Rəşad Məcid: Media “qara piar” alətinə çevrilməməlidir

post-img

Mətbuat Şurasının sədri Rəşad Məcid “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında deyib ki, suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq Milli Məclisə seçkilərin media tərəfindən obyektiv işıqlandırılması zəruridir: “Jurnalistlərimizin qanunvericiliyin tələblərinə uyğun davranması demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə vermək baxımından son dərəcə vacibdir. Seçki prosesinin taleyüklülüyü və ciddiliyi nəzərə alınmalı, məsələlərə peşəkar yanaşma sərgilənməlidir”.

Mətbuat Şurasının seçki prosesindəki rolu barədə fikirlərini bölüşən R.Məcid bu zaman iki ənənəvi xətti əsas götürdüklərini vurğuladı: “Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyətdir. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm yayımlanan media subyektlərinin materiallarına diqqət yetirməkdədir, mütəmadi monitorinqlər həyata keçirilir. Bu mənada sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlər və ya məlumatlar media və jurnalistlər üçün xəbərə çevrilir. Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir – bu olduqca vacib bir məsələdir. Media “qara piar” alətinə çevrilməməlidir”.

Seçki günü MŞ-da “Qaynar xətt”in fəaliyyət göstərəcəyini bildirən sədr bu ənənənin 2005-ci ildən başladığını və davam etdirildiyini, prosesi işıqlandıracaq jurnalistlərə ortaya çıxa biləcək hər hansı bir məsələ ilə bağlı həmin nömrələrlə əlaqə saxlamalarını məsləhət bildi.

Son xəbərlər