Haylar odla oynayırlar

post-img

İrəvan sülhdən yayınmaq üçün hətta ATƏT-in Minsk qrupunu “diriltməyə” çalışır

“ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqu qəbul edərkən bildirmişdi. 

Dövlətimizin başçısı qeyd etmişdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davamına xidmət göstərmişdir. 

Artıq Ermənistan–Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını vurğulayan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğvinin vaxtının çatdığını məhz buna görə bildirmişdi. Dövlətimizin başçısı əlavə etmişdi ki, ölkəmiz bu məsələni qaldırıb və Ermənistan tərəfinin də razılığı üçün hər hansı səbəb görmür. Ancaq Ermənistanın xarici işlər nazirliyindən “Azatutyun” radiostansiyasına bildirilmişdir ki, rəsmi İrəvan Bakının təklifini qəbul etmir. Nəinki qəbul etmir, eyni zamanda, canını tapşırmış ATƏT-in Minsk qrupunun “dirilməsində” maraqlıdır. 

Əslində, həm Prezident İlham Əliyev, həm də ölkəmizin digər təmsilçiləri ATƏT-in Minsk qrupunun rəsmən ləğvini, bunun üçün Azərbaycanla Ermənistanın müştərək müraciəti məsələsini heç də elə-belədən irəli sürmürlər. Belə bir təsisatın kağız üzərində olsa da qalması, istər-istəməz keçmişə köklənmək üçün əsas yaradır. O keçmişə ki, onun ayrı-ayrı elementlərini dövlətimizin başçısının fikirlərində gördük. O keçmişdə Qarabağın hansısa şəkildə mübahisələndirilməsi istəkləri var idi. Məlum olduğu kimi, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla aparılan danışıqlar prosesində bölgə ilə bağlı, onun ölkəmizin tərkibində qalması şərtilə, müəyyən kompromislərə hazır olduğunu açıqlamışdı. 

Ancaq rəsmi İrəvan bununla razılaşmamış, nəinki Qarabağı, eləcə də digər işğal edilmiş torpaqlarımızı əsarətdə saxlamışdı. Ən əsası isə Minsk qrupu özünün fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə əsarətin leqallaşmasına çalışmışdı. Qurum, faktiki olaraq, erməni planlarının icraçısı rolunu oynamışdı. Erməni başbilənlərin strategiyasına görə, münaqişənin həlli uzandıqca, Qarabağ və işğal olunmuş digər ərazilər məsələsi gündəmdən çıxmalı idi. Yəni, onlar nəsillərin dəyişməsinə siyasi və mənəvi sərmayə yatırmışdılar. ATƏT-in Minsk qrupu da məhz belə bir mənfur niyyətli sərmayə kimi ortada olmuşdu. 

Bəli, ATƏT-in Minsk qrupu formatının mövcudluğu psixoloji anlamda Qarabağ münaqişəsinin, o cümlədən, Azərbaycanla Ermənistan arasında konfliktin hələ də həllini tapmadığı deməkdir. Halbuki, belə bir durum yoxdur. Çünki Prezident İlham ­Əliyevin də ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən vurğuladığı kimi, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. 

Onu da ayrıca vurğulayaq ki, 44 günlük müharibədən sonra da ölkəmiz nəyə nail olubsa, bunu sırf öz iradəsinə, qətiyyətinə və prinsipiallığına söykənərək edib. Dünyanın heç bir sözdə aparıcı olan, özünün mütərəqqi qələmə verən beynəlxalq təsisatı haqq işimizə əməli dəstək verməyib. Nəinki dəstək verməyib, hətta ermənipərəstlik göstərərək, maneçilik törətməyə çalışıb. 

Nəhayət, Azərbaycanın qətiyyəti və prinsipiallığının nəticəsidir ki, bu gün Ermənistan məcburiyyət qarşısında qalsa da, səmimiyyətdən uzaq olsa da, sülh yoluna çıxıb. Ancaq göründüyü kimi, yenə siyasi manipulyasiyalarından əl çəkmir. Ermənistan XİN-in Bakı–İrəvan barış sazişinin imzalanması xüsusundakı danışıqların davamının ATƏT-in Minsk qrupu çərçivəsində aparılmasına dair mövqeyi də siyasi manipulyasiya cəhdindən başqa bir şey deyil. Sən demə, bu təsisata təmasların hərtərəfliliyi baxımından müraciət edilə bilərmiş. Bu, tam absurd yanaşmadır. 

Qeyd edək ki, Azərbaycanın Minsk qrupu formatına etirazı bir yana, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin iyununda ölkə parlamentinin iclasındakı çıxışında bildirmişdi ki, sözügedən təsisat fəaliyyətini de-fakto dayandırıb. 2022-ci ilin fevralında Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ünsiyyət yoxdur. İndi görəsən nə dəyişib? Heç nə! 

Əslində, Ermənistanın manipulyativ davranışlarında da dəyişən heç bir element yoxdur. Bu, şübhəsiz ki, sülh prosesinə zərərdir. Çünki prosesin elan edilmiş bəlli sistematikası mövcuddur. Ölkəmizin iradəsinə qarşı çıxmaq hər zaman olduğu kimi, yenə də Ermənistana hansısa dividend gətirməyəcək. Ölmüş ATƏT-in Minsk qrupunu diriltmək istəkləri isə tam mənasızdır. Bu, İrəvanın odla oynaması deməkdir. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət