325 nəfəri öz təşəbbüsü ilə, 448 nəfəri isə siyasi partiyaları təmsil edir. Məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sayı isə 65 nəfərdir.

– 125 saylı DSK-nın işğaldan azad edildikdən sonra Zəngilan və Qubadlı rayonlarında yaratdığı seçki məntəqələri, orada seçki prosesinin təşkili ilə bağlı ətraflı məlumat verməyinizi istərdik...

– 2020-ci ildə Vətən müharibəsindəki tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə qeyd etdiyim kimi, 125 saylı dairə üzrə 5 seçki məntəqəsi yaratmışıq. Bunlar Zəngilan rayonunun Ağalı kəndindəki orta məktəb binasında yaradılan 33, Birinci Alıbəyli kəndindəki “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin ərazisində yaradılan 61, İranla həmsərhəd ərazidə, Zəngəzur dəhlizinin üzərində yerləşən Ağbənd qəsəbəsində təşkil olunan “Kalyon” yol tikintisi şirkətinin inzibati binasında təşkil olunan 62, Qubadlı rayonunun Xanlıq kəndində “Polat Yol Yapı” şirkətinin inzibati binasında təşkil olunan 63 və yenə Zəngilan rayonunun mərkəzində yaratdığımız 64 saylı seçki məntəqələridir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində bu məntəqələrdə seçici fəallığı çox yüksək olub. Orada həm işləyən vətəndaşlar, eyni zamanda Ağalı kimi məskunlaşdırılmış, daimi seçicilərin olduğu kəndlər var. Mən əminəm ki, bu seçkidə də orada yüksək fəallıq olacaq. Hamı sərbəst şəkildə gəlib istədiyi namizədə səs verəcək.

– Parlament seçkilərinin Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və ötən il suverenliyin tam bərpa edilməsindən sonra qanunverici orqana ilk dəfə keçirilən seçkilər olması barədə də fikirlərinizi eşitmək maraqlı olardı...

– Vətən müharibəsindən sonra bütün Azərbaycan xalqında, o cümlədən işğaldan azad olunmuş rayonların əhalisi arasında böyük ruh yüksəkliyi yaranıb. Seçici fəallığı isə bizdə hər zaman yüksək olub. Yəqin ki, bu seçkidə də yüksək olacaq və hər kəs gəlib istədiyi namizədə sərbəst şəkildə öz səsini verəcək. Artıq qeyd etdiyim kimi, prezident seçkilərində çox böyük fəallıq qeydə alınmışdı. Əminəm ki, seçkilər tam şəffaf, azad və ədalətli şəkildə keçiriləcək. Seçicilərə istədiyi namizədə səs verməsi üçün şərait yaradılacaq.

Mən bir vətəndaş və Zəngilan rayonunun sakini kimi də işğaldan azad edilmiş ərazilərdə ilk dəfə parlament seçkilərinin keçirilməsini, əlbəttə, çox yüksək qiymətləndirirəm. Hamımızın ürəyincədir ki, bu seçkilər Azərbaycanın bütün ərazisində, işğal faktının aradan qaldırılması və suverenliyimizin tam bərpa olunması şəraitində keçirilir. Hamı bilir ki, biz az qala 30 ildir ki, bu günü gözləyirdik. Arzumuz torpaqlarımızın işğaldan azad olunması, gedib öz rayonumuzda məskunlaşmaq və istər prezident, istərsə, parlament, istərsə də bələdiyyə seçkilərində və referendumda səs vermək idi. Bu gün həmin arzumuz həyata keçir. Bu, ağla sığmayan dərəcədə fəxarətdir. Cənab Prezident, Ali Baş Komnandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Hamı çox böyük həvəslə seçkilərə gedir. Bu, bizim 30 illik arzumuz idi.

Onu da deyim ki, 125 saylı DSK-nın binası hələlik Bakıda, Nərimanov rayonunda yerləşir. Arzu edirik ki, dairə seçki komissiyası da tezliklə Zəngilan və ya Qubadlı rayonuna köçürülsün. Biz bununla bağlı təşəbbüs qaldırmışq. İnşallah, növbəti seçkiləri dairə seçki komissiyasının inzibati binasının Zəngilanda və ya Qubadlıda yerləşməsi şəraitində təşkil edəcəyik.

Səxavət HƏMİD 
XQ

 

Müsahibə